Modern.az

Azərbaycan əsgəriylə bağlı bir ciddi, bir baməzə ƏHVALAT

Azərbaycan əsgəriylə bağlı bir ciddi, bir baməzə ƏHVALAT

Ölkə

26 İyun 2013, 13:20

CİDDİ

Milli Məclisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması prosesinə aid məsələnin müzakirəsinə həsr olunmuş iclasında xalq şairi Qabilin çıxışı

- Hörmətli Murtuz müəllim!

Məni buraya dəvət etdiyinizə görə qələm dostlarım adından Sizə təşəkkür edirəm. Mən Sizdən iki yaş böyüyəm. Ona görə də mənə iki dəqiqə əlavə  vaxt verin.

Möhtərəm Prezidentimiz Heydər müəllim. Sizin bütün çıxışlarınızda konkretlik vardır. Sizin dünənki çıxışınızda mən Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi ruhunu gördüm. O çıxış mənə neçə il bundan əvvəl oktyabr ayında xalqı Prezident sarayının ətrafına topladığınız vaxtı xatırlatdı. “Neyləyək, yardım edin. Əli Kərimov, buyurun” – mənim Əliyə böyük hörmətim var, yaxşı oğlandır -  “gedin iş görün, kömək edin”.

Cənab Prezident, dünənki çıxışınız məni çox həyəcanlandırdı və bu çıxışın təsirindən 1996-cı ildə yazdığım “Ümid sənədir ancaq” şeirini oxumaq istəyirəm. Bu şeir müəyyən qədər bu günkü söhbətə aiddir.

Uzanır danışıqlar,
İmzalanır sənədlər.
Xəritədə aləmə
Göstərilir sərhədlər....
Səsimizə səs verir
Dünya başbilənləri;
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Dəyirmi masalarda
İzi var dirsəklərin...
Ağla sığan söhbəti,
Sözü var dəstəklərin,
Yardım bağlamasında
Özü var dəstəklərin
Lap lə’l-cavahir olsun
Hər yardımın dəyəri...
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Diplomat cənabların
Hər biri hörmətlidir.
Bu məqamda ölkəmə
Təşrifi qiymətlidir.
Rəyi təqdirə layiq,
Rəyi ədalətlidir.
Gözdən-nəzərdən salan
Kimdir ki, bu işləri?
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

İşğal altında qalır
Torpağımız-daşımız,
Nələr görmür gözümüz,
Nələr çəkmir başımız.
Qarışıb bir-birinə
Baharımız-qışımız.
Çadır göstərmək olub
Hər çatana peşəmiz...
Sərgi olmasın deyə
Bu mil-muğan düzləri
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Ali qonaqlar gəlir
Dünyanın hər yerindən.
Ürək yanır, göz dolur
Şəhid qəbirlərindən...
Düşünüb daşınıram
Özlüyümdə dərindən:
İntiqam ala bilməz,
Qana qan ola bilməz
Məzarları bəzəyən
Ehtiram çiçəkləri...
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Söhbətlər çözələnir,
Bir şey görünmür hələ,
Heyətlər təzələnir,
Bir şey görünmür hələ.
Müddətlər təzələnir,
Bir şey görünmür hələ.
Açılmır ki, açılmır
Düyünü bu torpağın.
Qov alışa bilərmi,
Od saçmasa çaxmağın?
İldırımlardan belə
Umma bu zərrələri,
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Sülhə qurban kəsərəm,
Mən də qan istəmirəm.
Təzə-tər qərənfilli
Xiyaban istəmirəm.
Tükənir səbrim fəqət,
Sazişlər,
Qətnamələr,
Bəyanətlər
Kifayət!
Kiyafətlər
Kifayət!
Ziyafət dumanında
Nəzakətlər kifayət!
Yurdsuzlara yurd olan
Biyaban istəmirəm!

Yellənsin sülh bayrağı,
Bu bayrağa kəm baxan,
Həm baxmayan,
Həm baxan
Bədgüman istəmirəm,
Sevindirsin milləti
Qoy sülhün şad xəbəri,
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!
Azərbaycan prezidenti!
Azərbaycan xalqı!

***

BAMƏZƏ

Qabilin özü bir müddət Azərbaycan televiziyasında çalışmışdı. Həmişə də televiziya işçiləri ilə sıx əlaqədə idi. Hər bir verilişin  sonu “yumaq”la – yemək-içməklə başa çatırdı. Bu bir qanun idi. Nə biləydi ki, yeni televiziyalar açıldıqça Azərbaycan televiziyasında əsası qoyulan bu ənənələr də pozulacaq.  

İctimai Televiziyada İsmayıl Ömərovun təşəbbüsü ilə atamın “Ümid sənədir ancaq” şeirinə klip çəkilirdi. Klip demək ucuz olardı, Xəlil Rzanın təbirincə desək bu bir “hayqırtı” idi. Klipin bir kiçik hissəsi də evdə çəkilməliydi.

Çəkiliş qrupunu gözləyirdik. Saat 17.00 idi. Az.TV-dən İTV-yə keçən yaxşı tanıdığım həmkarlarım gəlib çıxdılar. Əsasən belə olurdu da. 2 nəfərdən ibarət (müxbir və operator) qrup gəlirdi, atam istədiyi qədər (uzağı 15-20 dəqiqə) çıxış edirdi, onlar da sonradan lazım olan hissələrini montaj edib efirə verirdilər. Bu dəfə belə olmadı. Qapının zəngi çalındı. Açdıq. Kamera əvəzinə əlində qədimi, kəfkirli saat tutmuş rejissor Elnur, bədii rəhbər Rəhimə, operator, işıqçı, dalıyca “teleşka” deyilən qurğu, işıqlar və sairə. Bu nədir? Elnur başladı izaha:

- Qabil müəllim, bu nənəmin qədimi, kəfkirli saatıdır, Razindən götürüb gəlmişəm. Guya ki, Sizinkidir. Bu “teleşka”dır, bu onun relsi, bu işıqlar, bu ..., bu...

Başladı sadalamağa. Atam da “bütün bunlar nəyə lazımdır?” deyə bildi.

- Qabil müəllim, İsmayıl müəllim xüsusi tapşırıb. Yaxşı alınması üçün bütün bunlar vacibdir. Redaktorumuz da Füzuli İsmayılovdur. Yaradıcı prosesi çəkməliyik.

Nə isə başladılar otağı boşaltmağa. İşığı ordan qurmağa. Saatı asmaq üçün divardan deşik açmağa. Bir saat yarım belə keçdi. Elnur dekorasiyadan qurtardı keçdi atama. Bəs “Qabil müəllim, bu köynək nədir? Mahir kişinin köynəyini dəyiş”. Paltarları tökdüm Elnurun qabağına. Bir təhər uyğun bildiyini tapıb geyindirdik. Başladılar saçını düzəltməyə. “Orada oturma burda otur”. “Xəyala dal”. “Saçını sığalla”. “Yaz. Guya ki, şeir yazırsan”. “Bizə baxma. Biz otaqda yoxuq”. “İşıq yaxşı düşmədi. Bir də”. “Bir də”…
Bir sözlə 2 saat da belə keçdi. Artıq axşam 9-un yarısı idi. Atam soruşdu ki, “Elnur, bala, 4 saatdır ki, çəkirsən.Bundan nə qədəri efirə gedəcək?”.

- Heç Qabil müəllim, yəqin ki, 1-2 dəqiqə.

Bunu eşidən atamın hövsələsi tab gətirmədi, kişi necə hirsləndisə, bircə “Basın bayıra” sözünü eşitdim. Elnur, uşaqlar mənə baxdılar. İşarə elədim ki, işinizdə olun. Çünki bircə mən başa düşürdüm ki, atam niyə belə deyir. Elnur 1 saat da nənəsinin saatını başladı saniyə hesabı çəkməyə. Nəhayət saat 10-da çəkiliş qurtardı. Atam bunu bilib ildırım sürətilylə geyindi:

- Allaha şükür. Nəhayət ki... İndi də kafeyə gedirik klipi yumağa . Yaman yorulduq. Bir az da dincələk. Yüz-yüz vuraq. Səhərdən bunu gözləyirəm.

Saat 17.00-dan hazırlaşdığı (klip bəhanə idi) arzusu ürəyində qaldı. Demə çəkiliş qrupu hamısı “mollabala” imiş. Hamısı “otkaz”a getdi. Klipi isə üçümüz mən, atam və bacanağım Rəfail “Lalə” kafesində gecə 11-də qeyd elədik. İsmayıl müəllim başda olmaqla bütün çəkiliş qrupunun sağlığına içdik. Hazır variantı görməyə isə atama əcəl imkan vermədi. 5 saatlıq  çəkilişdən isə demə Elnura 20 saniyə lazım imiş. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı