
Modern. az saytı “Rayonlardakı vəziyyət: Deputat və jurnalist danışır” layihəsini davam etdirir. Bu dəfə seçilən bölgə Kürdəmirdir. Bu rayonda olan problemlərlə bağlı 57 saylı Kürdəmir seçki dairəsindən seçilmiş deputat Fərhad Qəribov və əslən Kürdəmirdən olan “Teleqraf.com”-un əməkdaşı Ruslan Xəlil danışır. Görək deputatla jurnalistin fikirləri nə dərəcədə uyğundur.
Deputat Fərhad Qəribov deyir ki, Kürdəmirdə heç bir problem yoxdur: “Şəhər günü-gündən inkişaf edir və hər kəs bundan razıdır. Abadlıq işləri görülür, yeni parklar salınır. Hazırda Kürdəmirdə kanalizasiya və su xətləri də çəkilir. Kürdəmirdə problemli məsələlər qalmayıb. Bu şəhər inkişaf edən digər şəhərlərdən daha yaxşı olacaq. İnsanlar yalnız öz şəxsi problemləri ilə bağlı müraciət edirlər və biz də həmin problemləri həll etməyə çalışırıq”.
“Teleqraf.com”-un əməkdaşı Ruslan Xəlil isə deyir ki, Kürdəmirdə su, kanalizasiya, yol problemləri həll olunmamış qalır: “Rayona su kənar rayonlardan boru vasitəsi ilə və fasilələrlə gəlir. Kəndlər isə suyu Kür çayının qolu olan Şirvan kanaldan götürür ki, həmin suyun keyfiyyəti də aşağıdır. Yeni kanalizasiya xətlərinin qazılmasına başlanılıb və yollar daha da bərbad hala düşüb. Rayon baxımsız haldadır. Sanki hökumət Azərbaycanda Kürdəmir adında rayonun olduğunu unudub. Ya da qədim dövrü xatırlatmaq üçün Kürdəmirə “əl vurmurlar” ki, tarixi görüntüsü pozular. Ölkə başçısı İlham Əliyev bütün rayonları gəzir və bununla bağlı olaraq icra başçıları, digər dövlət
qurumlarının rəhbərləri ilə əl-ayağa düşüb, təcili təmir işləri aparırlar. Amma prezident Kürdəmirə gəlmir. Gəlsə, bəlkə bizdə də heç olmasa prezidentin keçəcəyi yolları düzəldərlər.
Kürdəmirin ən tanınmış kəndlərindən olan Yenikəndə gedən yol daha bərbad haldadır. İcra başçısının birinci müavini Vasif Məmmədov hər gün həmin yolla gedib-gəlir. Düzdür, onun avtomobili hündür olduğundan, yolun kələ-kötür olmasını o qədər də hiss etmir. Hər halda acınacaqlı mənzərəni o da görür. Maraqlıdır ki, Azərbaycanda yolların təmirinin mexanizmi yoxdur. Yəni “nə baş verməlidir ki, yolları təmir etsinlər” sualı açıq olaraq qalır. Bundan başqa, 90 min nəfərdən çox əhalisi olan Kürdəmirdə böyük bazar var. Ancaq bazarda yer pulu olduqca yüksəkdir. Əhalinin real vəziyyətinə uyğun deyil. Bazadakıların adından xahiş edirəm ki, yer pulunu aşağı saldırsın”.
Ulduz İBRAHİMOVA