Modern. az saytı “Rayonlardakı vəziyyət: Deputat və jurnalist danışır ” layihəsini davam etdirir. Bu dəfə seçilən bölgə Binəqədi rayonudur. Bu bölgədə olan problemlərlə bağlı 9 saylı Binəqədi ikinci seçki dairəsindən olan deputat Rafael Cəbrayılov və Binəqədi rayonunda yaşayan jurnalist, “Gündəlik teleqraf” qəzetinin əməkdaşı Nemət Orucov danışır.
Deputat Rafael Cəbrayılov deyir ki, bu gün Bakı şəhərində ən çox quruculuq işləri Binəqədidə gedir. “Paralel şəkildə 700-də artıq nöqtədə quruculuq və yenidənqurma işləri gedir. Bununla yanaşı, problemlər də var. Əvvəla, Bakı şəhərində qanunsuz tikililərlə bağlı birinci yeri Binəqədi rayonu tutur. Ən çox neft şirkətinin ərazisində və neft buruqlarının arasında evlər tikilib. 700-dən artıq belə tikililərin sökülməsi ilə bağlı məhkəmənin qətnaməsi var. Bilmirəm hansı səbəbdən buna cavab verən dövlət məmurları qəsdən insanların həmin ərazidə məskunlaşmasına, bütün pulunu qoyub ev tikməsinə şərait yaradıblar. Seçicilərin də ən çox müraciətləri bununla bağlı olur. Bu barədə geniş araşdırma aparılmasını məsləhət görərdim. Burada xoşagəlməz məsələlər meydana çıxa bilər.
Öyrənmək olar ki, niyə həmin insanlara qanunsuz yerlərdə ev tikmələrinə icazə verilir... Söhbət neft şirkətinin tabeçiliyində olmayan qurumdan gedir. İnsanlar problem yaşayır. Bundan başqa, “Xutor” ərazisində yolların genişləndirilməsi ilə bağlı insanların evləri sökülür. Sözsüz ki, söhbət torpağın dövlət ehtiyacları üçün alınmasından gedir. Bu barədə qanun var. Bununla bağlı da müraciətlər olur. Bununla yanaşı, Binəqədi rayonunda uğurlar da var. Elektron hökumət layihəsi ilk dəfə Binəqədi rayonunda tətbiq olunub. Bunun sayəsində vətəndaşlar birbaşa icra başçısına öz problemləri ilə bağlı müraciət edə bilərlər. ”
Jurnalist Nemət Orucov isə bildirib ki, Binəqədi də daima problemlər olub və bundan sonra da olacaq. Çünki insan olduğu və yaşadığı yerdə problemlər olmalıdır. “Çox təəssüflə deyim ki, SSRİ zamanı Bakının ən böyük parklarından olan və hazırda şəhid Ramiz Aboyevin adını daşıyan park baxımsızlıq ucbatından dağılıb gedir. Bununla paralel olaraq Binəqədi rayon İcra Hakimiyyətinin qarşısındakı park son 2 ildə 3 dəfə təmir edilib. Hətta təmirdən sonra parkın təmiri dağıdılıb və yenidən təmir-bərpa işləri aparılıb. Eləcə də Binəqədi kəndi ərazidə ciddi su problemi mövcuddur. Baxmayaraq ki, şorlar su boru xətti bu ərazinin yaxınlığından keçir. Binəqədi bəlkə də Bakının əhali sarıdan ən yüklənmiş rayonudur. Əvvəla, burada məcburi köçkünlər daha çox məskunlaşıb. İkincisi, rayonlarda dolanışıq olmadığı səbəbindən Bakıya gələrək burada çalışıb çörək qazanan insanların çoxu Binəqədi rayonu ərazisində yaşayır. Buna səbəb kirayə haqqının nisbətən aşağı olmasıdır. Onu da deyim ki, Binəqədi rayonu ərazisində yaşayanların problemi ilə Bakının və Azərbaycanın digər rayonlarında yaşayan əhalisinin problemləri arasında ciddi fərq yoxdur. Ölkənin hər yerində işsizlik, çox işləyib az əmək haqqı alma halları var və bu Binəqədi sakinlərinə də aiddir. Eləcə də insanların dövlət idarəsində süründürməçilik halları haqqında hər kəs danışır. Bu cür problemlərin qarşısı alınmalıdır.
Ulduz İBRAHİMOVA