
“Çox güman ki, Rüstən müəllimin prezident seçkilərində namizədliyi irəli sürüləcək, özü də buna razılıq verəcək”. Bu fikirləri Modern.az-a eksklüziv açıqlamasında Milli Şuranın əsas təşəbbüskarlarından olan, “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev bildirib.
“El” rəsmisi qeyd edib ki, Milli Şurada təmsil olunan bir çox siyasi liderlər artıq Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyirlər.
“Təbii ki, fikir müxtəlifliyi var. Milli Şuranın yaranmasına iştirak edənlərin hər biri, vahid namizədliyə layiq olan siyasi liderlərin tam əksəriyyəti Rüstəm İbrahimbəyovun namizədliyini qəbul edirlər.
Rüstəm İbrahimbəyov sosial şifariş olarsa, çox çətin məsuliyyəti öz üzəriə götürəcək. Çox güman ki, Rüstən müəllimin namizədliyi irəli sürüləcək, özü də razılıq verəcək. Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyən liderlərin özləri də seçkilərdə çox şanslıdırlar. Milli Şura formatı partiya siyasətindən forma və məzmununa görə fərqlənməlidir. Bu baxımdan Rüstəm İbrahimbəyovun namizədliyi daha məqsədəuyğundur”-deyə E.Quliyev bildirib.
E.Quliyev daha sonra Milli Şuranın ilk iclasının iyunun 7-də Yeni Azərbaycan Partiyasının qurultayının keçiriləcəyi gündə keçirilməsindən danışıb. “El” funksioneri ilk iclaslarının YAP-ın qurultayı ilə eyni günə düşməsinin təsadüf olduğunu deyib:
“Milli Şuranın ilk iclasının YAP-ın qurultayı ilə eyni vaxta düşməsi sırf təsadüfdür. Məndə olan məlumata görə, ilk iclasda bəyannamə və Milli Şuranın siyahısı elan olunacaq. Bundan əlavə Mill Şuranın iclasında digər sənədlər müzakirə olunacaq”.
E.Quliyev daha sonra Milli Şurada təmsil olunan müxalifət partiyalarının təmsilçilik sayına görə yaranan narazılıqlara münasibət bildirib.
“Mən qeyd edim ki, “El” hərəkatı AXCP və Müsavat Partiyalarında az insanla Milli Şurada təmsil olunacaq. Burada bir məqamı hamı dərk eləməlidir ki, Milli Şurada qərarlar çoxluqla səsverməy yolu ilə qəbul olunacaq. Ola bilsin ki, hansısa partiyanın təmsilçisi digərlərindən bir neçə nəfər çox olsun. Bu hər şeyi həll eləmir”.
Milli Şurada Ziyalılar Forumunun üzvlərinin iştirak məsələsinə aydınlıq gətirən E.Quliyev bir neçə ziyalının bilərəkdən şurada təmsil olunmayacağını bəyan edib.
“Ziyalılar Forumundan da Milli Şurada təmsil olunanlar olacaq. Demək olar ki, bir neçə nəfəri çıxmaq şərti ilə Ziyalılar Forumunun tam əksəriyyəti Milli Şurada təmsil olunurlar. Bir neçə tanınmış adamın Milli Şurada təmsil olunmaması da məqsədli şəkildə olub”.
Anar RÜSTƏMOV