Modern.az

Elçibəyə güzəştə getməyən İsa Qəmbər Rüstəm İbrahimbəyova görə niyə geri çəkilir?

Elçibəyə güzəştə getməyən İsa Qəmbər Rüstəm İbrahimbəyova görə niyə geri çəkilir?

Ölkə

8 İyun 2013, 15:56

Müxalifət düşərgəsinin 28 May – Respublika günündə elan etdiyi Milli Şuranın ilk iclası nəhayət ki, baş tutdu. Tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov İsa Qəmbər, Əli Kərimli, Lalə Şövkət, Rəsul Quliyev kimi iddialı müxalifət liderlərinin qoşulduğu Milli Şuranın sədri seçildi. Bu hadisə siyasi arenada birmənalı qarşılanmadı. Ancaq qərar qəbul edilib. Məşhur kino rejissoru Rüstəm İbrahimbəyov Azərbaycan tarixinə adını yazdıran liderlərə sədrlik edəcək.

Maraqlı məqam isə odur ki, Rüstəm İbrahimbəyovun sədr olması Müsavat başqanı İsa Qəmbər tərəfindən təklif edilib.

Niyə qos-qocaman müxalifət liderləri “yağışdan” qorunmaq üçün mədəniyyət xadiminin çətiri altına toplandılar? Bu sual siyasətçidən tutmuş, adi vətəndaşadək hər kəsi düşündürür.

Bir neçə ay əvvəl müxalifət lideri İsa Qəmbərin prezidentliyə vahid namizədliyi üzərində müzakirə gedirdisə, indi Rüstəm İbrahibəyovun vahid namizədliyi prioritetdir. Hətta Milli Şuranın dünənki iclasında R.İbrahimbəyovun müxalifətin vahid namizədi olması ilə bağlı səs-küylü müzakirələr də oldu.

Politoloq, "Atlas" Araşdırmalar Məkəzinin sədri  Elxan Şahinoğlu Modern.az saytına açıqlamasında İsa Qəmbərin nə üçün geri çəkilməsinin ehtimal olunan səbəblərindən danışıb. Onun fikricə, İsa Qəmbər prezidentlikdə iddialı olsa da inkidi durumda geri çəkilmək məcburiyyətindədir.

“Rüstəm İbrahimbəyovun namizədliyi İsa Qəmbərin xeyrinədir”

“Hadisələrin gedişatı onu göstərir ki, müxalifət seçkilərdə vahid namizədlə çıxış edəcək. İsa Qəmbər bir müddət öncə öz namizədliyini irəli sürsə də, indiki durumda bəzi reallıqlar var. Reallıq ondan ibarətdir ki, Milli Şura Rüstəm İbrahimbəyovun ideyasıdır. Bu ideya reallaşdı. Rüstəm İbrahimbəyov bununla da müxalifətin gözündə yüksəldi. O xaricdə tanınmış bir fiqurdur. Təklikdə hakimiyyətə qarşı mübarizə aparmaq partiyalara çətin olacaq.
İkinci maraqlı məqam odur ki, Rüstəm İbrahimbəyov siyasətdən kənar adamdır. Həmçinin onun maliyyəsi var. Kasıb müxalifətin fonunda o, seçki kampaniyasını maliyyələşdirəcək. Rüstəm İbrahimbəyov müvəqqəti prezident olacağını iddia edib. İsa Qəmbər kimi iddialı siyasətçi onun müvəqqəti prezidentliyinə razıdır. Hesab edirəm ki, Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsi indiki durumda bütün siyasətçilərin xeyrinədir”-deyə E.Şahinoğlu siyasi prosesləri şərh edib.

Elçibəyə güzəştə getməyən İsa Qəmbər niyə geri çəkilir?

“İsa Qəmbər 1998-ci ildə Əbülfəz Elçibəyə də güzəştə getmədi. Sual yaranır: indi İsa Qəmbər nə üçün Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyəcək? Bu gün Rüstəm İbrahimbəyovun şansı digərlərindən qat-qat çoxdur. Bunu nəzərə alıb, müxalifət liderləri hakimiyyətin dəyişilməsi üçün onu dəstəkləyə bilərlər. İki ildən sonra hakimiyyət dəyişərsə, meydan da həmin liderlərə qalacaq”.

“İsa Qəmbərin təklifləri yerinə yetirilməzsə, Müsavat Milli Şuranın əsas rəqibinə çevriləcək

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da İsa Qəmbərin Rüstəm İbrahimbəyovun xeyrinə geri çəkilə biləcəyini deyib. Milli Şuranı əsas tənqid hədəfi seçən ADP sədri İsa Qəmbərin geri çəkilməsinin gizli məqamlara söykəndəyini bəyan edib

S.Cəlaloğlun proqnozlarına görə, İsa Qəmbərin təklifləri yerinə yetirilməzsə, Müsavat Milli Şuranın əsas rəqibinə çevriləcək:

“Dünənki iclasda bir daha əmin olduq ki, Milli Şura ilə Müsavat Partiyası arasında razılaşdırılmayan məqamlar var. Xüsusən də Avroatlantik məkana inteqrasiya məsələsi hələ də açıq qalır. Əgər Rüstəm İbrahimbəyov İsa Qəmbərin təklifini qəbul edərsə, Müsavat başqanı seçkilərdə onu dəstəkləyəcək və geri çəkiləcək. Əks təqdirdə İsa Qəmbər nəinki geri çəkiləəck, hətta Milli Şurada qalmayacaq. İsa Qəmbər geri çəkilərsə, o, bu hakimiyyətin dəyişilməsində maraqlı olduğunu sübut edəcək. Belə edərsə, İsa bəy xalqa mesaj verəcək ki, o,  təkcə özü hakimiyyət gəlmək üçün deyil, siyasi birliyin tərəfdarıdır, özünün və partiyasının maraqlarından imtina etmiş olacaq”.

İsa Qəmbər geri çəkilərsə, Müsavat kimi dəstəkləyəcək?

Müsavat başqanının müavini Gülağa Aslanlı prosesləri Modern.az-a belə şərh edib. O bildirib ki, başqan hansı qərarı versə, partiya onu dəstəkləyəcək.  

“İsa Qəmbər dəfələrlə bildirib ki, seçkilərdə iştirak eləmək, qələbə qazanmaq əzmindədir. Amma xalqın tələbi və Azərbaycan dövlətinin mənafeyi naminə İsa bəy başqa bir namizədi dəstəkləyə bilər. Bunu İsa bəy özü də bildirib. Amma həmin namizəd Rüstəm İbrahimbəyov olacaq yoxsa başqası, onu indidən demək mümkün deyil”.

“Hamının əli göydə qalacaq”

Müsavat rəsmisi Rüstəm İbrahimbəyovun mütləq Azərbaycana gəlməli olduğunu vurğulayıb.

“Rüstəm İbrahimbəyov hələ "seçkilərdə iştirak edəcəyəm", "qələbə çalmaq arzusundayam" deməyib. Hələ bunu biz ondan bir dəfə də olsa, eşitməmişik. Rüstəm bəy də başqa bir namizədinin olduğunu deyir. Belə olduğu üçün onun vahid namizədliyi məsələni biz hazır hesab etmirik. Rüstəm bəy özü Azərbaycana gəlməlidir. Burada Azərbaycanın taleyi həll olunur. Bu məsələdə bizim də müəyyən istəklərimiz var. Təbii ki, biz hansı namizədi dəstəkləyəcəyiksə, ondan soruşub, cavabımızı da alacağıq. Vahid namizəd məsələsinə indi qərar vermək tezdir. Hakimiyyətin əlində elə rıçaklar var ki, müxalifətin vahid namizədini elə birinci turda qeydə almaya bilər. Onda hamının əli göydə qalar”-deyə G.Aslanlı partiya adından R.İbrahimbəyov tərəfdarlarına mesajlar göndərib.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı