
Milli Məclisin sabiq deputatı, Xalq yazıçısı Maqsud İbrahimbəyov qardaşı, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun siyasi mövqeyini dəstəkləmədiyini açıq-aşkar nümayiş etdirdi. Belə ki, Maqsud İbrahimbəyovun rəhbəri olduğu Azərbaycan Milli Sülh Komitəsi ötən gün İlham Əliyevin növbəti seçkilərdə prezidentliyə namizədliyini dəstəklədiyini rəsmən bəyan etdi.
Qardaşının prezidentliyə iddialı olduğunu bildiyi halda Maqsud İbrahimbəyovun belə bir addım atması Milli Şurada birmənalı qarşılanmayıb.
Hətta Rüstəm İbrahimbəyov qardaşının mövqeyinə münasibət belə bildirməyib. Bu barədə Modern.az-a Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev bildirib.
M.İbrahimbəyovun mövqeyinə hörmətlə yanaşdıqlarını bildirən Z.Quliyev onun bu addımı atmasının gözlənilən olduğunu deyib:
“Bu, Maqsud İbrahimbəyovun öz mövqeyidir. Maqsud böyük ziyalıdır, onun siyasi mövqeyinə Milli Şuranın münasibət bildirməsi doğru olmazdı. Mən bildiyimə görə, Rüstəm İbrahimbəyov faktiki bu məsələ ilə bağlı heç bir münasibət bildirməyib. Bu onların öz şəxsi işləridir.
Maqsud bəy adi insan deyil, tanınmış ictimai xadim, ziyalı, yazıçıdır. Onun daim öz mövqeyi olub. Vaxtilə o ölkədə gedən proseslərə, müxalifətə həmişə mənfi münasibət bildirib. Milli azadlıq hərəkatına da, onun iştirakçılarına da mənfi münasibət bildirib. Onun bu fikirləri ilə razılaşmaq da olar, razılaşmamaq da”-deyə Milli Şura üzvü vurğulayıb.
Qeyd edək ki, uzun müddətdir ki, İbrahimbəyov qardaşları arasında soyuq münasibətlər hökm sürür. Ögey qardaşların hətta bir-birlərini dirdirmədiyi də vurğulanır.
Modern.az saytı bu haqda hazırda Bakıda olan Maqsud İbrahimbəyovdan münasibət öyrənməyə çalışsa da, daim mediadan məsafə saxlayan yazıçı danışmaqdan imtina edib.
Anar RÜSTƏMOV