Modern.az

Türkiyə ordusu: Dünyəvi-dinçi savaşında artıq kənar müşahidəçi - Şərh

Türkiyə ordusu: Dünyəvi-dinçi savaşında artıq kənar müşahidəçi - Şərh

Ölkə

12 İyun 2013, 14:03


Hər bir dövlətin güclü və dayanıqlı olmasında həmin ölkənin ordusu əhəmiyyətli rol oynayır. Silahlı qüvvələr dövlətlərin onurğa sütunu olmaqla yanaşı, bəzən daxili siyasi məsələlərdə həlledici gücə malik qüvvə kimi meydana çıxır və birbaşa olaraq hakimiyyəti ələ keçirməkdə iştirak edir. Yaxın tarixə nəzərə salsaq görərik ki, dünya miqyasında ordu hakimiyyəti mənimsəməyə və hərbi idarəetmə rejimi yaratmağa qadirdir. Bu baxımdan Türkiyənin yaxın keçmişində siyasi arenasında baş vermiş ordu-hakimiyyət qarşıdurması da maraq doğurur.

Niyə Türkiyə?

Bir neçə gündür Türkiyənin Taksim meydanında Gəzi parkının sökülməsinə etiraz əlaməti olaraq əhali hakim AK Parti-yə qarşı aksiya keçirir. Hadisələrin səngiməməsi fonunda baş verən proseslər artıq öz əhatə dairəsini genişləndirib. Əslində bu cür hadisələr Türkiyə üçün adiləşib desək yanılmarıq. Çünki Türkiyənin siyasi tarixində hakimiyyət əleyhinə qüvvələr həmişə aktiv fəaliyyət göstərib. Onların kimin diktəsi ilə oturub-durması, siyasi sifarişləri yerinə yetirmələri üçün destruktiv addımlar atması barədə politoloji rəylər səsləndirilsə də, fakt budur ki, etirazçılar Türkiyə yaxın keçmişinin əsas qüvvələrindən olublar. Ancaq bu cür hadisələrə bir neçə il öncəyə qədər  Türkiyə ordusu birbaşa müdaxilə etmək səlahiyyətinə malik idisə, hakimiyyətin apardığı siyasət nəticəsində artıq Silahlı Qüvvələr arxa plana keçdi. Belə ki,  26 maddəlik bir dəyişikliyi özündə ehtiva edən paket Türkiyə parlamenti tərəfindən qəbul edildikdən sonra 2010-cu ilin 12 sentyabrında referendum vasitəsilə səsə qoyulur. AKP-nin irəli sürdüyü dəyişiklik təklifləri səs çoxluğu ilə ümumxalq səsverməsində qəbul olunur. AKP-nin 30 il əvvəlki hərbi çevrilişin ildönümündə ordunun siyasətə təsirinə son qoyan və məhkəmə sistemini nəzarətə götürməyə hesablanan konstitusiya düzəlişlərini səsə qoyması Türkiyədə səsvermədə iştirak edənlərin 58 faizinin “hə” deməsi ilə nəticələnir.

Ordunun ictimai və siyasi nəzarəti ələ alma tarixi...

1950-1960-cı illərdə Demokrat Partiyası Türkiyədə hakimiyyətdə olub. Lakin 1960-cı ildən etibarən Türkiyəndə ordu siyasi səhnəyə çıxmaqla iqtidarın yürütdüyü siyasətə fəal müdaxilə imkanlarını ələ keçirib. Baş nazir Adnan Menderesin siyasi karyerasına 1960-cı ildə məhz hərbi çevriliş son qoyur. Xatırladaq ki, Menderes  islami siyasət yürüdüb.  İqtidardan devrilən Menderes Milli Birlik Komitəsi tərəfindən qurulan Yüksək Ədalət Divanının qərarına əsasən,  1961-ci ilin sentyabrında edam olunub. Prezident Cəlal Bayar və onun komandası isə həbs həyatı yaşayır. Bundan sonra hərbi çevrilişin rəhbərlərindən olan quru qoşunları komandanı Camal Gürsel prezident kürsüsündə əyləşib.
Turqut Özalın hakimiyyət başına gəlməsinə qədər bütün prezidentlər hərbçi olub (Camal Gürseldən sonra Cövdət Sunay, Fəxri Korutürk, Kənan Evrən).
1971-ci ildə də prezident Cövdət Sunayı Türkiyə ordusu hökumətin istefaya getməsi üçün məcbur edir. 1980-ci ildə sosial problemlərin məngənəsində boğulan ölkədə inflyasiya 3 rəqəmli həddə gəlib çatır. Dövlətin cinayətkarlıq və terrorizmin qarşısını almaq məqsədilə yenidən ordunu dövriyyəyə salması vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Həmin ilin 12 sentyabrında Türkiyədə baş qərargah rəisi Kənan Evrənin rəhbərliyi ilə hərbi çevriliş baş verir. Bununla da hökumət faktiki olaraq Kənan Evrənin başçılığı ilə yaradılan Milli Təhlükəsizlik Şurasının ixtiyarına verilir. 1982-ci il Konstitusiyasının qəbulundan sonra rəsmən Kənan Evrən prezident olur. Bu dövrdə ölkədə vətəndaşların hüquq və azadlıqları məhdudlaşdırılır, siyasi partiyalar ləğv edilir.

Silahlı Qüvvələr “Gəzi olayları”na necə təpki göstərəcək?

Türkiyədə ordunun səlahiyyətləri azaldılsa da, hərbi çevrilişin zəruriliyi ilə bağlı fikirlər səsləndirilir. Türkiyə hakimiyyətinin ordu generallarına qarşı “Ergenokon” ittihamı irəli sürməsi və bir neçə generalın həbs olunması da deyilən fikirlərin nə qədər doğru olmasından xəbər verir. Nüfuzlu “The Times” qəzetinin yazdığı məqalədə qeyd olunur ki, 2002-2003-cü illərdə Ərdoğana qarşı hərbi çevriliş planları mövcud olub. Hərbiçilərin hakimiyyəti ələ alması məsələsi isə Türkiyə siyasi gündəmi üçün artıq adi hala çevrilib. Bir sıra ekspert isə hesab edir ki, Ərdoğanın “ordu siyasətini”  AKP-yə müxalif olanların zərərsizləşdirilməsi, Atatürk cümhuriyyətinin təməl prinsiplərini müdafiə edənləri zəiflətmək məqsədi daşıyır. Digər tərəfdən Silahlı Qüvvələrin nüfuzdan salınması və bununla hesablaşmayan ordunun  hərbi çevriliş fikrində olması fikirləri də ortaya qoyulur. Bu qənaətə gəlmək olar ki, ardıcıl olaraq "Ay işığı", "Yakamoz", "Əlcək", "Gürz" kod adlı çevriliş planları gündəmə gəlməsi ciddi siyasi proseslərin cərəyan etməsindən xəbər verir. Bütün bunlar, eləcə də Türkiyə gündəmində aktuallığını saxlayan “Balyoz” planı iddiaları isə hökumətlə ordu arasında anlaşılmazlığın təzahürü kimi qiymətləndirilir. Əgər belədirsə, onda bunlar Türkiyədə ordunun hələ də güclü mövqeyə malik olması anlamına gələ bilər. O zaman Türk Silahlı Qüvvələri Türkiyədə son günlər yaşanan olaylara müdaxilə edə bilərmi?

Bu barədə danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ordunun proseslərə qarışmasını inkar edir.

“1960-cı illərdən başlayaraq bir neçə hərbi çevriliş baş verib. Türkiyədə ordu həmişə ölkədə yaranan xaosun qarşısını almağa çalışıb. Ancaq son on ildə Ərdoğan hökuməti ordunun siyasi həyatdakı rolunu kifayət qədər azaltmağa nail olub”.
 Siyasi təhlilçi bildirib ki, artıq ordu generalları da müasir zamanda belə bir hərəkətin yolverilməz olduğunu başa düşür. “Bir məqamı da vurğulamaq lazımdır. Hər dəfə ordu çevriliş edəndən sonra Türkiyə 5-10 il tənəzzülə uğrayıb və insan haqları ilə bağlı problemlər yaranıb. İndi elə bir əsrdir ki, ordunun bütün məsələlərə müdaxilə etməsi də düzgün deyil. Düşünürəm ki, Türkiyə ordusu prosesləri kənardan müşahidə edəcək”.

Hər halda bu qənaətə gəlmək olar ki, Türkiyədə cərəyan edən gərginliyin nəticələrini zaman göstərəcək.

Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı