Modern.az

Günə 3 adam - Liftdə qalma STATİSTİKASI: Bakının qəzalı liftlər PROBLEMİ

Günə 3 adam - Liftdə qalma STATİSTİKASI: Bakının qəzalı liftlər PROBLEMİ

Ölkə

5 İyul 2013, 11:39

Bakı sakinlərini ən çox narahat edən problemlərdən biri istismar müddəti bitmiş və yenisi ilə əvəzlənməyən liftlərdir. Sakinlər bir liftə minəndə, bir də mənzil başına sağ-salamat çatanda əllərini açıb Allaha şükür oxuyurlar. Lakin hər gün kəlmeyi-şəhadətlərini oxuya-oxuya liftə minənlər təkcə köhnə binaların sakinləri deyil. Bu problemə yeni istifadəyə verilən binalarda rast gəlinir. Bakıda istifadəyə verilmiş çoxmərtəbəli yaşayış binalarından bəzilərində artıq indidən lift problemi yaranmağa başlayıb. Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində hər gün bir-neçə nəfərin liftdə qaldığı və FHN əməkdaşlarının köməyi ilə onların xilas edildiyi deyilir. Bunun da bir səbəbi işləyən liftlərin də əksəriyyətinin istismar müddətini başa vurmasındadır.

2008-ci ildə prezident şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən, şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb. Lakin ayrılmış vəsaitin hansı şəkildə xərclənməsi bir qədər qaranlıq qalır. Çünki şəhərimizdə binaların liftlərinə diqqət yetirsək, görərik ki, heç bir dəyişiklik yoxdur, əksinə, vəziyyət get-gedə daha da ağırlaşır.

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (BŞMKTD) “Bakı Lift-Təmir“ İstehsalat Birliyinin baş mühəndisi Mehdi Hüseynov deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, Birliyin balansında 5219 lift var ki, onların da heç birində qəzalı vəziyyət yoxdur.

“Hər bir liftin texniki pasportu var. İldə bir dəfə bu liftlər yoxlanılır. Fövqəladə Hallar Nazirliyinin Dağ-Mədən Nəzarət Dövlət Agentliyi var ki, həmin qurum liftlərə baxış keçirərək istismarına icazə verilməsi ilə bağlı pasporta möhür vurur. Hansı lift texniki cəhətdən yararsızdırsa, istifadəsi insan həyatı üçün təhlükəlidirsə,  həmin liftin istifadəsi dayandırılır” -deyə M.Hüseynov Modern.az saytına bildirib.

İdarə rəsmisinin sözlərinə görə, dövlət standartlarına uyğun olaraq liftlərin istismar müddəti 25 il müəyyən olunub.
“Amma bu o demək deyil ki, istismar müddətini başa vuran liftlər işləməməlidir. Bu gün Bakıda 30 ildən çox işləyən liftlər var. İstifadə müddətini başa vursalar da,  bu, həmin liftlər təhlükəli olması demək deyil. Bu il ərzində artıq 139 yeni lift quraşdırılıb. İndi isə 135 liftin quraşdırılması nəzərdə tutulur. Avqust ayına kimi həmin liftlərin quraşdırılması başa çatacaq. Son beş il ərzində 690-a yaxın lift dəyişdirilib. Ötən il 412-si ötən il yenilənib”.  

Yenilənən liftlərlə bərabər Allahın ümidinə qalan liftlər də az deyil. Belə liftlərin “motor”u və “tros”u uzun illərdir işlədiyindən artıq öz funksiyasını itirməyə başlayıblar. Liftlərin nasaz işləməsi bir sıra hallarda faciəvi sonluqla başa çatıb. İstismar müddətini başa vurmuş liftlərdən istifadə edərkən onun “tros”unun qırılması və alt hissəsinin qopması vətəndaşların hündür mərtəbələrdən zirzəmiyə düşməsinə, faciəvi şəkildə ölümünə səbəb olub.

Mehdi Hüseynov isə deyir ki, liftin “tros”unun qırılması çox nadir hallarda baş verir. Onun sözlərinə görə, belə hallar həddindən artıq baxımsız vəziyyətdə olan liftlərdə baş verə bilər.
“Sadəcə liftin sürüşməsi baş verə bilər. Sürüşmə zamanı kabinə də sürüşür. Bu zaman liftin “blokirovka” sistemi işə düşür və lifti sıxır ki daha da aşağı düşməsin. Lift o dərəcədə baxımsız olmalıdır ki, onun blokasalma sistemi işləməsin və beşinci mərtəbədən birinci mərtəbəyə düşsün”.

Baş mühəndis sakinləri də qınayır: “Elə binalar var ki, həmin blokların qarşısıda dəmir məmulatlar çölə tökülüb. İllər boyu sakinlər bloklarını süpürüb liftin çalalarına tökürlər. Hətta liftin çalalarından bir “KAMAZ” zibil çıxarılır. Ona görə də vaxtımızın çoxu həmin kənar əşyaları təmizləməklə keçir. Hətta elə binalar var ki, liftin yerinə çənlər, şkaflar quraşdırılıb. Ona görə də liftlərin yenilənməsi hissə-hissə baş tutacaq”.

 

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı