Yay fəsli olduğundan qəzetlər, saytlar oxucu qıtlığı yaşayır. Amma nə yaxşı ki, oktyabrda prezident seçkisi keçiriləcək. Yenə də həmkarlarımız vəziyyətdən birtəhər çıxırlar. Bunun dediyini ona, onun dediyini buna çatdırıb, “siz bu barədə necə düşünürsünüz” kimi suallar verməklə həm qeyri-peşəkarlıqlarını ört-basdır edirlər, həm də ən azından günü boşa vermirlər.Amma təbii ki, öz aləmlərində.
Peşəkar jurnalistlər kimi, peşəkar oxucular da var. Yəni ömründə bir-iki kitab oxumuş, üç-dörd xəbərə oxuculuq etmiş adam bəzi “açıqlamalar”a göz atan kimi başa düşür ki, bunu iddiası bir vaqon, istedadı bir qoltuq olan kimsə yazıb.
Əslində bu haqda yazmaya da bilərdim. Amma son vaxtlar yazılarımı sosial şəbəkədə paylaşandan sonra oxucular həmkarlarımın qeyri-perşəkarlığına toxunmağımı da xahiş edirlər. Amma öz aramızdı, deyəsən mənim də iddiam az deyil haaa, heç olmasa yarım vaqon.
Özünüz yaxşı bilirsiniz ki, ilin-günün bu vaxtı oxucu məktubu, mesajı almaq tutya kimi bir şeydir. Yəni onun təklifini rədd eləmək, görməzlikdən gəlmək qəbahətdir.
Şəxsən bir oxucu kimi məni həmkarlarımın fəaliyyətində qane etməyən əsas məqamlardan biri başlıq seçimidir. Saytların istənilən bölməsində “ehtiras”, “seks” kimi sözlərə gündə azı 10 dəfə rast gəlinir. Nə bilim “seksual aparıcı filan şeyini çıxartdı”, “Ehtiraslı gözəlçə sevgilisinə belə sarıldı”.
Bu gedişlə iki prezidentin görüşüb hal-əhval tutmasına təxminən belə başlıq qoyulacaq:
“Ehtiraslı prezident həmkarını öpüşlərə qərq elədi”.
Yaxud da belə: “Siyasətçilər bağlı qapılar arxasında hansı oyundan çıxdılar”.
Bu durum idman jurnalistikasında da müşahidə olunur. Bir də görürsən ki, hansısa tanınmış futbolçunun özünə yeni geyim almasını həmkarlarımız elə təqdim edirlər ki...
Axı 5-10 artıq oxucuya görə belə şeylərə getmək peşəkarlıq deyil. Onsuz da tələyə salıb sayta cəlb elədiyiniz oxucu başlıqla yazınıın məğzinin uyuşmadığını görüncə, sizi söyə-söyə də saytdan çıxır. Şəxsən özüm neçə dəfə belə eləmişəm. Yəni başlıqla məzmun uyğun gəlməyincə söyüş fantaziyamı işə salmışam.
Tutaq ki, məşhur futbolçu özünə yeni cins şalvar alıb. Bir də görürsən ki, hansısa mənasız sayt onu belə təqdim edir: “Məşhur futbolçu cinsini dəyişdi – ŞOK”.
İndi gəl hirslənmə… Axı burada “cinsini dəyişdi” ifadəsi başqa anlamı verir, bu zadın şalvara nə dəxli var..?
Rəngarənglik yaxşı şeydir e. Amma özünüzü söydürürsünüz axı...
P.S. Yazıya ayrı başlıq da qoya bilərdim. Amma nəzərə alın ki, nəyisə isbatlamaq üçün əyanilik vacibdir.