Modern.az

Zamanla itirdiklərimiz…

Zamanla itirdiklərimiz…

Ölkə

2 Aprel 2010, 10:46

Bu gün Ermənistan istisna olmaqla dünyada monoetnik dövlət tapmaq çətindir. Xüsusən də müasir dövürdə belə bir anormal hadisəyə çox az-az dövlətlərdə rast gəlmək mümkündür. Çünki yaşadığımız dünyanın bey­nəl­xalq mü­na­si­bət­lər sistemində da­ha çox diq­qət mər­kə­zin­də olan az­say­lı xalqlar prob­le­mi ilə bağ­lı müx­tə­lif qu­rum­lar və təş­ki­lat­lar tə­rə­fin­dən Çər­çi­və Kon­ven­si­ya­la­rı və Sa­ziş­lər qə­bul edi­lib.

Keçmişdə Sovet İttifaqı, bu gün isə Rusiyanın koloniyası olan Ermənistanda xalqların, xüsusən də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılması siyasəti zaman-zaman dövlət səviyyəsində dəstəkləndiyindən, bu anormal düşüncə tərzi ölkənin bütün leqal və qeyri-leqal strukturlarına sirayət olunub. “Böyük Ermənistan” ideyası bu utopist milləti qorxunc fəlakət və cinayətlərə sürükləyib. Nəticədə Azərbaycan və bu torpağı özünə Vətən bilən digər millətlərin nümayəndələrinə qarşı terror, soyqırım aktı həyata keçirilib.

Ermənilərin Qara dənizdən başlanan “Böyük Ermənistan” xülyası Xəzər dənizinədək uzanır. Bu torpaqların gerçək sahibləri olan Türkləri isə ermənilər özlərinin əbədi və əzəli düşmənləri kimi qəbul edirlər. Erməni yazçısı Silva Kaputikyan “İlk dəfə…” adlı kitabında millətinin bədxah niyyətini cəmiyyətə belə təqdim edir: “Ey Aram, sənin düşmənin Türkdür. Vətən Allahdan irəlidir. Kilsə Vətəndən irəlidir. Böyük Tiqran kilsədən irəlidir. “Böyük Ermənistan” böyük Tiqrandan irəlidir.”

Təkcə ötən XX əsrin müxtəlif illərində Azərbaycan və azərbaycanlılar ermənilər tərəfindən tarixdə görünməmiş soyqırımlara məruz qalıblar. Bu vəhşiliklər ən yaxşı halda soydaşlarımızın öz tarixi torpaqlarından deportasiyası ilə nəticələnib. Bu zaman Cənubi Qafqazda, o cümlədən Qarabağda 200 min erməni yerləşdirilib. Türkiyə və İran sərhədlərinə yaxın torpaqlarda xristian xalqlarının xüsusi çəkisini artırmağa çalışan Çar hökuməti, daha sonra Sovet imperiyası ermənilərin köçməsini sonralar da dəstəkləyiblər.

1828-ci ildə imzalanan Türkmənçay, 1929-cu ildə imzalanan Ədirnə sülh müqaviləsi ermənilərin Azərbaycan torpaqlarını qəsbetmə prosesini bir az da sürətləndirdi. İran və Türkiyədə yaşayan ermənilərin Zaqafqaziyaya - Azərbaycana, xüsusən də Qarabağ əyalətinə köçürülməsi prosesi geniş vüsət aldı. Köçürülmə siyasətinin əsas məqsədi və qayəsi azərbaycanlıları yaşadıqları tarixi torpalardan didərgin salmaq idi. Təbii ki, bu iş həm Azərbaycanın daxilində, həm də Ermənistan adlanan ərazidə yaşayan soydaşlarımızın içərisində görülürdü. Bu illərdə on minlərlə erməni Qarabağa və Azərbaycanın digər ərazilərinə, minlərlə azərbaycanlı isə tarixi-etnik torpaqlarından Azərbaycana gəlməyə məcbur edilirdi.

1905-1907-ci illər hadisələr isə Qarabağda baş verən erməni talanlarının nə əvvəli, nə də sonuncusu idi. Maraqlı məqam isə odur ki, üstündən illərin keçməsinə baxmayaraq, ermənilərin taktika və strategiyası dəyişmirdi. M.S.Ordubadinin 245 müxbir məktubu əsasında ürək ağrısı ilə qələmə aldığı “Qanlı illər” kitabında 1905-1906-cı illərdə ermənilərin Azərbaycanda törətdikləri türk-müsəlman soyqırımının səbəblərinin çoxu ondan sonrakı (1918, 1948-1953, 1988) hadisələrində də öz aktuallığını saxlamışdı.  

1918-ci il qırğınlarında neçə nəfər azərbaycanlının qətlə yetirildiyini söyləmək bir çox arxivlərin ermənilər tərəfindən məhv edilməsi səbəbindən çətin olmuşdu. Ermənilərin kağız parçaları ilə zəngin olan arxivləri məhv edərək, izi itirmək cəhdləri baş tutsa da, bu günlərdə Qubada aşkarlanan kütləvi məzarlıqlardakı o cansız skletlər tarixin çarxını təkrarən hərəkətə gətirdi. Məzarlıqda aşkar edilmiş cəsədlər sübut edir ki, insanlar küt alətlərlə, insanlığa xas olmayan qəddarlıqla öldürülmüşlər. Buradakı insan cəsədləri Qubada yaşayan azərbaycanlılarla yanaşı, ərazidə məskunlaşmış digər etnik qrupların nümayəndələrinə də məxsusdur. Deməli, ermənilər milliyyətindən, yaşından, cinsindən asılı olmayaraq hər kəsə divan tutmuş və insanları kütləvi şəkildə qətlə yetirmişlər. Arxiv materiallarına əsasən müəyyənləşdirilmişdir ki, erməni generalı Hamazaspın başçılıq etdiyi Hərbi Hissə Qubada 40 minə yaxın dinc əhaliyə divan tutmuş və nəticədə 1800 uşaq, 2 minə yaxın qoca və qadın qətlə yetirilmişdir. Onların bir qismi bu kütləvi məzarlıqda basdırılmışdır. Arxeoloji qazıntılar nəticəsində indiyədək 196 kəllə sümüyü aşkar edilmişdir. Tapılmış kəllə sümüklərindən 44-ü müxtəlif yaşlı uşaqlara, 48-i qadınlara, qalanları isə kişilərə məxsusdur. Müxtəlif illərdə Ermənistanda deportasiyaya və soyqırıma məruz qalar yarım milyondan çox soydaşımız qaçqın kimi Azərbaycana pənah gətirib. Sovet hakimiyyəti dövründə - 1922-ci ilədək cəmi 90-100 minədək azərbaycanlı öz tarixi-etnik ərazilərinə qayıda bilib.

1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdi. Həmin gün Ermənistanın da müstəqilliyi elan olundu. 29 may – Azərbaycan Xalq Cümhuriyyəti hökuməti müstəqillik elan edən, lakin siyasi mərkəzi olmayan Ermənistan hökumətinə İrəvan şəhərini (indiki Yerevan, əhalisinin 30 faizi ermənilərdən və başqa etnik qruplardan, 70 faizi azərbaycanlılardan ibarət idi) “güzəştə” getdi.

1918-ci ilin iyunun 4-də Osmanlı imperiyası və üç Cənubi Qafqaz Respublikası (Ermənistan, Azərbaycan və Gürcüstan) arasında Batumi Sülh Müqaviləsi bağlandı. Ermənistanın sərhədləri müəyyənləşdirildi və nəticə etibarı ilə bu dövlətin 400.000 nəfər əhalisi olan Erivan və Eçmiədzin rayonları da daxil olmaqla 10.000 kv. km-dən ibarət ümumi ərazisi dəqiqləşdirildi. Elə həmin ilin iyun-iyul aylarında Ermənistan Azərbaycana qarşı irimiqyaslı təcavüzə  başladı. Bu təcavüz Naxçıvan şəhərinin işğalı, Zəngəzur və Qarabağa kütləvi hücumlar, 115 kəndin viran edilməsi və 7729 Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə nəticələndi. Təxminən 50.000 nəfər yurd-yuvasından didərgin düşdü.

1920-ci il avqustun 10-da  Rusiya Azərbaycana məxsus olan Şərur-Dərələyəz ərazisini qanunsuz olaraq Ermənistana bağışladı. Qarabağ, Zəngəzur və Naxçıvan isə “mübahisəli vilayətlər” elan olundu. Nəriman Nərimanov Moskvaya göndərdiyi teleqramlarda Sovet hakimiyyəti qurulanadək mübahisəsiz Azərbaycan torpaqları sayılan ərazilərin indi nədənsə mübahisəli sayılmasına və respublikanın torpaqlarının hərraca qoyulmasına qarşı ciddi etirazını bildirsə də, bu, heç nəyi dəişmədi. Əksinə, bir az sonra Zəngəzur 2 yerə bölünərək zorla Ermənistana birləşdirildi. Bu əraziyə İran, Misir, Türkiyə və Rusiyadan ermənilər köçürüldü, azərbaycanlılar isə müxtəlif vasitələrlə bölgədən çıxarıldı.  Beləliklə, Azərbaycan və Naxçıvan arasında dəhliz yarandı. Bu illərdə Qazax qəzasının dağlıq hissəsi – Dilican ərazisi də Ermənistana peşkəş edildi. Bu faktı təkcə Azəbaycan və digər ölkələrin tarixçiləri deyil, həm də erməni müəllifləri də təsdiq edir. Belə ki, erməni tədqiqatçısı Z.Korkodyan “Sovet Ermənistanının əhalisi” kitabında yazır: “1920-ci ilədək Ermənistan ərazisində yaşamış 575 min nəfər azərbaycanlı əhalidən cəmi 10 min nəfəri qalmışdır”.

1921-ci il 5 iyul tarixində Rusiya  Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması və ona geniş regional muxtariyyət statusunun verilməsi ilə bağlı qərar qəbul etdi. Dağlıq Qarabağ ermənilərinə özünüidarə hüququnun verilməsi ilə eyni vaxtda əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Zəngəzur və Qazaxın bir hissəsi (9.000 kv.km.) Ermənistana verildi. Sovet hakimiyyəti dövründə Azərbaycanın ümumilikdə 20.000 kv.km ərazisi Ermənistana bağışlandı. 

Lakin ermənilər sakit durmurdu. Onlar xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi təklifin İ.Stalinə çatdırılması fürsətini 1943-cü ildə Tehran konfransında əldə etdilər. Konfransın gedişində SSRİ xarici işlər naziri Molotovla əlaqə yaradan erməni diasporu köçrülmə ilə bağlı Sovet rəhbərliyinin razılıq verməsini xahiş etdi. 1945-ci ilin noyabrında SSRİ hökuməti xaricdə yaşayan ermənilərin köçürülməsi barədə qərar verdi. 1946-cı ildə Suriya, Yunanıstan, Livan, Bolqarıstan və Rumıniyadan 50,9 min nəfər, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İran və Livandan 35,4 min erməni köç etdi. 

Xaricdən köçrülən ermənilərin daha rahat və münbit torpaqlarda yerləşdirilməsi məsələsi də öz müsbət həllini tapmışdı. Ermənistan KP MK-nin birinci katibi Q.Harutyunov vəziyyətdən yeganə çıxış yolunu ölkədə yaşayan 100 min azərbaycanlı əhalinin Azərbaycana köçürülməsində görürdü. Onlar SSRİ rəhbərliyini inandırmağa çalışırdılar ki, azərbaycanlılar əsasən pambıq yetişdirilən rayonlara - Muğan-Mil düzündə yerləşdirmək iqtisadi cəhətdən də sərfəli idi. Çünki 1945-ci ildə SSRİ Nazirlər Soveti ya təsadüfdən, ya da erməni hiyləsi ilə Kür-Araz ovalığını yenidən qurulması ilə bağlı qərar qəbul etmişdi. 1949-cu ildə Ermənistandan 12306 ailə (54373 nəfər) köçürüldü.  

Təbii ki, Moskvanın diqtəsi Azərbaycan SSR Nazirlər Sovetini 1950-ci ildə 2419 ailənin (14361 nəfər) köçürülməsi barədə qərar qəbul eməyə sövq etdi. Lakin bu illərdə yalnız 65000 ailənin köçürülməsi təmin edildi. 1948-1950-ci illərdə Ermənistandan köçürülmüş azərbaycanlı ailələrdən yalnız 4878-ni yaşayış evləri ilə təmin edirlər. Əlbəttə ki, əgər buna normal yaşayış imkanları demək mümkün idisə…

1951-ci ilin əvvəllərində köçürülən əhalinin bir hissəsi məcbur olub Ermənistana – boşaldılmış kəndlərə qayıdır. Bu dönüşün kütləvi hal alacağından təşvişə düşən erməni rəhbərliyi onları qəbul etməkdən imtina etdi. Ümumi götürdükdə isə 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı əhali deportasiya olundu. 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir