Modern.az

Zibil qutusuna atılmış vətən məhəbbəti

Zibil qutusuna atılmış vətən məhəbbəti

Ölkə

1 İyul 2013, 10:15

   Yaxın günlərdə orta məktəblərdən birində dövlətimizin rəsmi atributlarından olan bayrağımızın zibil qutusuna atıldığının müşahidəçisi oldum. Bunu məndən qabaq görən dostum tez əlini ataraq bayrağı götürdü və pəncərənin qabağına qoydu. Bir anda bayrağın bütün rəngləri gözümdə qırmızı göründü və ay-ulduz da bu qırmızı rəngin içində əridi, itdi, yoxa çıxdı. Yəni, üçrəngli, aylı-ulduzlu bayrağımız dönüb oldu qıp-qırmızı bir parça. Yox, üçrəngli bayrağımız utanmaqdan qızarmamışdı, qan rəngi almışdı, gözünə qan dammışdı, olmuşdu qıp-qırmızı. Və fikirləşdim ki, görən bayrağımızı zibil qutusuna kim tullayıb? Şagirdmi, müəllimmi, xidmətçimi?

   Əgər şagird tullayıbsa səhv edib, tullayıb...

   Müəllim tullayıbsa qələt edib, tullayıb...

   Düzdü, “səhv” də elə “qələt” deməkdi, amma “qələt” “səhv”in ağır formasıdı və əgər bayrağı zibil qutusuna müəllim tullayıbsa “qələt” sözü həmin müəllimə yaraşır.

   Daha sonra fikirləşdim ki, görən bu bayrağı zibil qutusuna tullayan adam bayrağın qırmızı rəngini görməyibmi? Həmin qırmızı rəngdən yadına Ramil Səfərov düşməyibmi? Səkkiz il həmin bu bayrağa görə məhbus ömrü yaşayan Ramil Səfərov...

   Bayrağın təhqir edilməsinə dözməyib erməni dığasını qanına qəltan eləyən və səkkiz il həbsxana həyatı keçirən Ramil Səfərov bu bayrağı zibil qutusunda görsəydi görən ürəyi partlamazdımı?

   Yəqin deyəcəksiz ki, partlayardı. Və həmin bayrağı zibil qutusuna tullayan adam da bu suala cavabında deyər ki, “partlayardı”. Amma ürək partladacaq bir hərəkəti işləyən adamın heç tükü də tərpənmirsə deməli bizdə nəsə anormallıq var. Deməli, biz hələ də özümüzün olanlara hörmət edə bilmirik. Deməli, biz hər şeyin qədrini əldən çıxandan sonra bilirik. Lap elə hər şeyin: oğurlanmış mahnısından tutmuş itirilmiş torpağına qədər...

   Bir tələbə tanışım var. Kirayə qaldığı evin qapısından içəri keçən kimi hiss edirsən ki, burda kim qalırsa ürəyində Vətənə məhəbbət aşıb-daşır. Mən deyim, siz də təsəvvürünüzə gətirin: qapının üstündə himn və gerb vurulub. Sağ divarda isə Azərbaycan xəritəsi asılıb. Xəritənin qıraqlarında əllə çəkilmiş ürək içərisində bayraq şəkilləri var. Və yazı masasının üstündə yenə də bayraq.

   Yadımda qalanlar bu qədərdi.

   Və ortaya çıxan bir sual: görəsən, niyə bəzilərimizdə Vətənə məhəbbət baş üstünə qaldırılarkən, bəzilərimizdə zibil qutusuna atılır?!

   Düşünmək və dərs götürmək bizim ən zəif cəhətimizdir. Düşünməyə dəyərsə, düşünün...

   P.S. Ramil Səfərov dedim, yadıma düşdü. Ramil Səfərovun Vətənə qayıtması xəbərini internetdə oxumuşdum. Qabağıma kim çıxırdısa təbrik edirdim.

   Mağazaya getmişdim. Satıcıya dedim ki, Ramil Səfərov Azərbaycandadı. Qayıdıb nə desə yaxşıdı:

   -O kimdi?

   Belə...

    [email protected]

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı