Modern.az

“Ermənilər bizi əsir aparanda özümü maşından çaya atdım...”

“Ermənilər bizi əsir aparanda özümü maşından çaya atdım...”

Ölkə

2 Aprel 2010, 15:14

st1:*{behavior:url(#ieooui) }

 

1993-cü il martın sonu-aprelin əvvəli doğma yurd-yuvalarından didərgin salınan kəlbəcərlilərin yaddaşında kədərli notlarla qalıb. Həmim günlərdə yüzlərlə kəlbəcərli şəhid oldu, əsir və itkin düşdü. Bəziləri öz doğmalarının gözləri qarşısında vəhşicəsinə qətlə yetirildi. Həmin hadisələrin canlı şahidlərindən olan Kəlbəcərin Kilsəli kəndinin sakini Ramil Hüseynov başına gələn tükürpədici olayları danışır:

- Martın 30-u idi. Kəlbəcərdən hələ çıxmamışdıq. Bizim Kilsəli (indi Günəşli adlanır) kəndinin əhalisi də kəndi tərk etməmişdi. Çox çıxılmaz vəziyyət yaranmışdı. Kəndin ağsaqqalları  yığışıb belə qərara gəldilər ki, qadınları, uşaqları kənddən çıxartsınlar. Gecə səhərə kimi heç kim yatmamışdı. Kənddə bir QAZ-53 maşını vardı. Dedilər qadınlar və uşaqları bu maşınla kənddən çıxarsınlar. Biz ailədə 4 qardaş idik. 2 qardaşım Bakıda idi. Evin balacası mən idim, 14 yaşım vardı. Valideynlərim dedi ki, “sən get qardaşlarının yanına, görək bizim başımıza nə gəlir”. Martın 31-də səhər bizi maşına mindirib yola saldılar, 25 nəfər idik. Maşındakılar əsasən uşaqlar, qız-gəlinlər, yaşlılar idi. Dan yeri söküləndə kənddən çıxdıq, bir neçə saat sonra Comərd kəndi də arxada qaldı. Ağlaşma səsləri, top-güllə səsləri adamı dəli edirdi. Yollarda heç kimi görmürdük. Gəlib o məşhur tunelə çıxdıq. Bu həmin tuneldi ki, Kəlbəcərin 35 kəndini rayon mərkəzi ilə birləşdirən yeganə avtomobil yolu yalnız ordan keçirdi. 2 km uzunluğu olan tunel strateji bir nöqtə sayılırdı. Çünki onun işğalı 35 kəndin mühasirədə qalması demək idi. Biz gəlib iki dağ arasından keçən o sirli tunelə çatdıq. Saat təxminən 10.00 radələri olardı. O zaman yollarda postlar qurulmuşdu ki, camaat qorxmasın. Tunelə daxil olub oradan çıxanda qarşıda hərbçilər göründü. Elə bildik  ki, bu postdakı adamlar da özümüzünkilərdi. Bu zaman güllə səsləri gəldi. Dedik yəqin yollar bağlıdı, geri qayıtmağımızı istəyirlər. Birdən maşının təkərləri partladı. Sürücü Qoşqar qapını açdı ki, düşsün, elə birinci onu ayağından güllələdilər. Maşından ikinci düşən qonşumuz Əsgərxan dayı oldu ki, onu da vurdular. Gördüm ki, çıxılmaz vəziyyətdir, düşüb maşının altında-təkərin iç tərəfində gizləndim. Təkər məndən böyük olduğu üçün heç kim məni görmürdü. Həmin vaxt altı kəndlimiz öldürüldü. Atəş səslərindən dayanmaq olmurdu, güllələr sanki yağış kimi yağırdı. Təkərin arxasında gizlənmişdim, vahimədən az qalırdı bağrım çatlasın.

Partladılan maşından 2 qız sağ çıxa bilmişdi

- Bir neçə saat atəş altında saxlanıldıq. Aralıdan bizi güllə-borana tutan ermənilər hələ yaxınlaşmırdılar. Bizim atəşə tutulduğumuz zaman arxadan bir KAMAZ maşını da tuneldən çıxdı. Maşındakılar gördülər ki, qarşıda ermənilər var, onda KAMAZın sürücüsü surəti artırdı ki, ötüb keçsin. Amma həmin anda maşının arxa təkərlərini partlatdılar. KAMAZ bizdən ancaq 20 metr qabağa gedə bildi. Sonradan bizə məlum oldu ki, bu Çobangərəkməz kəndindən gələn maşınıdır. Vahimədən bağrım çatlayırdı, soyuqdan da donmuşdum.

Maşında olanların kimisi qardaşını, bacısını, kimisi də ata-anasını qucaqlamışdı. Bizim ailədən isə heç kim yox idi. Bu zaman mən də kimsə yanımda olmasını eıə istəyirdim ki... O an başqa nə düşünə bilərdim ki... Sanki ailəmizdən kimisə qucaqlamaqla mən bu düşdüyüm vəziyyətdən çıxacaqdım... Bir istəyə bax. Bir anlıq qucaqlayacağım ailə üzvümün də erməni gülləsinə tuş gələcəyini beynimdən keçirdikdə isə bu istəkdən vaz keçirdim. Bu an məni bir qəribə sevinc hissi bürüyürdü...

Bu hisslərlə təkərin arxasına sıxılıb qalmışdım. Üstümüzə yağan güllələrin arası kəsilmirdi.  Bizim maşının kuzovundan yerə qan damcılayırdı. Demək olar ki, maşın deşik-deşik olmuşdu. Güllə dəyməyən yalnız mən idim.  Qalanların bəziləri ölmüş, bəziləri yaralanmışdı, insan ah-naləsi göyə yüksəlirdi. Birdən Əsgərxan dayı dedi ki, "ermənilər üstümüzə gəlir".

Mən də erməni gorməyən adam, çıxıb baxdım, gördüm 20-30 erməni hərbiçisi bizim maşına yaxınlaşır.

Ermənilər öncə bizdən qabaqda dayanmış KAMAZı partlatdılar. Çünki KAMAZda bizim bir neçə əsgərimiz də vardı. Gözümüzün qabağında insan dolu KAMAZ parça-parça oldu.

Sonra bildik ki, KAMAZda olan 52 nəfərdən yalnız 2 qız sağ qalıb. Onların sağ qalması belə olmuşdu: ermənilər qranatamyotla maşını partladanda partlayışın küləyi qızları götürüb çayın qırağına atmışdı. Nəticədə qızlar sağ qala bilmişdilər.

O mənzərini sözlə təsvir etmək mümkün deyil. Elə bu an tuneldən bir maşın da çıxıdı. Bu, dörd qapılı “Vilis” idi. Ermənilər onu da güllə yağışına tutdular. Bilmədim maşında neçə kəlbəcərli var, maşından bir nəfərin də düşdüyünü görmədim. Qapılar açılı qalmışdı, hamısını öldürmüşdülər.  

 

Həyatımı göydə Allaha, yerdə söyüd ağacına borcluyam

Sonra ermənilər aralıdan qranatatanı bizim maşına tərəf tuşladılar. Qonşumuz Əsgərxan dayı papğını  çıxardıb yellədi ki, bizim yanımızda silah, əsgər yoxdu. Bir neçə erməni bizim yanımıza gəldi. Bizdən soruşdular ki, “sizdə silah var?”. Yarı erməni, yarı azərbaycanca danşırdılar. Erməninin biri o birinə nə dedisə, həmin erməni tez mənə yaxınlaşdı. Elə bildim məni öldürəcək, amma gəlib yanımdan keçib maşının içinə baxdı. Artıq erməni əsirliyindəydik... Bir neçə saat sonra gördüm ki, Ağdərə tərəfdən 4 hərbi  KAMAZ, 2  BTR, 4 tank bizim tərəfə gəlir. Ermənilər idi, yanımıza çatıb dayandılar. Sonra da başladılar yaralı qız-gəlinlərin saçından, ayağından tutub zorla qurbanlıq mal kimi “hop” edib KAMAZın içinə atmağa. Yerdə 3 meyit qalmışdı, bir də mən. Məni də tullamasınlar deyə özüm maşının üstünə çıxdım. Ermənilərdən üçü bizim yanımızda əyləşdi, üçü də kabinədə. Bizi maşının kuzovuna yığıb Ağdərə istiqamətində aparırdılar. Getdiyimiz yol ilə paralel Tərtər çayı axırdı. Bidən fikirləşdim ki, əsir olmaqdansa, ölüm daha yaxşıdır. Mən kuzovun küncünə sıxılmışdım. Baxdım ki, ermənilərin başları qarışıb söhbət edirlər. Maşın saatda 30-40 km sürətlə Ağdərə istiqamətində irəliləyirdi. Tullanmaq üçün fürsət gözləyirdim. Ermənilərin başının qarışdığını görüb qəfildən ayağa qalxdım və özümü Tərtər çayına atdım. Arxamca güllə atmağa başladılar. Amma maşını saxlamadılar. Yəqin elə sandılar ki, ölüb çaya düşmüşəm. Mən həyatımı göydə Allaha, yerdə də söyüd kökünə borcluyam. Mart ayı idi, Tərtər çayının suyu da buz kimi. Çay məni aparırdı. Suyun axarı məni bir söyüd kötiyinə çırpdı. Birtəhər mən bu kötükdən yapışdım. Güclə çayın sahilənə çıxa bildim. Artıq hava da qaralmışdı, gizlənə -gizlənə gəlib bizi əsir götürdükləri yerə çıxmışdım.  Ərtafa qorxulu bir sakitlik çokmüşdü. Başqa yolum yox idi. Qorxa-qorxa tuneldən keçdim, sonra da çayqırağı ilə getməyə başladım ki, yola yaxın olum. Birdən sürətlə yoldan ötən maşın gördüm. Bizimkilər idi. Qışqırdım ki, “dayanın”. Maşındakılar mənim səsimi eşitdilər. Məsələ ilə hali olandan sonra geri döndülər.   Mən isə geriyə, öz kəndimizə qayıdırdım. Çətinliklə gəlib evə çata bildim. Evdəkilər məni görəndə dəhşətə gəldilər. Başımıza gələnləri onlara anlada bilmirdim. Özümdə deyildim. Kənddə qalan insanlar başıma toplaşmışdı. Birtəhər olanları onlara danışdım. Mənimlə birgə gedənlərin yaxınlarının ah-nalələri ərşə dirənmişdi. Amma o da məlum idi ki, ermənilər öldürdüklərini öldürmüşdülər, sag qalanları isə əsir aparmışdılar. Dayanmaq zamanı deyildi. İnsanlar hüzn içində kəndi tərk etməyə başladılar.

Yollar bağlandığından biz meşələrlə, dağ-dərə ilə bir həftəyə Murovun Gəncə üzünə gəlib çatdıq. O zaman mən də digər kəndlilərim kimi ölsəydim, yaxud əsir getsəydim 35 kəndin əhalisi mən getdiyim maşındakıların aqibətini yaşayacaqdı. Bəlkə də tanrı məni həmin insanların sag qalması üçün salamat saxlamışdı. Ancaq bu 17 ildə o hadisələr bir gün olsun yadımdan çıxmır. Hər gün o kəndlilərim kimi ya əsir düşürəm, ya da ölürəm.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir