Ötən ilin dekabrında ölkə prezidentinin sərəncamı ilə aprelin 10-u Azərbaycanda İnşaatçılar günü elan olunub. Deməli bu ildən Azərbaycanda 10 aprel İnşaatçılar günü kimi qeyd ediləcək.
Maraqlıdır, inşaatçılar həmin günü necə qeyd edəcəklər?.
80 yaşlı inşaatçı, SSRİ Dövləti Mükafatı laueratı, Qırmızı Əmək Bayrağı, Oktyabr İnqlabı ordenlərinə, Əmək Qəhrəmanı, Əmək Veteranı medallarına layiq görülmüş Nuru Xəlilov Modern.az saytının suallarını cavablandırıb.
Qeyd edək ki, Nuru Xəlilov 1930-cu ildə Kəlbəcərdə anadan olub. Orta məktəbi Kəlbəcərin Qılınclı kəndində bitirib. İkinci Dünya Müharibəsi zamanı arxa cəbhədə çalışıb. Müharıbə qurtarandan sonra hərbi xidmətə çağırılıb. Elə o zaman arxa cəbhədə fəal çalışdığına görə ona medal veriblər.
Hərbi xidməti başa vurandan sonra Bakıya gəlib və tikinti sahəsində çalışmağa üstünlük verib.
“Özüm könüllu gəldim Bakıya. Başladım inşaatda işləməyə. Bilirsiniz, o zaman hər bir işin özünün qanun-qaydası vardı. Yaxşı işlədiyimə görə 1960-cı ildə mənə Əmək Qəhrəmanı medalı verdilər. O vaxtdan 1995-ci ilə kimi inşaatda işləmişəm”.
Nuru Xəlilov deyir ki, onun işlərinə görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən həmişə böyük qiymət verilib: “Heydər Əliyev mənə Qırmızı Əmək Bayrağı ordeni, Oktiyabr İnqilabı ordeni, “Əməkdar inşaatçı” adı verib. 1985-ci ildə mənə SSRİ Dövlət Mükafatı verdilər.
Bununla bağlı hər respublikdan Kremlə bir adam çağırılmışdı. Azərbaycandan məni çağırmışdılar. Orada medalı döşümə taxan qadın dedi ki, “Xəlilov Heydər Əliyev səni çağırır”. Dedim “bilmirəm axı harda oturur Heydər Əliyev”. O mənə kömək etdi. İkinci mərtəbədə Şevardnadze bizi qarşıladı. Qadın məni apardı Heydər Əliyevin yanına. Ümumiyyətlə, rəhmətlik Heydər Əliyevlə mənim çox görüşlərim olub. Tikinti obyektlərinə gələndə də həmişə onu mən qarşılıyardım. Gəldim Heydər Əliyevin yanına, durdu ayağa, məni təbrik elədi. O vaxtı belə bir qayda var idi, kim pul mukafatı alsa, Vyetnama yardım edirdi. Biz çay içdik. Onu da deyim ki, “Qorkom”dan 2500 manat pul vermişdilər ki, Vyetnama yardım edərsən. Heydər Əliyev mənə dedi ki, “Xəlilov mükafatı aldın”, dedim “bəli”. Heydər Əliyev soruşdu ki, “Vyetnama kömək etdin?”. Dedim “bəli”, soruşdu ki, “nə qədər?”, dedim “2500 manat”. Heydər Əliyev bildirdi ki, “Bakıya deyərəm, o 2500 manatı sən gedənə qədər evinə verərlər”. Dedim, “yoldaşı Heydər Əliyev, deməyin, mənə o 2500 manatı verdilər, onu da Vyetnama yardım etdim”.
Çox görüşlərim olub ulu ondərlə. 1984-cu ilin dekabır ayı idi. Heydər Əliyev SSR Nazirlər Kabineti sədrinin birinci müavini idi. O zaman Binəqədi rayonun üçüncü katibi Elnura xanım məni çağırdı və dedi ki, Heydər Əliyev sabah gələcək bura, zavodda onu qarşılamalısan. Bir vərəq də verdi ki, bunu oxuyarsan. Dedim ki, mən o varağı oxuya bilmərəm, öz sözümlə deyə bilərəm. Dedi ki, “nə deyəcəksən?”
Başladım: vətənimizin qəhrəman oğlu Heydər Əliyev bizim gənc zavoda xoş gəlib, bizim zavodumuzun bu vəziyyətə gəlib çatmasında onun da böyuk əməyi var. Ona görə SSRİ-nin qəhrəman oğlu deyirəm ki, Siz SSRİ Nazirlər Sovetinin sədrinin birinci mavini vəzifəsinə öz qüvvənizlə getmisiniz. Elnura xanım dedi, “başına dönüm bir də de”. Bildirdim ki, bu öz sözlərimdi, yadımdan çıxmaz. Bir də doğrunu söyləyirdim. - Bakı şəhərində hansı binaların tikintisində iştrak etmisiz?
- Butun mikrorayonlardakı binaların tikintisində, Mərkəzi Komitənin, Gülustan Sarayının, Kondisoner Zavodunun, Heydər Əliyev adına Sarayın tikintisində iştirak etmişəm.
- O vaxtı verilən maaş sizi qane edirdimi?
- Hə, yuksək maaş alırdım. Mənim partbiletim hələ də durur. Onda 800-1000 manat maaş alırdım. Bu partbiletin o vaxt böyuk hörməti var idi, mən də onu yaddan çıxartmıram.
- Keçmiş dostlarınızla heç görüşürsünüzmü?
- Dost keçmiş olmur, dost dostdur. Direktorumuz Məzahir Ağayevlə həmişə görüşürük. Sabir Ələkbərov, Əli Təhməzovla da tez-tez görüşürük.
- Cavan vaxtdan Bakıda yaşamısınız. Kəndlə əlaqə saxlayırdınızmı?
- Mən kəlbəcərlilərin butun xeyir- şərində iştirak etmişəm və bu gün də bunu davam etdirirəm. Demək olar ki, Kəlbəcərlə hər gun əlaqəm olub. Kəlbəcərli olduğum üçün fəxr eləmişəm. Tanıyan adamlar bilir ki, mən Kəlbəcəri sevən adam olmuşam. Allah rəhmət eləsin Tapdıq Cəfərov yadıma düşdü. Evimiz əvvəllər Qaraşəhərdə idi. İnanın, o zaman ev gəlib-gedənlə dolu olurdu. Biz bundan zövq alırdıq. Axır vaxta kimi evim kəlbəcərlilərin get-gəl yeri olub. Mən bununla fəxr eləmişəm. İnstituta girən hamısı mənim yanıma gəlirdi.
- Özünüz Bakıya necə gəlmisiniz?
- Mən Bakıya 1950-ci ildə köçüb gəlmişəm. Bakıya gələndə subay idim. Burda yaşayırdım, 1957-ci ildə Kəlbəcərdə öz həmkəndlimlə evləndim.
- Burada bir bakılı tapmadınız?
- Vətən şirin olur, vətənin qadınları da şirin olur.
- Axı bəzən kənd qızları şəhərlə uyğunlaşa bilmirlər. Belə problemlə üzləşmədiniz ki?
- Burda kimi tanıyırdım ki...Həmkəndlimlə evlənməyi özüm istədim. Bilirsən, mənlə işləyənlərin coxu rus, tatar, başqa millətin qızını aldılar. Mən belə şeyə getməzdim.
- Son illər bizdə tikinti işləri çox sürətli gedir. Necə qiymətləndirirsiniz bu işləri?
- Hər vaxtın yaxşı, pis cəhəti olur. O vaxt camaatın biliyi yox idi, çətin vəziyyət idi. 1970-ci ildə Heydər Əliyev bildirdi ki, hamının evi olmalıdır. Sovet Konstitusiyasi da bunu tələb edirdi.
- İndiki tikintilər keyfiyyət baxımından necədir?
- O vaxtı evlər daha keyfiyyətli tikilirdi. Yadınızdadı, Bakıda 7 bal gücündə zəlzələ oldu, o vaxtki binaların birində cat belə olmadı.
- Qarşıdan inşatçı günü gəlir. Necə qeyd edəcəksiniz bu günü?
- Prezidentimiz bu günü təsis etməklə biz inşaatçıları çox sevindirdi. Həmin günü bayram kimi qeyd edəcəyik. Bütün dostlar bir yerə toplaşacaq.
Mail Ağaxanov