Modern.az

Xaçmazda 2 yaşlı körpəyə bədbəxtlik gətirən istirahət mərkəzi bağlandı

Xaçmazda 2 yaşlı körpəyə bədbəxtlik gətirən istirahət mərkəzi bağlandı

Ölkə

24 İyul 2013, 17:00


Xaçmaz rayonu ərazisində yerləşən “CTF” firmasına məxsus “Nabran” istirahət mərkəzinin fəaliyyəti dayandırılıb. Bu barədə Modern.az-a Mədəniyyət və Turizim Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva  məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, baş vermiş bədbəxt hadisənin səbəblərini araşdırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış monitorinq komissiyası hadisə yerinə ezam olunub.

Müəssisənin fəaliyyətini, mövcud şəraiti, təhlükəsizlik qaydalarına hansı səviyyədə əməl olunmasını və s. göstəriciləri ətraflı araşdıran komissiya bu sahədə ciddi nöqsanlar aşkar edib və müəssisənin fəaliyyətinin dayandırılması tövsiyə olunub. Bununla əlaqədar olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən obyektin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv edilməsi barədə əmr imzalanıb.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublika ərazisində fəaliyyət göstərən müvafiq müəssisələrdə hovuzlardan təhlükəsiz istifadə qaydalarını hazırlayıb və 5 gün ərzində icra olunmasını təmin etmək məqsədilə sahibkarlara göndərib.
Qaydalar icra olunmadığı təqdirdə müəssisə turistlərin təhlükəsizliyinin təmin edilməməsi səbəbilə müvafiq sanksiyalara məruz qalacaq. Belə olan halda hətta müəssisənin fəaliyyətinə xitam da verilə bilər. Bu qaydalara əməl olunmasına nəzarət Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən “məxfi qonaq” sistemi üzrə həyata keçiriləcək.

"Sahibkarları rəhbərlik etdikləri müəssisələrdə təhlükəsizlik qaydalarına və digər müvafiq tələblərə riayət olunmasını təmin etməyə, turistləri isə tələb olunan qaydalara ciddi əməl etməyə çağırırıq"-deyə Z.Əliyeva vurğulayıb.

İyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadə Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində ayaqlarından ciddi xəsarət alıb.

İmran sol ayağının remplantasiyası üzrə əməliyyat keçirib. Çətin əməliyyat təqribən 7 saat çəkib. Lakin həkimlər əzanın bitişəcəyinə zəmanət verə bilmirlər. Uşaq sağ ayağını isə tamamilə itirib.

Prokurorluq orqanları araşdırmalarla müəyyən ediblər ki, İ.Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış “Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib.
Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Gültəkin ƏLƏSGƏR


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı