Modern.az

Qəzamız mübarək!!!

Qəzamız mübarək!!!

Ölkə

6 Aprel 2010, 15:51
st1:*{behavior:url(#ieooui) }

...iki əllə, cərəyana qoşulmuş iki elektrik məftilindən yapışmışam. Cərəyan məni vurur, silkələyir, ağlımı başımdan çıxarır. Ölümün yaxınlaşdığını hiss edirəm, canımı tapşırmaq ərəfəsindəyəm. Ölümün bu qədər yaxın olduğuna təəccüblənirəm, taleyimlə barışmaq istəyirəm. Ancaq birdən tərsliyim tutur, fikirləşirəm ki, yox, indi ölmək zamanı deyil, hələ var, hələ yaşamaq lazımdır. Hələ üstəlik sabah yol gedəcəyik, getməsəm dostlar inciyər. Bu düşüncələrin təsiri altında bütün gücümü toplayır, cərəyanla mübarizəyə girişirəm, bütün varlığımla sağ qaldığımı hiss edirəm.

Hələlik mübarizədə heç bir tərəf qalib gəlmir, buna baxmayaraq sağ qala bilməyimi böyük qələbə hesab edirəm.

 

                           ***

 

...qəribə yuxu idi. Yuxunu səhərə yaxın görmüşdüm; deyirlər səhər görülən yuxu düz çıxır. Yuxuların gizli və dini fəlsəfəsi olduğu fikrinə heç vaxt inanmamışam. Ancaq həmişə qəribə yuxular görəndən sonra qəribə hadisələrin baş verdiyinin şahidi olmuşam. Səhərə yaxın gördüyüm yuxunu da ciddiyə almadım, əslində elə belə də lazımdı. Qəribə hadisənin baş verəcəyini ağlımın ucundan belə keçirməməyə cəhd elədim, nəticə gözlədiyim kimi olmadı, ancaq "boş ver" deyibən "20 yanvar"a yollandım. Dostlarla burada görüşməliydik.

 

 

                            ***

 

Səhər saat 7:30-da isə tərpənməliydik. Kürdəmirə gedəsiydik, "Bakı xəbər" qəzetinin əməkdaşı, dostumuz Ruslan Xəlilin toyuna... Ancaq ilk dayanacağımız Şamaxı olacaqdı. Şən əhval-ruhiyyədə, göz oxşayan iki qara maşınla yola düşəndə heç kim inanmazdı və yaxud inanmaq istəməzdi ki, bu gözəl günə bir balaca qara ştrixlər əlavə olunacaq,  qanqaraldıcı hadisə baş verəcək. Çünki hər şey əla başlamışdı.

 

                            ***

 

Bizim yol getdiyimiz avtomobildə çox maraqlı məsələlərdən söhbət düşmüşdü; "Ədalət" qəzetinin redaktoru Ceyhun Musaoğlu Eldar Baxışdan danışırdı: hamımızın sevimlisi olan şair Ramiz Rövşənin Eldar Baxışdan öyrəndiyini əsaslandırmağa çalışır və deyirdi ki, hətta Ramiz Rövşənin özü bunu dəfələrlə etiraf edib. Söhbət çox uzandı; Ceyhun Musaoğluyla Hicat Dağlar sanki deyişirmiş kimi adamın ürəyinə toxuna bilən, insanı tərpədən çoxlu şeir dedilər; onlar bir balaca ara verən kimi təhlil başlayırdı. Hər kəs gücü çatan qədər deyilən şeirləri başdan-ayağa təhlil etmək cəhdi göstərirdi; deyim ki, təhlilərin uğurlu olması insanın fərəhini birə-beş artırırdı. Bir-birimizə, elədiyimiz söhbətlərə baxıb fərəhləndirdik. Ancaq yolu boyu gördüyümüz mənzərələr söhbətin istiqamətini də dəyişdi. Qanımızın qaralmasının əsası da məncə burada qoyuldu.

 

                              ***

 

Şamaxı Olimpiya Kompleksi bir neçə il öncə istifadəyə verilib. Yüksək səviyyədə tikilmiş kompleksin inşasına, invertarların alınmasına milyonlarla pul xərclənib. Deyilənə görə, tikinti zamanı bir xeyli pul silinib və yaxud yeyilib. Bununla işimiz yox; əldə konkret faktlar yoxdur. Biz bir neçə il öncə tikilmiş, milyonlarla xərclənmiş kompleksin niyə belə tez sökülməsindən narahatıq. Daha doğrusu ölkə büdcəsinin pulları ilə bu cür davranılmasından... Burada icra hakimiyyəti üçün yeni bina tikiləcək. Ona görə də, daş-dəmir şəkilinə düşmüş milyonları yerlə-yeksan edirlər. Ölkəyə gələn milyonlar bax beləcə kiminsə iştahının qurbanı olur. Dərd odur ki, onlar çox iştahlıdır, çox yeyirlər, ancaq doya bilmirlər. Amma o da mümkündür ki, doyurlar, sadəcə qarın doyur, göz doymur. Mən Şamaxı Olimpiya Kompleksinin sökülməsinə də bu konteksdən yanaşıram; yer-yeksan etməklə, sökməklə sonradan başqa bir şey tikməklə pul yemək, pul silmək lazımdır; altda qalanın canı cəhənəmmə...

Olimpiya Kompleksini bu vəziyyətdə görəndən sonra başqa dərdlərimizdən danışmağa başladıq; dərdimiz təzələndi.

 

                           ***

 

Adı bilinməyən türk əsgərlərinin uyuduğu yeri, onlara qoyulan abidəni ziyarət edəndə isə bir anlıq bütün dərd-sərimizi unutduq. Adətən insanlar qəbirləri ziyarət edəndə kədərlənir, ölüm haqqında düşünür; özünün də nə vaxtsa öləcəyini göz önünə gətirir; pis olur, qəbir başında kədər bütün hisslərə qalib gəlir. Türk əsgərlərinin uyuduğu ziyarətgahda olanda isə kədər bizim hisslərimizə qalib gələ bilmədi. Biz burda da fərəhləndirdik; belə qəbirlər sanki insana bu millətin ölməyəcəyi, qalib olacağı fikirini aşılayır. Məhz bu məqamda insan fərəhlənir, qalib gələcəyinə inanır, yaşamaq, mübarizə aparmaq, qalib olmaq arzusu hər şeyin fövqündə dayanır. Cizgilər və sözlər həmin dəqiqlərdə dostlarımızın hamısının bax bu cür düşündüyünü söyləməyə əsas verir.

 

                          ***

 

Hövbəti və əsas dayanacağımız Azərbaycanın "ölməyən dərdi" (Asif Ata) Mirzə Ələkbər Sabirin məqbərəsi oldu. Gördüklərimiz, Sabirə, onun məqbərəsinə münasibət bizi sadəcə olaraq dəhşətə gətirdi. Dostlarımızın dediyinə görə, vaxitlə bu məqbərə daha pis gündə imiş, uçulub-dağılırmış. Həm türk əsgərlərinin uyuduğu məzarı, həm də Sabirin məqbərəsini ziyarət etmək təşəbbüsü "Ölkə" qəzetinin təsisçisi Xəzər Teyyubludan gəlmişdi; onun sözlərinə görə, məqbərinin uçulub-dağılan vaxtlarında buranı ziyarət edən şair Gülağa Tənha Sabirin qəbri üstündə aşağıdakı misranı deyibmiş:

 

Şairə bax, qəbrə bax

Sabirə bax, səbrə bax.

 

("Yeni Müsavat" qəzetinin əməkdaşı Elşad Məmmədli isə iddia edir ki, bu misra istedadlı aktyor Yaşar Huriyə məxsusdur)

Hər halda məqbərənin belə vəziyyətdə olmasına Gülağa Tənhanın ürəyi dözmür; öz hesabına məqbərəni çox yüksək səviyyədə təmir etdirir. İndi Gülağa Tənha Azərbaycanda yoxdur, bizim bildiyimizə görə xaricdə yaşayır. Məqbərə isə yenə də uçulub dağılmaqdadır. Məqbərənin iç divarının yuxarı hissələri nəmdən qaralıb. Tavanın və divarlarının hörgü hissəsindən tökülən qırıntılar yerlə birdir. Sabirin qəbrinin üstündə isə daşlaşmış para paxlava, düyü, köhnə konfetlər gözə dəyir, sözün həqiqi mənasında adamın ürəyi sızıldayır. Sabirə belə münasibətə ad vermək kifayət qədər çətindir; amma əslində o özü öz şeirlərində bu münasibətin adını verib. Dərhal onu da yada salaq ki, Sabirin nəvəsi də var axı... Səfərimiz müddətində ikinci dəfə qanımız bax, belə qaraldı.

 

                        ***

 

Şamaxıda-aşağısı meşəlik, ortası hissəsi yaşıllıq, yuxarısı isə ağappaq olan Qafqaz sıra dağlarının ətəyinə yaxın yerdə nahar elədikdən sonra Ruslangilə yollandıq. Gəlin gətirməyə də getdik, gəlin maşının qabağını maşınla kəsib pul da aldıq. Gənclərin kəbini jurnalistlərin başları üzərinə qaldırdığı üçrəngli, ay-ulduzlu bayrağımız altında kəsildi. Sonra hətta bəyi də oğurladıq. Həmin gün geri dönmək istəyində olan dostlarımızı yoldan bir günlük saxlamaq cəhdi də göstərdik...

 

                        ***

 

Ruslanın əmisi oğlu, jurnalist, hazırda Fransada mühacirətdə olan Aqil Xəlilin Kürdəmirdəki evlərindəydik. Ev sahibləri həm Ruslanın, həm də Aqilin dostlarını qarşılamaq üçün xüsusi hazırlıq görmüşdülər. İyi adamı bihuş edən quzu kababı təzəcə süfrəyə gəlmişdi ki, Nicat yola çıxan dostlarımızın Bakıya necə çatdıqlarını öyrənmək üçün Xəzər bəyə zəng vurdu. Xəzərin dediyi xəbərdən sonra əvvəlcə Nicatı, sonra isə bizi, o cümlədən ev yiyələrini sanki cərəyan vurdu. Dostlarımız qəzaya düşmüşdü.

Özümə gələndə yuxuda məni cərəyanın vurmasını xatırladım. 

O da yadıma düşdü ki, bir az əvvəl dostların getməsindən şikayətlənmişdik, sən demə həmin anlarda dostlarımız birdəfəlik gedə bilərmiş. 

***

 

Bakıya qayıdandan sonra qəza nəticəsində xəsarət almış Ceyhuna baş çəkməyə getmişdik. Ceyhunun hadisə barəsində danışdıqlarından yadıma qalan bir neçə maraqlı məqamı sizinlə də bölüşüm; Mərəzə yolunda Xəzər Teyyublunun qara "Mersedes"i təxminən 60 km sürətlə gedirmiş. Bu vaxt mavi rəngli VAZ-2106 markalı təxminən 150-160 sürətlə düz "Mersedes"in üstünə gəlib. Ceyhun bu gəlişi və ya da sürəti idmançının yüksək çəkili daşı hündür mərtəbədən yerə atmasına bənzədir. Ani olaraq indi təsvir edəcəyimiz hadisələr baş verir: Ceyhun qışqıraraq "Ay Allah, mən öləcəm" qışqırıb. Xəzər bəy isə "Qorxma qoymaram, öləsiz" deyərək rolu fırladıb və özünü daha çox təhlükəyə atıb. Elə həmin anda da ara qarışıb, məzhəb itib. Xəzər bəy ciddi xəsarət almasına, vəziyyətinin ağırlığına baxmayaraq günahı olan sürücünü, iki qat olmuş maşından çıxarıb. Maşında olan həmkarlarımızın hamısı müxtəlif dərəcəli xəsarətlər alıblar. Maşınlar toqquşan anda təhlükəsizlik yastığı açılmasa, hətta ölüm hadisəsi də baş verə bilərmiş. Ürəyi keçən Ceyhun ayılanda özünü yolun o biri hissəsində çəmənlikdə görüb, elə bilib ki, hər şey bitib. Cənnət dedikləri yer də elə bu çəmənlikdir. Ancaq tam aylından sonra sağ olduğu qənatinə gəlib. Ceyhun deyir, hadisə baş verən anda cəmi bir neçə saniyə içərisində həyat yoldaşını və qızını görüb. Yoldaşı qızının əlindən tutub məktəbə aparırmış. Öz-özünə "Şükür son nəfəsimdə onları görə bildim" deyib və bir də çəmənlikdə ayılıb.

***

 

Dostlarımız Mərəzə xəstəxanasından çıxanda gecə saat ikinin yarısı idi.

 

                        ***

 

Ceyhun baş verənlər haqqında ölümünə reportaj yazacaq. Dostlar məni qınamasın; şəxsən mən belə düşünürəm ki, ölümünə reportaj yazmaq üçün ölümlə üz-üzə, göz-gözə gəlməyə, onun nəfəsini hiss etməyə dəyər. Həm də... Ölümlə üz-üzə, göz-gözə gəlib, taym-aut götürmək, cərəyanlı elektrik məftillərdən yapışıb sona qədər dayanmaq hər oğulun işi deyil. Ona görə də mən qədər mübahisəli görünsə də belə deyirəm: "Qəzamız mübarək!!!"

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir