Modern.az

Azərbaycanın din xadimləri əcnəbilərlə nikaha qarşı çıxırlar

Azərbaycanın din xadimləri əcnəbilərlə nikaha qarşı çıxırlar

Ölkə

8 Aprel 2010, 19:42

GƏNCLƏR İSƏ XARİCİ VƏTƏNDAŞLARLA EVLİLİYƏ PİS BAXMIRLAR

 

Son illər Azərbaycanda əcnəbilərlə qurulan nikahların sayı artıb. Bu isə cəmiyyətdə birmənalı qarşılanmır. Çoxları əcnəbilərlə bağlanan nikahı milli mentalitetə zidd sayır. Bəzi gənclər isə buna normal yanaşır. Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimovanın Modern.az-a bildirdiyinə görə, 2009-cu ildə Azərbaycan vətəndaşı olan 1720 qız əcnəbilərlə nikaha girib. R.Kərimova əvvəlki illərlə müqayisədə əcnəbilərlə nikah bağlayan azərbaycanlıların sayında artım olduğunu qeyd edib.

Modern.az əcnəbilərlə qurulan nikahlar barədə həm gənclərin, həm də ekspertlərin fikrini öyrənib.

22 yaşlı Gülər Mehdizadə əcnəbi oğlanla ailə qurmağa normal baxır: “Əgər sevdiyim insan əcnəbi olsa, mütləq ailə qurardım. Çox normal haldır. Yaxşı baxıram. Ancaq əcnəbi oğlan müsəlmanlığı qəbul etmiş olarsa, bu daha yaxşı. Çünki mən bildiyimə görə dini baxımdan əcnəbi ilə nikaha girmək qadağandır”. 2

5 yaşlı Rəvan Eyyubov da əcnəbi qızla ailə qurmağa qarşı deyil: “Mən Almaniya, Amerika, İsveçrə, Türkiyə, hətta afrikalılarla da evlənərəm. Çünki mən BMT-nin Əhali Fondunda gender əsaslı zorakılıq üzrə təlimçi olmuşam. Həm də həyatda İskəndərin ellinizm mədəniyyətini dəstəkləmişəm. Mənim bacım atası azərbaycanlı, anası alman olan şəxslə ailə həyatı qurub. Onlar çox mədəni, imkanlı və gözəl ailədirlər. Bir sözlə, xarici vətəndaşla evlənməyə çox yaxşı baxıram”.

Digər gənc Samir İbadov isə əksinə düşünür: “Əcnəbi bir qızla heç vaxt ailə həyatı qurmazdım. Bizim qızlara nə olub ki, yad bir ölkədən qız alım? Həm də əcnəbi qızı tanımıram, axı o necə qızdır. Amma əcnəbilərlə ailə həyatı quranlara münasibətim də pis deyil. Yəqin ki, hər adam öz həyatını yaxşı yaşamaq istəyir. Ona görə də onların da fikrinə hörmətlə yanaşıram”.

Leyla Şabanlı heç zaman əcnəbi ilə ailə qura bilməyəcəyini deyir: “Burada pis bir şey görmürəm. Amma mən şəxsən xarici vətəndaşla ailə həyatı qurmazdım. Mənə elə gəlir ki, uyğunlaşa bilmərəm. Fikirlər, böyüdüyümüz mühit, hər şey çox fərqlidir. Ona görə elə anlar ola bilər ki, özümü tamam yad yerdə, yad insanlar arasında pis hiss edim. Dostluq münasibəti isə başqa. Düzdür, insan sevəndə gözünə heç nə görünmür. Amma yəqin ki, sevə də bilməzdim”.

Gənc xanım Sevda Həmzəyeva əcnəbilərlə nikaha normal yanaşır: “Türkiyəliləri çıxsaq, əcnəbi ilə ailə həyatı qurmaq istəməzdim. Çünki uşağımın azərbaycanlı olmasını istəyirəm. Ancaq sevdiyim insan əcnəbi olarsa, bəlkə də evlənərdim. Əcnəbi ilə ailə həyatı quranlara da normal baxıram. Hər kəsin öz şəxsi həyatı var”.

18 yaşlı Fərid Nəcəfli də eyni fikirdədir: “Əgər sevirsə, niyə də qəbul etməyim?! Əgər qız başqa dindən olarsa, çalışaram o İslam dinini qəbul etsin. Etməyəcəyi təqdirdə, normal həyat sürərik. Əsas xoşbəxt olmaqdır. Məncə dinin başqa olması vacib deyil”.

“Avropada hər şey heç də ideal deyil”

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova azərbaycanlıların əcnəbilərlə ailə qurmasını müxtəlif səbəblərlə bağlayır: “Adətən hər bir insan fikirləşir ki, əgər ondun yaşadığı ölkədə problemi varsa, Avropaya getsə heç bir problem olmayacaq. Başqa bir streotiplər isə düşünür ki, əgər o, avropalı kişi ilə ailə həyatı qurarsa, demək onun azadlığı olacaq. Yəni istədiyi kimi yaşayacaq. Çünki son vaxtlar Azərbaycan ailələrində ər-arvad arasındakı münasibətlər, psixi zorakılıqlar, münaqişələr və boşanma halları artıb. Həmçinin qadınların ünsiyyət qurmasında da müəyyən qadağalar və sair qoyulur. Xüsusən gənc xanımlar fikirləşirlər ki, xarici vətəndaşla ailə həyatı qursa, problemlərlə üzləşməyəcək”. M.Əzizova Avropada da hər şeyin ideal olmadığını deyir: “Çünki ilk növbədə müxtəlif mədəniyyətlə rastlaşa bilərsən. Avropanın özündə də bu gün problemlər çoxdur. Qanuni tərəfdən götürdükdə də Azərbaycan xanımları üçün problemlər yarana bilər. Avropanın elə ölkələri var ki, qanun daha çox kişilərin tərəfindədir. Ancaq Azərbaycanda çox zaman uşağı anası ilə saxlayırlar. Amma Avropanın elə ölkələri var, uşağı ata ilə saxlayırlar. Yəni bütün bunları bilmədən xarici vətəndaşla ailə həyatı qurduqda müəyyən çətinliklər ortaya çıxa bilər”. 

M.Əzizovanın bildirdiyinə görə, müşahidələr Azərbaycan qadınlarının daha çox İran və Türkiyə vətəndaşları ilə ailə həyatı qurduğunu göstərir: “Bizim mərkəzə daha çox  bu ölkələrin vətəndaşları ilə ailə quran xanımlar müraciət edir. Onlar əsasən əmlak problemi və uşağın hansı valideynlə qalmasıdır. İranda daha çox kişinin hüquqları qorunur, nəinki qadınların. Xanımlar bizə müraciət edəndə onlarla ünsiyyət zamanı məlum olur ki, ya bu xanım aldanacaq, ya da insan alverinin qurbanına çevriləcək. Məsələn, bir xanım bir dəfə üzləşdiyi problemlə əlaqədar bizə müraciət etmişdi. O, internet vasitəsi ilə bir əcnəbi oğlanla tanış olmuşdu. Onlar uzun müddət internetdə yazışıblar. Qız ailəsinə türk oğlanla ailə həyatı qurmaq istədiyini bildirəndə, valideynləri buna etiraz edib. Ancaq qız valideynlərinin sözünə baxmamış və Türkiyəyə getmişdi. Bir müddətdən sonra qız Türkiyənin ucqar bir kəndində qul kimi həyat yaşayıb. Sonra onu xaricə satırlar. Sonda qızı polislər tapıb Azərbaycana gəlməsinə kömək etmişdi”.

 

“Avropalı qadınlar robotlaşıblar, ona görə də Avropa kişiləri isti münasibət quran müsəlman qadınla ailə qurmaq istəyirlər”

Qadın Krizis Mərkəzinin sədri əcnəbi vətəndaşla ailə quranların müsbət və mənfi tərəflərinə də toxunub: “Avropalı qadınlar orada yaşayan azərbaycanlı kişilərlə ailə qurmağa can atırlar. Bizim xanımlar isə avropalı kişilərlə ailə qurmağa çalışırlar. Bunun müsbət tərəfi odur ki, gələcəkdə doğulan uşaq təhsil baxımından yüksək nailliyyət əldə edə bilər. Ola bilsin gələcəkdə həmin uşaq Azərbaycana qayıtsın və əldə etdiyi təcrübəni burada tətbiq etsin. Başqa bir şeyi də unutmaq olmaz ki, əgər xanım uşağı xaricdə dünyaya gətiribsə, mütləq onun azərbaycanlı olduğu tərəfini qeyd etməlidir. Ən azı biz xaricdə neçə azərbaycanlının yaşadığını öyrənə bilərik. Bu gün ailə zorakılığı problemi Azərbaycanda tez-tez baş verir. Demək olar ki, biz bu qadınları tam müdafiə edə bilmirik. Ancaq Avropada elədir ki, əgər hansısa bir qadın hüquq pozuntusu ilə qarşılaşırsa, xüsusi qurumlar var ki, ailədə münaqişəni həll edirlər.

Avropa ölkələrində əgər qadın zorakılığa məruz qalırsa və şikayət etsə, həyat yoldaşı çalışacaq ki, bu problem öz aralarında həll edilsin. Çalışmayacağı təqdirdə o, qanun qarşısında cavab verməli olacaq. Ancaq bizdə belə deyil. Qanun qarşısında cavab verən yoxdur. Azərbaycanda əgər qadın hüququnu tələb etmək üçün polisə və ya məhkəməyə müraciət edərsə, o tanışları yaxud qohumları tərəfindən qınağa çevriləcək. Yəni ona deyəcəklər ki, hansı səbəbə görə öz həyat yoldaşına qarşı çıxırsan. Həyat yoldaşı da biləndə ki, xanımı ondan şikayət edib, o zaman qadını ikiqat döyəcək. Hətta münaqişə böyüyüb, boşanmaya da səbəb ola bilər. Bu cür hallar Azərbaycanın bölgələrində tez-tez baş verir. Kişi öz xanımına deyir ki, əgər o ayağını qapıdan bir addım bayıra atsa, evə artıq qayıtmamalıdır. Bu baxımdan Avropa ölkələri ideal sayıla bilər. Əgər qadın evlənəcəyi kişini yaxşı tanıyırsa və gedəcəyi ölkənin qanunlarını və adət-ənənlərini bilirsə, o zaman o həmin əcnəbi insanla ailə qura bilər”. Mətanət Əzizova avropalıların daha çox Qafqaz ölkələri və türk qadınları ilə evlənməyə meyilli olduqlarını deyir: “Çünki avropa qadınları özləri üçün karyera qurmağa çalışırlar. Mən bir dəfə Avropada olarkən orada söhbətləşdiyim kişilər mənə dedi ki, onlarda intim həyat üçün xüsusi günlər təyin olunub. Buna görə də Avropalı kişilər robot Avropa qadını ilə yox, daha yaxşı isti münasibət quran və yola gedən müsəlman qadını ilə ailə qurmaq istəyirlər. Nəinki öz ölkəsinin qadınıları ilə”.

“Azərbaycanın gənc xanımları Türk kişilərinə daha çox meyllidirlər”

 

Psixoloq Asəf Kərimov bunu dəyərlər sisteminin dəyişməsi ilə əlaqələndirir: “Sovet dövründə bizim qadınlarımız genofondu qoruyan əsas qüvvə idilər. Baxmayaraq ki, o dövrdə bizim kişilər xarici ölkələrin qadınları ilə ailə qurmağa çalışırdılar. Ancaq qadınlarımız buna yaxşı baxmırdılar. Lakin indiki vəziyyətdə tam əksini görürük. Bunun birinci səbəbi qadınların azad fikirliliyi, kişi stereotiplərdə müəyyən dəyişikliklərin baş verməsi və İslam faktoru böyük rol oynayır.

Ən böyük problem isə müharibənin vurduğu zərər və iqtisadi çətinliklərlə bağlıdır”. Psixoloq azərbaycanlı gənclərin əcnəbilərlə evlənməsini daha çox cəmiyyətin inkişafı ilə bağlayır: “İnsanın tələbatları var və bu tələbatlar ön plana çıxanda, bunun bir çıxış yolu olmadıqda təbii ki, adam mühitə uyğun olaraq dəyişir. Həmçinin insan psixologiyası dəyişir. Bundan başqa millətin içərisində daha çox avropalaşma gedir. Bu daha çox təhsilli xanımlarımıza aiddir. Bunun özü həm müsbət tendensiyadır, həm də mənfi. Hər halda bu onların öz seçimidir. Ancaq böyük faktorlardan biri qadınların azad seçim hüququdur”. A.Kərimovun fikrincə evlənmək məsələsində dünyagörüş formalaşmalıdır: “Avropa ölkələrinin vətəndaşları ilə ailə həyatı quranlar miqrasiya problemi ilə üzləşirlər. Bəzən evdə qaldığını düşünən xanımlar görməzə-bilməzə, yəni ərə getdiyi kişi haqqında informasiya bilmədən ailə qururu. Bəlkə də bu savadsızlığın, məlumatsızlığın və dünyagörüşün aşağı səviyyədə olması ilə bağlıdır. Ən əsas problem ondadır ki, xüsusən Türkiyə, İslam ölkələrinə gedən qadınlarımız insan alverinin qurbanı olurlar. Halbuki, onlar evlənmək adı ilə həmin xarici ölkəyə gedirlər. Nəticədə uğursuz nikahın qurbanına çevrilirlər. Bundan başqa, erkən nigah problemi də bu faktorda özünü göstərir. Xanımlar seriallara baxaraq da həyatlarını oradakı kimi təsəvvür edirlər. Bu cür hallar tez-tez regionlarda yaşanır. Bu gün Azərbaycanın gənc xanımları Türk kişilərinə daha çox meyllidirlər. Ancaq onlar gedib Türkiyədə yenidən kənd həyatına qovuşurlar. Çox bərbad vəziyyətdə yaşayırlar. Nəticədə boşanırlar və uşaq da anadan ayrı salınır. Bu özü böyük bir psixoloji problemdir. Ancaq əgər insan gedib sevdiyi insanla xoşbəxt yaşayırsa, bu müsbət nəticədir. Lakin işin digər bir tərəfi də var ki, kişi qısqanclığı burada özünü göstərir. Yəni Azərbaycan kişiləri bunu qəbul etmir. Bütün hallarda deyə bilərəm ki, artıq dəyərlər dəyişib. İstəsək də, istəməsək də bunu qəbul etməyə məcburuq”.

“Qeyri-dindən olan əcnəbi ilə evlənmək şəriətdə qadağandır”

“Təzə Pir” məscidinin axundu Hacı Faiz deyir ki. İslam dininə görə, qeyri-müsəlmanla evlənmək qadağandır: “Əgər azərbaycanlının ailə quaracağı şəxs başqa dindən olarsa, İslam dini buna icazə vermir. Yəni milliyətindən asılı olmayaraq başqa dindən söhbət gedir. İngilis, fransız və başqa millətdəndirsə, müsəlmalığı qəbul edirsə, onda bu günah deyil. Əgər əcnəbi müsəlmanlığı qəbul etmirsə, ona qız vermək olmaz. Bu qadağandır”. Hacı Faiz deyir ki, hər hansı müsəlman başqa millətin vətəndaşı ilə ailə qurursa, xüsusən əcnəbi oğlan tərəf gələcəkdə ondan dünyaya gələn övladı öz tərəfinə çəkəcək. 

Müsahibimizin fikrincə, əcnəbilərlə qurulan nikahlar çox hallarda uğursuz olur: “Bizim xalq elə bilir ki, xaricdə yel əsib, qoz tökülüb. O qədər qızlarımız var ki, Türkiyə, İran, ərəb ölkələrinə və başqa yerlərə ərə gedirlər, ancaq sonra boşanıblar. Yəni onların fikirləşdikləri kimi olmur. Elə şəraitə düşürlər ki, ora uyğunlaşa bilmirlər. Əksər hallarda belə olur. Ona görə də gənclər bilməlidirlər ki, qeyri-dindən olan əcnəbi ilə evlənmək şəriətdə qadağandır. Əgər o İslamı qəbul edərsə, bu evlilik mümkündür. Ancaq əcnəbi də müsəlmanlığı evlənmək xətrinə qəbul etməməlidir”.

Günay Musayeva

 

 

 

 

 

 

 

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir