Modern.az

Fərəc Quliyevdən Arif Hacılıya sərt ittiham: "Surət Hüseynov Arif Hacıyevin “əsəri” idi"

Fərəc Quliyevdən Arif Hacılıya sərt ittiham: "Surət Hüseynov Arif Hacıyevin “əsəri” idi"

Ölkə

18 İyun 2013, 14:29



Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirib ki, 1993-cü ilin iyun qiyamının yatırılmamağında əsas səbəbkarlardan biri də həmin dövrdə AXC İcraiyyə Komitəsinı rəhbərlik etmiş Fərəc Quliyev olub. Müsavat rəsmisi qeyd edib ki, o dönəmdə Fərəc Quliyev qiyamı həyata keçirmək istəyən Surət Hüseynovun qarşısına çıxa bilməyib. Bu tezisləri əsas gətirərək, Arif Hacılı Fərəc Quliyevi cəsarətsizlikdə ittiham edib.

“Fərəc Quliyevin Bakıdan çıxmağa və Surət Hüseynovun qoşunlarının qarşısında durmağa cürəti çatmadı”.

Rəhbəri  Fərəc Quliyev olan Milli Dirçəliş Hərəkatı Partiyası məsələyə münasibət bildirib. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən açıqlamada Arif Hacılının ittihamları cavabsız qalmayıb.

“Saxta sevgi pərdəsi altında başqalarına çamur atıb bəraət qazanmaq mümkün deyil. Müsavat Partiyasının funksioneri Hacılı Arif MDHP sədri, millət vəkili Fərəc Quliyev haqqında cəfəng fikirlər söyləyib”.

Daha sonra Fərəc Quliyevin İcraiyyə Komitəsinin səlahiyyətlərini icra edə bilməməyi barədə deyilənlərə isə belə aydınlıq gətirilib:

“Əvvəla, İcraiyyə Komitəsinə səlahiyyətlər Fərəc Quliyev bu vəzifəyə təyin olunandan sonra verilməyib. İkincisi, Fərəc Quliyev Elçibəyin seçimi idi, çünki bu vəzifəyə şəxslər Elçibəy tərəfindən təyinatla verilirdi. Üçüncüsü, AXC-nin bu səlahiyyətli orqanında bütün qərarlar kollegial olaraq (İcraiyyə Komitəsinin iclasında) qəbul olunurdu. Arif Hacılıdan fərqli olaraq Fərəc Quliyev heç bir hakimiyyət strukturunda təmsil olunmurdu. Onun hansı hərbi bilik və cəsarətinin olması bir qiyamı yatırmağa kifayət edə bilməzdi. Buna baxmayaraq hər kəs bilir ki, o dövrdə yalnız Fərəc Quliyevin təşkilatçılığı ilə Surət Hüseynova Bakıdan kənarda – Hacıqabul istiqamətində müqavimət göstərildi. Arif Hacılı isə o dövrdə yalnız bu hadisələrlə bağlı televiziya vasitəsilə qiyamçıları müdafiə etməklə yadda qaldı”.  

Mətbuat xidməti daha sonra öz açıqlamasında bildirir: “Əslində Surət Hüseynov Arif Hacıyevin (Hacılı) “əsəri” idi. Onun korpus komandiri təyin edilməsi, sonradan Milli Qəhrəman adına təqdim olunması birbaşa Arif Hacıyevin təqdimatı ilə olub. Qiyam vaxtı belə, Surət Hüseynovu qorxusundan televiziyada tək müdafiə edən şəxs də Arif Hacıyev oldu. Onun etiraflarından da görünür ki, yerlərdə İcra Hakimiyyəti başçıları və strukturları ya müqavimət göstərə bilmir (bir neçə hal istisna olmaqla) ya da qiyamçıların tərəfinə keçirdi. İcra hakimiyyətləri isə birbaşa Arif Hacılının kurasiyasında idi və bu təyinatlar Müsavat Partiyası yarananda şərtlə edilmişdi. Yəni “ya Müsavat Partiyasına üzv olun ya da icra başçısı olmayın”. Çox qəribə “təsadüfdir” ki, Arifin təqdimatı ilə Surət korpus komandiri, Milli Qəhrəman olur, qiyam edir, Arif onu qiyam vaxtı televiziyada müdafiə edir, Arifin təqdimatı ilə təyin olunmuş və onun kurasiyasında olan İcra Hakimiyyəti başçıları Arifin dediyi kimi ya müqavimət göstərmir ya da qiyamçıların tərəfinə keçirdi”.  

Aqşin KƏRİMOV
     
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı