Bu gün bütün dünyada korrupsiya cəmiyyətin mütərəqqi inkişafına maneə olmaqla yanaşı, həm də ölkənin milli təhlükəsizliyi ücün ciddi problem hesab edilir. Dünyanın demək olar ki, bütün ölkələrində korrupsiya halları mövcuddur. Ona görə də həm milli ölkələr səviyyəsində, həm də beynəlxalq səviyyədə korrupsiya ilə mübarizənin gücləndirilməsi məsələlərinə BMT, Avropa Şurası kimi təşkilatlar da xüsusi diqqət yetirir. Bu hadisənin yüksək ictimai təhlükəliliyi nəzərə alınaraq BMT Baş Assambleyasının 34-cu sessiyasında “Hüquq qaydalarının qorunması uzrə vəzifəli şəxslərin davranış Məcəlləsi” qəbul olunmuşdur. 1996-cı ildə Avropa Şurası tərəfindən korrupsiya ilə mübarizə üzrə fəaliyyət proqramı qəbul edilmişdir. Beynəlxalq səviyyədə qəbul edilmiş sənədlər sırasında 27 yanvar 1999-cu il tarixli Korrupsiyaya görə cinayət məsuliyyəti haqqında Konvensiya və 4 noyabr 1999-cu il tarixli Korrupsiyaya qarşı mülki-hüquqi məsuliyyət haqqında Konvensiya xüsusi əhəmiyyət kəsb edir. Korrupsiya halları dövlət quruluşundan asılı olmayaraq istər totalitar, istərsə də demokratik cəmiyyətlərdə, iqtisadi cəhətdən inkişaf etmiş və geridə olan ölkələrdə mövcuddur. Burada söhbət yalnız korrupsiyanın səviyyəsindən gedə bilər. Ümumilikdə demək olar ki, korrupsiyadan tam azad olan ölkə yoxdur.
Son illərdə Azərbaycanda da korrupsiya ilə mübarizə istiqamətində mühüm addımlar atılıb. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində korrupsiyaya qarşı mübarizə sahəsində qаnunvеricilik və institusiоnаl bаzа yаrаdılıb və ilkin irəliləyişlər əldə olunub. Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin 2011-ci 14 yanvar tarixli iclasında, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda, bölgələrə səfərləri zamanı çıxışlarında söylədiyi fikirlər korrupsiyaya qarşı mübarizənin davamı olmaqla yanaşı, bu sahədə yeni mərhələnin başlaması baxımından böyük əhəmiyyət kəsb edir. Dövlət başçısı bəyan edib ki, "ölkəmizin tərəqqisi, o cümlədən sahibkarlığın inkişafı üçün vacib olan məsələlərdən biri də Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gücləndirməkdir". Prezident həmçinin bildirib ki, "bu proses birillik, ya ikiillik proses deyil və bu, kampaniya deyil, bizim şüurlu seçimimizdir". Dövlət başçısının bu fikirləri korrupsiyaya qarşı mübarizənin növbəti mərhələsinin əsas aspektlərini müəyyən edir və qarşıya yeni vəzifələr qoyur. Azərbaycan Prezidenti bəyan edib ki, "elə etməliyik ki, Azərbaycanda bu xoşagəlməz halları aradan götürək. Bunu etmək üçün isə gərək biz hamımız - həm iqtidar, həm vətəndaşlar bir hədəfə vurmalıyıq".
Bu gün dövlət tərəfindən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində atılan praktiki addımlar ictimaiyyət və vətəndaş cəmiyyəti institutları, xüsusilə də QHT-lər tərəfindən təqdir olunur. Qeyd edək ki, eyni zamanda dövlət və QHT-lər korrupsiyaya qarşı mübarizədə daimi əməkdaşlıq edir və bu istiqamətdə bir sıra layihələr həyata keçirilər. Bu məqsədlə ötən ilin dekabr ayında Baş Prokrorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinə daxil olmuş hazırlanan və ya törədilmiş korrupsiya hüquqpozmaları barədə müraciətlərin Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilməsi, görülmüş tədbirlər barədə müraciət müəllifinin məlumatlandırılması, dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və sair birgə müəyyən edilmiş hədəf qrupları üçün təlimlərin keçirilməsi nəzərdə tutulur .
Bu istiqamətdə bir sıra QHT-lərin müxtəlif donor institutlarının maliyyə dəstəyi ilə həyata keçirdikləri layihələrə nəzər salmaqla biz ölkə QHT-lərinin korrupsiya ilə mübarizədə iştirak səviyyəsini təsəvvürümüzdə canlandıra bilərik. Qeyd edək ki, bu layihələrin ümumi məqsədi ictimaiyyətin korrupsiya ilə mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaqdır. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün həmin QHT-lər bir sıra maarifləndirici tədbirlər, aksiyalar həyata keçirirlər. Belə layihələrdən biri ötən ildə İqtisadi və Sosial İnnovasiyalar İnstitutu adlı QHT tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə icra olunan “Korrupsiyaya qarşı mübarizənin hüquqi tənzimlənməsi: beynəlxalq təcrübə və Azərbaycan” layihəsini qeyd edə bilərik. Layihənin məqsədi korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübəni öyrənmək, onun Azərbaycanda tətbiqini təşkil etmək üçün təkilflər hazırlamaq və bununla bağlı maarifləndirmə tədbirlərini həyata keçirməkdən ibarət olmuşdur. Layihə çərçivəsində Şəki və Qaxda sosioloji sorğular keçirilmiş, Şəkidə Kanal STV-də 40 dəqiqəlik veriliş, Şəki Müəllimlər İnstitutunda konfrans və eləcə də, “Korrupsiyaya qarşı mübarizənin hüquqi tənzimlənməsi: beynəlxalq təcrübə və Azərbaycan” adlı kitab çap edilmişdir.
Bu ilin aprel ayından başlayaraq isə “Konstitusiya” Araşdırmalar Fondu adlı QHT Azərbaycan Respublikası Korrupsiyaya Qarşı mübarizə Komissiyasının maliyyə dəstəyi ilə «Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinə institusiоnаl və proqram dəstəyi» layihəsini həyata keçirir. Layihənin məqsədi vətəndaş cəmiyyəti institutlarının korrupsiyaya qarşı mübarizə potensialının gücləndirilməsinə, korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsini dаhа gеniş miqyаsdа fəаliyyət göstərməsinə, fəаliyyətini intеnsivləşdirməsinə, antikorrupsiya tədbirlərinin vətəndаş cəmiyyəti tərəfindən daha da dəstəklənməsinə nail olmaqdır. Layihə üzrə fəaliyyətin genişləndirilməsi və effektivliyinin artırılması üçün “Konstitusiya” Araşdırmalar Fondu həmçinin Almaniyanın Azadlıq Naminə Fridrix Naumann Fondunu bu prosesə cəlb edib. Layihə çərçivəsində Almaniyanın Azadlıq Naminə Fridrix Naumann Fondunun da dəstəyi ilə Bakı şəhəri Novxanı qəsəbəsində 3 günlük təlim keçirilib. Tədbir zamanı iştirakçılara yeni hazırlanmış Şəffаflığın Аrtırılmаsı və Kоrrupsiyаyа Qаrşı Mübаrizə üzrə Milli Strаtеgiyа, korrupsiyaya qarşı mübarizə yolları, regionlarda kiçik və orta sahibkarlığın inkişafı mövzularında məlumatlar verilib.
Digər bir layihə isə 2013 –cü il may ayından başlayaraq “Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət” adlı QHT Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının və medianın birgə mübarizəsinin təşkili" layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində “Korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin və ictimai maraqların gücləndirilməsi istiqamətində maariflənmənin rolu” mövzusunda keçrilən dəyirmi masada qeyd olunub ki, 1994-cü ildən başlayaraq korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair bir sıra fərmanlar, Dövlət Proqramları, digər hüquqi sənədlər və beynəlxalq sənədlər imzalanıb. “Korrupsiyaya qarşı mübarizə üzrə” Dövlət Proqramının qəbul edilməsi, elektron hökumətin yaradılması istiqamətində həyata keçirilən işlər, açıq hökumət layihəsinin hökumət tərəfindən dəstəklənməsi və s. işlərin reallaşması onu göstərir ki, hökumət korrupsiyanı ciddi problem sayır və buna qarşı ciddi mübarizə aparmaq niyyətindədir.
Ümumiyyətlə, QHT-lər təkilf edirlər ki, korrupsiyaya qarşı mübarizədə intizam və cəza tədbirlərinin zərurətini vurğulamaqla yanaşı, bu sahədə daha səmərəli mübarizə aparılması üçün müasir metodların tətbiqi, elektron hökumətin qurulması istiqaməsində işlər daha da sürətləndirilməlidir. "Hökumət-vətəndaş", "hökumət-biznes" qarşılıqlı əlaqələrinin "bir pəncərə" sxemi ilə həyata keçirilməsi təcrübəsi daha geniş miqyasda tətbiq olunmalıdır, institusional və struktur islahatların aparılması davam etdirilməlidir. Dövlət qulluğunun təşkili və tənzimlənməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması sahəsində islahatlar sürətləndirilməlidir. QHT-lər dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə korrupsiyaya qarşı mübarizə problemlərinin müzakirəsinin faydalı olduğunu qeyd edərək, korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş forumların bölgələrdə də davam etdirilməsini məqsədəuyğun hesab edir. QHT-lər bəyan edir ki, korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilərkən qanunun aliliyi, şəffaflığın artırılması və korrupsiyaya qarsı mübarizə üzrə Milli Strategiyada bəyan edilmiş prinsiplər, yerli və beynəlxalq tərəfdaşların tövsiyələri rəhbər tutulmalıdır.