
Amerikada ali təhsil alan bir azərbaycanlıdan soruşurlar ki, Azərbaycandakı sosial problemləri sadalaya bilərmi? Azərbaycanlı tələbə cavab verir ki, ölkəsində sosial problem yoxdur.
Halbuki ondan öncə amerikalı, almaniyalı, yaponiyalı və digərləri ölkələrindəki sosial problemləri sadalayıblar.
Bəzən bizim deputatlar da o azərbaycanlı tələbə kimi danışırlar: Azərbaycanda heç bir problem yoxdur.
Modern.az saytı “Rayonlardakı vəziyyət: Deputat və jurnalist danışır” layihəsini davam etdirir. Bu dəfə seçilən bölgə Gəncə şəhəridir. Bu bölgədə olan problemlərlə bağlı 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən olan deputat Musa Quliyev, əslən Gəncədən olan “Trend” agentliyinin əməkdaşı Murad Əliyev danışır.
Görək deputatlarla jurnalistlərin dedikləri nə qədər üst-üstə düşəcək.
Deputat Musa Quliyev deyib ki, gözə çarpacaq problem yoxdur: “Gəncədə nə problem olacaq? Yeni iş yerləri açılır, insanların məşğulluğu təmin olunur. Yeni obyektlər tikilir. Şəhərdə geniş vüsət almış abadlıq işləri aparılır. Şəhər böyüyür, yaşıllaşır. İnsanların sosial güzəranı günü-gündən yaxşılaşır. Şəhərin tarixi boyu olmayan su və kanalizasiya sistemi yenidən qurulur. Böyük parklar salınır, mədəniyyət evi tikilir. Əgər seçicilərimiz hər hansı bir mövzu ilə bağlı bizə müraciət edirlərsə, biz onları həll etməyə çalışırıq. Bu gün Azərbaycanın sosial-iqtisadi həyatı bütün bölgələrin vəziyyətini dəyişir. Avropa ölkələrində sosial sarsıntılar gedir. İşsizlik hər gün artır, insanların sosial müdafiəsi zəifləyir. Ancaq bizim ölkədə bu yoxdur. Bizdə ancaq dinamik inkişafdan danışılır. Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Prezidentimiz tərəfindən xüsusi diqqət və qayğısı var bu şəhərə. Şəhərin büdcəsi ildən-ilə artır. Hazırda Gəncədə həll olunmayacaq bir problem görmürəm. İnsanların şəxsi problemi ola bilər. Ancaq ümumi şəhər heç bir problem yoxdur”.
“Trend” agentliyinin əməkdaşı Murad Əliyev bildirib ki, hər bir bölgədə olduğu kimi, Gəncədə də müəyyən problemlər var:
“Başlıca olaraq işsizlik insanları narahat edir. Yeni iş yerlərinə ehtiyac var. Hazırda isə aktual problemlərdən biri yol təmiri ilə bağlıdır. Yolların genişlənməsi ilə bağlı Gəncədə böyük işlər görülür. Bu da şəhərdə narahatlığa, tıxaca gətirib çıxarır. Bundan əlavə, yol tikinti işləri də gec aparılır. Bununla bağlı şikayətlər oldu. İnanıram ki, tez bir zamanda bu problemlər öz həllini tapacaq”.
Ulduz İBRAHİMOVA