Seyid Əhməd Arslan: “Ölkəmdə baş verənlərə üzülürəm”

Son bir neçə gündür dünyanın diqqəti Türkiyəyə - İstanbuldakı Taksim meydanında baş verən qarşıdurmaya - “Gəzi parkı olayları”na yönəlib. Bu hadisələr Türkiyənin siyasi-ictimai həyatı kimi, turizm sektorunda da öz izini qoyub. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan Modern.az saytına müsahibəsində bu sahədəki hazırkı durumu dəyərləndirib.
– Türkiyə hər şeydən öncə turizm ölkəsidir. Dünyada ən tanınmış turizm faktorlarından biri kimi hətta, ilk onluğun 6-cı sırasını işğal edib. Təbii ki, baş verən hadisələrin turizmə təsirini izləyirik. Çünki dünyanın hər bir yerindən Türkiyəyə axın var. Ölkəmizdə dünyanın bütün rənglərini görmək olar. Hər bir turist getmək istədiyi ölkədə rahatlığın, təhlükəsizliyin olmasını istər. Biz bu sahədə çox dəqiq araşdırma apardıq ki, görək Türkiyədə bu son günlərdə baş verən hadisələrlə bağlı turistlərin axını nə vəziyyətdədir? Nazirliyimizdən bizə gələn rəsmi yazıya görə, dünən axşamkı günə qədər Türkiyəyə bütün tətil hissələrində təhlükəsizliklə bağlı heç bir problem yoxdur. Həmişəki kimi turistlərin aktivliyi müşahidə olunur. Bu günə qədər hava limanında hər hansı təxirəsalma hadisəsi yaşanmadı. Mədəniyyət və Turizm Nazirliyi olaraq qonaqlarımızın çox rahat şəkildə axınını görürük. Hər kəs könül rahatlığı ilə tətilini keçirir. Tətil etmək qərarını vermək istəyənlər arasında belə, həyəcan olmadı.
– Ən çox hansı turizm bölgələrinə axın var?
– Turizm sahəsində Antalya bir markadır. 2012-ci ilin sonunda 32 milyon turistdən 11 milyonu Antalyada olub. Digər yerləri isə Muğla, İzmir, İstanbul tutur.
– Azərbaycandan Türkiyəyə turist axını daha çox hansı yerlərədir?
– Azərbaycanlıları bir yerdə görmək çox çətindir. Çünki azərbaycanlılar özlərini türk vətəndaşı kimi hiss etdiklərindən, eyni millət olduğumuz üçün hərtərəfli rahat istirahət edirlər. Son zamanlar İzmirə üz tutan azərbaycanlıların sayı çoxalıb.
– Bir türk vətəndaşı olaraq ölkənizdə baş verən proseslərə münasibətinizi bilmək istərdik.
– Hər şeydən öncə üzülürəm. Çünki Türkiyə belə bir hadisəyə şahid olmadı. Türkiyə modern, hüquqi, sosial cəhətdən demokratiyanın olduğu bir ölkədir. 2014-cü il bələdiyyə seçkiləri olacaq. Xalq öz seçimini çox rahat şəkildə ortaya qoyacaq. 2015-ci ildə isə prezident seçkiləri keçiriləcək.
İndiki vəziyyətdə Türkiyə demokratik məqsədlə küçələrə çıxmayıb. Əsas tələb İstanbulun mərkəzində - Taksimdəki bir Gəzi parkının park kimi qalması şüardır. Oradakı ağaclar kəsilməsin deyə, gənclər küçələrə axışdı. Artıq onların tələbləri diqqətə alınıb. Ağaclar kəsilməyəcək.
Əgər demokratiya istəyirsə, xalq etirazını seçkilərdə bildirir. Hakimiyyəti bəyənmirsənsə, alternativ olaraq seçki qutusu başında qərarını verirsən. Türkiyədə həmişə problemsiz demokratik seçkilər olub. Bir sözlə, qutudan çıxana razı olmaq lazımdır.
– Rəcəb Tayyib Ərdoğanın deyil, Bülənt Arınc bəyin hadisə ilə əlaqədar xalq qarşısında çıxış etməsi nəyə işarə idi?
– Siyasi mövzular haqqında çox danışmaq istəməzdim. Ərdoğanın Türkiyədə olmamasından hörmətli Bülənt Arınc bəyin dövlət adına açıqlama verməsi normaldır. Çünki sayın Arınc Baş Nazirliyə vəkalət edən namizəddir. Məhz bu səbəbdən o, açıqlama verdi.
– Azərbaycanın bu hadisələrə rəsmi mövqeyi bəllidirmi?
– Təbii ki, Azərbaycanın mövqeyi bəllidir. Türkiyənin ayağına tikan batarsa, bu Azərbaycanı üzər. Atatürkün dediyi kimi, Azərbaycanın sevinci bizim sevincimizdir, Azərbaycanın kədəri bizim kədərimizdir. Hər iki dövlətin mövqeyi eynidir, bir-birinə qarşı müxalif mövqedə olmaları mümkünsüzdür.
Namidə Bingöl