Modern.az saytı 6 ayın intihar statistikasını təqdim edir
Modern.az saytı xəbər verir ki, rəsmi mənbələrin məlumatına görə, 2013-cü ilin 6 ayı ərzində Azərbaycanda 149 intihar, 78 intihara cəhd faktı qeydə alınıb. Bu müddətdə həyatına qəsd edənlərin 116-sı kişi, 47-si qadın olub. 6 ayda 15 məktəbli və yeniyetmə özünü öldürüb, 3-nün cəhdi baş tutmayıb. İntihar edənlərin 8 nəfəri hərbçidir, daha 2 nəfərin özünü öldürmək niyyəti alınmayıb. Qeyd edək ki, müxtəlif yollarla həyatlarına qəsd cəhdləri uğursuz olanların 46 nəfəri kişi, 29-u qadın olub. Dünyanın hər yerində olduğu kimi, bizim ölkədə də baş verən intiharların müxtəlif səbəbləri var. Yaş həddinə görə də həyatına qəsd edən insanlar fərqli deyil. Azərbaycanda da məktəblidən tutmuş ən yaşlı insanlar belə, özlərini öldürməkdən vaz keçmirlər. Ən dəhşətlisi odur ki, bizdə də müəllimlər arasında da intihar faktları baş verir.
Məktəb direktoru, müəllimlər intihar edib
Salyan rayonu, Qızılağac kənd sakini, 56 yaşlı Fətulla İsmayılov yaşadığı evin həyətində özünü asıb. Mərhum Qızılağac kənd Əlövsət Quliyev adına orta məktəbin direktoru olub.
Sumqayıt şəhər sakini Zakir Məmmədov yaşadığı beşmərtəbəli binanın damından özünü ataraq intihar edib. O, Sumqayıt Dövlət Texniki Kollecində müəllim işləyib. Bir müddət əvvəl əsəblərində problemlər yarandığı üçün işindən ayrılıb. Onun intihar etməsinə də psixi pozğunluğunun səbəb olduğu bildirilib.
İsmayıllı rayonu, Qalıncaq kənd sakini, 48 yaşlı Azad Rəcəbəliyev yaşadığı kəndin yaxınlığındakı meşə massivində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. O, Qalıncaq kənd orta məktəbində bədən tərbiyəsi müəllimi işləyirmiş. İntihar etməzdən əvvəl qohumlarına zəng vuraraq meşədə olduğunu və 1 saat sonra gəlib onu götürmələrini xahiş edib. Qohumları meşəyə gəlib və onu axtarmağa başlayıblar. Bir neçə saat sonra onu ağacdan asılmış vəziyyətdə tapıblar.
“Ata, yolumu gözlə, yanına gələcəyəm”
Qeyd etdik ki, 6 ayda ölkədə intiharlara görə 15 məktəbli və yeniyetmə itirmişik. Bu yaş qrupuna aid olan insanların da həyatlarına qəsd səbəbləri müxtəlifdir. Sabunçu rayonu, Balaxanı qəsəbəsində 17 yaşlı Cavid Bayramov özünü yaşadığı evdə asıb. 10-cu sinif şagirdinin intihar etməsinin səbəbləri açıqlanmayıb.
Şamaxı rayonu, Qaravəlli kənd sakini, 17 yaşlı Aqşin Məmmədov da özünü asaraq həyatına son qoyub. Bu dəhşətli intiharın səbəbinə gəldikdə, rayon Prokurorluğundan verilən məlumata görə, orta məktəbin 10-cu sinif şagirdi olan Aqşinin atası bir müddət əvvəl rəhmətə gedib. Həmin vaxtdan özünə qapanan oğul atasının məzarı üzərinə gedərək: “Ata, yolumu gözlə, yanına gələcəyəm”, - deyirmiş. Neftçala rayonu, Qədimkənd kəndində 16 yaşlı Şəfadət Məmmədov da özünü asıb.
Məktəbli qız dözülməz ağrıdan ölümü seçdi
Biləsuvar rayonunda yerləşən məcburi köçkün şəhərciyində 13 yaşlı cəbrayıllı qız Təranə Həsənova yaşadığı evdə özünü asıb. Azyaşlının beyin vərəmi xəstəliyindən əziyyət çəkdiyi üçün intihar etdiyi bildirilib.
16 yaşlı Ucar rayon sakini Şərif Abdullayev özünü asıb. Onun evdə telefonla danışdığı, daha sonra həyətə çıxdığı bildirilir. Ailə üzvləri bir neçə saat sonra Şərif Abdullayevi çardaqdan asılı vəziyyətdə tapıblar.
Göyçay rayonu, Bığır kənd sakini, 14 yaşlı Aidə Osmanova yaşadığı evin həyətindəki tövlədə özünü asıb.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki çoxmərtəbəli binada yaşayan 17 yaşlı Familə Bayramova 11-ci mərtəbənin eyvanından özünü aşağı atıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. F. Bayramova tələbə idi.
Danlanan məktəbli həyatına qəsd edib
Astara rayonu, Alaşa kənd sakini, 15 yaşlı Xəyalə Tağızadə yaşadığı evin həyətində yerləşən tövlədə özünü asıb. Verilən məlumata görə, məktəbli qız uşaqlığının qurbanı olub. Xəyalə uşaqlıq şəkillərindən birini cırıb. Anası qızını şəkli cırmasına görə danlayıb. Həmin mübahisədən sonra Xəyalə ailə üzvlərinin evdə olduğu zaman gözdən yayınaraq özünü öldürüb. Ana qızının evdə və həyətdə olmadığından şübhələnərək onu axtarıb və tövlədə asılmış vəziyyətdə aşkarlayıb.
Göygöl rayon sakini, 16 yaşlı Nuranə Yusifova da yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Son zəng günü intihar
Şəmkir rayonu, Çinarlı qəsəbəsində 16 yaşlı Aynur Dilmanlı son zəng günü özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi açıqlanmayıb.
Qobustan rayonu, Bədəli kənd sakini, 17 yaşlı Cənnət Şeydayeva yaşadığı evin həyətindəki tövlənin ot çardağında özünü asıb. Üç aydır nişanlı olan yeniyetmənin özünə qəsd etməsinin səbəbi açıqlanmayıb.
Həyatından bezib, özünü öldürüb
6 ayda qeydə alınan intiharların bəzilərinin baş vermə səbəbi güzəranın çətinliyi, insanların bu və ya digər səbəbdən borca düşmələri olub.
Şəmkir rayonu, İrmaşlı kənd sakini, 39 yaşlı Ağalar Məmmədov evində intihar məqsədilə bıçaqla özünü bıçaqla doğrayıb. Təcilli olaraq xəstəxanaya çatdırılan A.Məmmədov aldığı xəsarətdən orada ölüb. Qarabağ döyüşlərində iştirak edib kontuziya almış A.Məmmədov həyatından bezərək özünü ailə üzvlərinin gözləri qarşısında öldürüb. Müharibə veteranı xəstə olan 3 azyaşlı uşağının dərdinə əlac edə bilməməyindən sarsılıbmış. Bir gecə isə A.Məmmədov uşaqlarının və həyat yoldaşının gözləri qarşısında bıçağı sinəsinə soxub.
Övladlarının ac qalmasına dözməyən ata intihar etdi
Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşayan 34 yaşlı Polad Astarov özünü yaşadığı evdə asıb. İntihar edən 2 uşaq atası olub. Özəl şirkətlərdən birində mühafizəçi işləyən paytaxt sakini maddi sıxıntılar içində imiş. Övladlarının ac qalmasına dözməyən ata həyatına qəsd edib. “Kasıblıqdan əziyyət çəkirik. İki uşağım yarıac, yarıtox dolanır. Polad uşaqları bu vəziyyətdə görüb dözə bilmirdi. Mühafizəçi işləyirdi. Aldığı maaş dolanışığımıza bəs etmirdi. Axırda da özünü öldürdü”, - deyə mərhumun həyat yoldaşı hadisədən sonra istintaqa belə deyib.
Ağcabədi şəhərində yaşayan 60 yaşlı Şükür Quliyev oğlu ailə üzvlərinin gözü qarşısında sirkə turşusu içərək özünü zəhərləyərək ölüb. O, ehtiyatda olan polis mayoru idi. 60 yaşlı Ş.Quliyevin intiharına isə külli miqdarda pul borcunun olması səbəb göstərilib. Məlumata görə, o polis sistemindən təqaüdə çıxdıqdan sonra qohum-əqrəbadan xeyli miqdarda pul borc alıb. Ş.Quliyev daha sonra topladığı pulu faizlə başqa birisinə borc verib. Lakin onun borc verdiyi şəxs ölkədən qaçıb, Ş.Quliyev isə pis vəziyyətə düşüb. Nəhayət qohum-əqrəbanın borcunu qaytara bilməyən ehtiyatda olan polis zabiti özünü yaxınlarının gözü önündə öldürüb.
Sahibkar özünü güllələyib
Bakı-Şamaxı yolunun 50-ci kilometrliyində , 39 yaşlı Abşeron rayon sakini Bəxtiyar Məmmədov özünə məxsus “Audi Q7” markalı, 90 RA 353 dövlət nömrə nişanlı avtomobildə “Vinçestr” markalı silahdan atəş açaraq özünü öldürüb.
Verilən məlumata görə, sement biznesi ilə məşğul olan B.Məmmədov külli miqdarda borcu olduğuna görə özünü öldürüb. Ailə üzvlərinin bildirdiyinə görə, sement ticarəti ilə məşğul olan iş adamının müxtəlif firmalara 2 milyon manat məbləğində borcu olub.
Əri ilə dalaşan qadın zəhər içib
6 ayda özlərini öldürənlərin, yaxud buna cəhd edənlərin bir çoxu bu yolu ailədaxilində baş verən mübahisə və münaqişələr üzündən seçib. Bəzən isə intiharlar tam bir ailənin faciəsinə səbəb olur.
Şamaxı rayonu, Göylər kənd sakini, 37 yaşlı Şövqə Mikayılova siçan dərmanı içərək intihar edib. Rayon Prokurorluğundan verilən məlumata görə, qadın həyat yoldaşı Cəlal Qurbanovla dalaşdıqdan sonra bu addımı atıb. Ş.Qurbanova ilə həyat yoldaşı arasında yaranan münaqişədən sonra ailə başçısı baş götürərək kəndi tərk edib. Qadın isə baş verənlərə dözməyərək intihar etmək qərarına gəlib. Onların 3 uşağı qalıb.
Həyat yoldaşlarını itirən kişilər özlərini öldürüblər
Tovuz rayonu Qaralar kənd sakini Kamil Məmmədov ov tüfəngindən atəş açaraq özünü öldürüb. Rayon Prokurorluğundan verilən məlumata görə, K.Məmmədovun iki uşağı və həyat yoldaşı bir müddət əvvəl dünyasını dəyişib. Sonra tənha qalan kişi xəstəlikdən də əziyyət çəkirmiş. Onun intihar etməsində də bu amillərin rol oynadığı ehtimal olunub.
Sabunçu rayonu Maştağa qəsəbəsində 45 yaşlı Mirdiyar Mustafayev yaşadığı evin həyətində olan yardımçı tikilinin tavanından özünü asıb. Onun 3 uşağını başsız qoymasına gəldikdə, məlum olub ki, həyat yoldaşı 6 ay əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişib. Bundan sonra 45 yaşlı M.Mustafayev depressiyaya düşüb. Maddi sıxıntılar çəkən Maştağa sakini daha sonra özünü də öldürmək qərarına gəlib. Övladları yaşadıqları evin tavanından keçən dəmir borudan asılı vəziyyətdə qalmış atalarının meyitini görüncə sarsıntı keçiriblər.
Lənkəran rayonu, Kərgəlan kənd sakini, 56 yaşlı Validə Muradova yaşadığı evdə özünü asaraq intihar edib. Qadının əvvəllər əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Uzun müddət ailəli olsalar da, onların uşaqları olmurmuş. Bu səbəbdən V.Muradova daim özünü tənha hiss etdiyini və həyatdan bezdiyini deyirmiş. Axşam saatlarında isə həyat yoldaşı evə gələrkən arvadını asılmış vəziyyətdə görüb. Qeyd edək ki, həyat yoldaşını asılmış vəziyyətdə gördükdən sonra, V.Muradovanın əri psixi sarsıntı keçirib.
Şamaxı rayonunun Quşçu kənd sakini, 51 yaşlı Gülhəsən Şeydayev ailə münaqişəsi zəminində həyat yoldaşı, 48 yaşlı Pakizə Şeydayevanı döyərək ona küt alətlə ağır bədən xəsarətləri yetirib. G. Şeydayev həyat yoldaşının aldığı xəsarətlərdən öldüyünü zənn edərək ov tüfəngi ilə özünü güllələyib. O, ürək nahiyəsindən aldığı yaradan dünyasını dəyişib, iki uşaq anası P. Şeydayeva isə ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Depressiyaya düşən gənc ana özünü adıb
Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan 19 yaşlı Leyla Nəcəfli yaşadığı evin həyətində özünü asıb. Yaxınları L.Nəcəflinin bir müddət əvvəl həyat yoldaşından ayrıldığını deyiblər. Məhkəmə onun övladının atası ilə qalması barədə qərar verib. Övladının yoxluğundan depressiyaya düşən L.Nəcəfli buna dözməyərək intihar edib.
Sevgi uğursuzluğu – intihara aparan səbəb
Laçın rayonundan məcburi köçkün, 25 yaşlı Zaur Rəsulov özünü Nərimanov rayonu ərazisində, qəssab işlədiyi “Qoçət” mağazasının anbarında asıb. İlkin ehtimala görə, gənc oğlan sevdiyi qızdan ayrıldığı üçün intihar edib.
Nərimanov rayonunda daha bir nakam sevgi intihara səbəb olub. Taksi fəaliyyəti ilə məşğul olan 26 yaşlı rayon sakini Emil Vəliyev özünü elə avtomobilinin təhlükəsizlik kəməri ilə su çəninin borusundan asıb. Məlum olub ki, E.Vəliyevin ölümü uzun müddət sevdiyi bir qızla birbaşa bağlıdır. Onunla evlənməyi planlaşdıran Eminin bütün planlarını qızın valideynləri alt-üst edib. Qızın ona verilməməyindən sarsılan Emin sevgisini özünü öldürməklə sübut edib.
Kürdəmir rayonu, Karrar kənd sakini, 18 yaşlı Aytən Hüseynova özünü həyətdəki tikilidə asıb. Məlumata görə, 18 yaşlı qızı kənddə yaşayan bir oğlan sevirmiş. Amma qızın ailəsi onu sevdiyi oğlana verməyib. O da bu səbəbdən özünə qəsd edib.
Yasamal rayonunda 21 yaşlı Babək Şahbazov özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. Onun da sevdiyi qıza görə intihar etdiyi bildirilir.
Qoşulub qaçıb, qayıdıb və özünü asıb
Beyləqan rayonu, Yeni Mil kəndində yaşayan 22 yaşlı Nahidə Məmmədzadə yaşadığı evdə özünü asıb.
Rayon Prokurorluğundan verilən məlumata görə, intihar edən qız ailəli kişiyə qoşularaq qaçıb. O, qaçdığı şəxslə üç-dörd gün Bakıda qalıb. Qızın ailəsinin polisə şikayətindən sonra qız tapılaraq geri qaytarılıb. Bakirəliyini itirən qıza daha böyük zərbəni isə elə yenə həmin kişi vurub. O, qızı qaçırarkən bakirə olmadığını deyib. Bundan sonra sarsıntı keçirən N.Məmmədzadə özünü asıb. Orta məktəbi qurtaran Nahidə ailə məktəbə hazırlaşırmış. Onu qaçıran şəxs isə qardaşına məxsus tikinti materialları mağazasında işləyib.
Nərimanov rayonunda 30 yaşlı Cavid Mahmudov özünü kirayədə yaşayan sevgilisinin evində asıb. O, sevgilisi evdə olmayan vaxt parçadan ilgək düzəldərək özünü asıb. Sevdiyi qadın evə gələn zaman C.Mahmudovun asılmış meyiti islə rastlaşıb.
Modern.az