Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Facebook sosial şəbəkəsində vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Modern.az-ın məlumatına görə, vətəndaşlar R.Abdullayevə sualları ARDNŞ-in rəsmi səhifəsində yollaya bilərlər.
R.Abdullayevə artıq xeyli sayda istifadəçi sual ünvanlayıb. Suallar iyulun sonunadək cavablandırılacaq.
Sualların əksəriyyəti ARDNŞ-də çalışanların ev problemi, maaş azlığı, əcnəbi mütəxəssislərlə müqayisədə yerli işçilərə diqqətsizlik və s. məsələlərlə bağlıdır.
Diqqət çəkən suallardan bir neçəsini təqdim edirik.
Xəyyam Musayev: Mən keçən dəfə də bir sual vermişdim ki, SOCAR-da işləyən ali təhsilli fəhlələrin siyahısı götürülsün, onlar mühəndis təyin edilsinlər. Bu barədə fikrinizi bildirin xahiş edirəm.
Vasiq Həsənov: Hal-hazırda ev növbəsinə yazılmaq dayandırılıb. Bundan sonra şirkət öz işçilərinə ev almaq üçün faizsiz uzunmüddətli ipoteka krediti verilə bilərmi. Gənclərin əksəriyyəti ev problemi yaşayır.
Şaiq Qəhrəmanov: Ötən müsahibənizdə dediniz ki, problemləri araşdırmısınız. Amma siz heç nəyi araşdırmamısınız. Heç nədən də xəbəriniz yoxdur.
Rəşad Musayev: Salam Rövnəq müəllim. Mənə deyə bilərsinzi ki, SOCAR-da paket söhbəti nədir? Sizin bundan xəbəriniz var? Məsələn bir zavodda işləyənlərin yarısı "paket" adı altında müəyyən qədərpul alırlar.
Əli Muxtar: Rövnəq müəllim, bu sualıma mütləq cavab verin. Hərbidə olmayan, amma hərbi bileti olan insanları işə götürmürsünüz. Səbəb?
Zaur Zuar: Prezidentin maaşların 10 faiz artırılması ilə bağlı sərəncamını niyə yerinə yetirmirsiniz?
Sevinc Məmmədova: Vallah heç yazmağa belə dəyməz. Burada əsas odur ki, daydayın olsun. SOCAR-da daydayı olan diplomsuz işləyir. Əlində diplomu olanlar qıraqdan mənim kimi baxırlar.
Gülnarə Musayeva: Maaşlar çox azdır. Xahiş edirəm bizi nəzərə alın.
Qeyd edək ki, ARDNŞ prezidenti bundan öncə də sosial şəbəkə istifadəçilərinin suallarına videomüsahibə ilə cavab verib.
Anar RÜSTƏMOV