Modern.az

Fələstinin Azərbaycandakı səfiri: “Fələstində yaşayan erməniləri İrəvanda nə baş verdiyi maraqlandırmır” - MÜSAHİBƏ

Fələstinin Azərbaycandakı səfiri: “Fələstində yaşayan erməniləri İrəvanda nə baş verdiyi maraqlandırmır” - MÜSAHİBƏ

Ölkə

27 İyul 2013, 11:55

Nasir Əbdül Kərim: “Azərbaycanın İsraillə əlaqələri Fələstinə dəstək verməsinə mənfi təsir göstərmir”


Ötən il BMT Baş Assambleyası səs çoxluğu ilə Fələstinə bu təşkilatda müşahidəçi dövlət statusu verilməsinə dair qətnamə qəbul edib. Qətnamənin lehinə 138 dövlət, əleyhinə isə ABŞ və İsrail də daxil olmaqla 19 ölkə səs verib. Müşahidəçi dövlət statusu fələstinlilərə İsrailə qarşı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək imkanı verəcəkdi. Qətnamədə fələstinlilərin öz müqəddəratını təyin etmək və 1967-ci il sərhədlərində müəyyən olunmuş Fələstin dövlətini yaratmaq hüququ təsdiq olunsa da, hələ ki, bu qətnamə həyata keçirilməyib.

Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim ilə söhbətimiz zamanı o, bu məsələ ilə yanaşı, Fələstin və dünya ölkələrinin münasibətinə də toxundu.

Modern.az saytıının müsahibi Fələstinin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərimdir. 

- Cənab səfir, Azərbaycanla Fələstinin oxşar taleləri var. Belə ki, hər iki dövlət haqqında BMT-nin qəbul etdiyi qətnamələr həyata keçirilməyib.

- Biz elə bir zəmanədə yaşayırıq ki, bəzən ədalətsizliyin, qeyri-adiliyin şahidi oluruq. BMT-nin timsalında, yüksək səviyyəli nüfuza malik beynəlxalq təşkilatlar bəzən qərar çıxarırlar. Bu qəraralarda müəyyən ölkələrin, dövlətlərin problemləri, taleyi öz əksini tapır. Yəni qərarlar onların taleyinin həll olunması üçün çıxarılır. 
Belə qərarlar, çox ədalətli və yerli-yerində verilmiş sənədlər olur. Azərbaycanla da bağlı BMT-də 4 qətnamə qəbul olunub. Bununla bərabər, Fələstin problemi ilə bağlı onlarla qətnamələr, qərarlar qəbul olunub. Ancaq bu qətnamələrin tətbiqi məsələsi nədənsə icra olunmur. Baxmayaraq ki, həmin təşkilat tərəfindən qəbul olunmuş qərarlar başqa regionlar üçün tətbiq olunsa da, təxmini eyni mənbədən, eyni yerdən çıxmış qərarlardır. Nədənsə bu qərarların tətbiqinə cəhdlər olunsa da, bu cəhdlər kifayət qədər əzmlə, imanla deyil. Bəlkə də qərarların tətbiq edilməsi yetəri qədər çalışmaların olmamağından irəli gəlir. Elə bu səbəbdən də bizim haqqımızda çıxarılan qərarlar digər region dövlətlərdə tətbiq olunduğu kimi tətbiq olunmur. Bu isə özü-özlüyündə yolverilməzdir. Bu məsələnin icra olunmamağı, tənbəlliyin olması yolverilməzdir. Bu isə insanların ümidsizliyinə gətirib çıxarır. Eyni zamanda başqa bu kimi münaqişələrin gələcəkdə baş verməsinə bir şərait yaradır, hansı ki, o nəticələr, gələcəkdə baş verən münaqişələr indiki münaqişələrdən qat-qat təsirli və qat-qat pis ola bilər.
Bəzən BMT tərəfindən qərar qəbul edilir, amma bu qərarların qəbul edilməsində rol oynayan şəxslərin ölkələrindəki lobbilərin fəaliyyəti həmin qərarların tətbiqinə maneçilik törədir. Bəzi hallarda biz görürük ki, bu lobbilərin fəaliyyəti həm dövlətin maraqları ilə üst-üstə düşmür, hətta həmin dövlətin maraqlarının bu münaqişələrin həllində olan təsirindən qat-qat lobbilərin təsiri daha güclüdür. Lobbilər çalışırlar ki, öz maraqlarını təmin etsinlər, nəinki, həmin dövlətin maraqları təmin olunsun. Onlar birbaşa olaraq həmin ölkələrin xarici siyasətinə yüksək səviyyədə təsir  göstərə bilirlər və məhz buna görə də bu qərarların icrası gecikir.
Azərbaycan Respublikasının rəhbərliyinin qənaəti və baxışı və eyni zamanda Fələstin dövlətinin rəhbərliyinin baxışı tamamən bu qəbul olunmuş qərarların tətbiqinə yönəlib. Çünki, hər iki dövlətin başçısı, rəhbərlik həmin qərarların dinc yollarla beynəlxalq qanunvericiliyə uyğun olaraq tətbiqində maraqlıdır və yalnız və yalnız mövqe bundan ibarətdir.

- Belə çıxır ki, hər iki ölkənin lobbiçilik fəaliyyəti çox zəifdir. Yəni vəziyyət bunu göstərir.

- Tamamilə doğru söylədiniz. Lakin məsələ yalnız bu deyil, Türkiyənin, İslam və ərəb ölkələrinin də lobbiçilik fəaliyyətini ümumilikdə müqayisə edəndə, zəif olduqlarını görürük. Həmin dövlətlər birbaşa olaraq xarici siyasətdə öz effektiv təsirlərini göstərə bilirlər, amma hansısa bir münaqişənin həll olunmasında yox.

- Fələstin müsəlman ölkəsi olsa da, bildiyimə görə, orda ermənilərə qarşı bir az rəğbət hissi var.

- Söyləyim ki, bu anlaşılmazlıqdır. Pis başa düşülən bir məsələdir. Hətta mən bunun mənbəyini belə, haradan gəldiyini belə bilmirəm. Fələstində çox az miqdarda erməni yaşayır və onların sayı 2000-dən çox deyil. Onların orda mövcud olması 100 ildən çoxdur və öz həyat tərzləri ilə və vəziyyətləri ilə fələstinlilərlə eynidir və Fələstin ictimaiyyətinin bir parçasına çevriliblər. Orada yaşayan ermənilər fələstinlilər ilə eyni hüquqa malikdirlər. Fələstinlilərin İsrail işğalından doğan qarşılaşdığı problemlərlə ermənilər də qarşılaşır. Onların yaşadığı zülmü ermənilər də çəkir. Onların qayğıları da fələstinlilərin qayğıları ilə eynidir. Onlar artıq Fələstin dövlətinin bir parçasıdır. Çünki, uzun illərdir ki, onlar orda yaşayırlar. Onları İrəvanda nə baş verdiyi maraqlandırmır. Bu onlar üçün heç maraqlı da deyil ki, İrəvanda nə baş verir. Onları maraqlandıran tək bir şey İsrail işğalının bitməsidir.
Azərbaycan və Fələstin arasındakı əlaqələr tarixi əlaqələrdir və bu əlaqələr bir neçə əsr bundan əvvələ gedib çıxır. Hər iki dövlət müsəlman, qardaş dövlətlərdir. Eyni mədəniyyəti paylaşırlar. Hər iki dövlət beynəlxalq qanunvericiliyin tətbiqinə dəvət edilməsi məsələsində bir-birinin yanında olaraq həmrəylik nümayiş etdirirlər. Azərbaycanın İsraillə əlaqələri var, lakin bu Azərbaycanın Fələstin probleminə sabit dəstəyinə heç bir təsir göstərmir. Azərbaycan Fələstin və Qüdsi-Şərifə dəstək nümayiş etdirmək üçün keçən iyun ayında xüsusi konfransa evsahibliyi etdi, Qüdsdə aktiv sahələrə yardım məqsədilə 5 milyon dollar yardım göstərdi. Biz fələstinlilər Azərbaycanın hökumət və xalq tərəfindən göstərilən prinsipial mövqeyini yüksək qiymətləndiririk və Azərbaycanla olan qardaşlıq əlaqələrimizdən fəxr duyuruq. Nəticə etibarilə erməni məsələsi hər iki qardaş ölkə və xalq arasında olan güclü əlaqələrə heç bir təsir göstərmir.

- Siyasi sahədə ərəb və fars dövlətlərinin Fələstinə münasibəti necədir?

- Fələstin dövlətinin bütün ərəb dövlətləri ilə əlaqəli çox təbii və çox yaxşıdır. Çünki Fələstin dövlətinin müsəlman olması bizə əsas verir ki, ərəb dövlətləri ilə çox yaxşı münasibət quraq. Eyni zamanda İran dövləti ilə də normal münasibətləri saxlayırıq. Çünki, bizim İranla diplomatik münasibətlərimiz var.

- Amerikanın mövqeyi İsrail münasibətlərində bəllidir. Amerika İsrailin müstəqilliyini də qəbul etmiş ölkələrdəndir.

- ABŞ-ın İsraillə əlaqələri çox yaxşı və çox yüksək səviyyədədir. Bu əlaqələr, bu mövqe eyni zamanda beynəlxalq təşkilatlarda da görünür. Bizim də Fələstin dövləti olaraq Amerika ilə dostluq əlaqələrimiz var. Lakin, biz real olsaq, onda görərik ki, Fələstin dövlətinin Amerika Birləşmiş Ştatlarına olan dostluq münasibətləri İsraillə ABŞ arasındakı münasibətlə eyni deyil. Reallıq budur. ABŞ-ın indiki prezidenti Barak Obamanın hakimiyyətə gəlməsindən bu yana o çalışır ki, bu münaqişə ədalətli şəkildə öz həllini tapsın, çünki, bu münaqişlərin həllini tapması Amerikanın milli maraqlarına xidmət edir.
Önəmlidir ki, bütün münaqişələr sülh yolu ilə, razılıq ilə həll olunsun. ABŞ-ın idarəçiliyi, administrasiya yaxşı dərk edir ki, məhz bu münaqişənin həlli regionda davamlı sülhün bərqərar olmasına xidmət edəcək və məhz buna görə də, ABŞ-ın dövlət katibi Con Kerri vəzifəyə gəlməsindən bu yana Yaxın Şərqə 6 dəfə səfər edib. Onlar çalışırlar ki, İsrail baş naziri Benyamin Netanyahu və onun hökümətinə başa salsınlar ki, bu məsələnin həll olunması hər şeydən əvvəl Amerikanın milli maraqlarına xidmət edir. Hazırkı ana qədər Kerri Yaxın Şərqdədir. Yəni o dünən və bu gün Fələstin prezidenti Mahmud Abbasla uzun müddətli görüş keçirib, eyni zamanda Bünyamin Netanyahu ilə də görüşüb. Lakin bu dəqiqəyə qədər həmin görüşlərin nəticə vermədiyinin şahidiyik. Buna görə də, dünən Amerika prezidenti Barak Obama Netanyahuya zəng vurub söyləyib ki, Kerrinin cəhdlərini nəzərə almaq lazımdır.
İsrailin isə indiyə kimi olan inadkarlığı hələ ki bu görüşlərin nəticəsiz qalmasına səbəb olur.

- İsrail-Fələstin münaqişəsinə səfirin münasibətini bilmək istəyərdim.

- Fələstin dövlətinin hazırki rəhbərliyinin, eyni zamanda Fələstin xalqının, mənim də düşündüyüm odur ki, bu münaqişə sülh yolu ilə bitsin. İsrail dövləti 1967-ci il sərhədlərinə geri çəkilsin. İsrail İordan çayının qərb sahilindən, Qəzza zolağından və eyni zamanda Qüds şəhərindən çıxsın. Həmin ərazilər beynəlxalq qanunvericiliyin çıxardığı qərara əsasən, Fələstin dövlətinə məxsusudur. Bütün Fələstin rəhbərliyinin, xalqımızın çalışdığı, arzuladığı bundan ibarətdir və biz istəyirik ki, bu münaqişə məhz belə başa çatsın.


- Rusiyanın Fələstinə olan münasibəti necədir? Deyilir ki, Rusiya Fələstinin dostudur. Səfir necə düşünür?

- Tamamilə doğrudur. Rusiya bizim dostumuz və böyük tərəfdarımızdır. Hətta Rusiya Federasiyasının hazırki rəhbərliyi, eyni zamanda Rusiyanın Sovet dövründən sonra ilk qurulan höküməti Fələstinə dəstək olub. Rusiya hər zaman Fələstinin yanındadır. Hətta Sovet dövründə də bu dəstək hər zaman olub. Məhz buna görə, Rusiyanı biz özümüzə böyük dəstək sayırıq. Onları özümüzə tərəfdaş və dost hesab edirik. Nəzərə alsaq ki, Rusiya dövləti çox böyük bir dövlətdir və onun təsiri də böyükdür.

- Siz Fələstinin Azərbaycandakı ilk səfirisiniz. Burda olmaq çətin deyil ki? Ölkəyə öyrəşmək, insanlara öyrəşmək...

- Mən Azərbaycanda Fələstin dövlətinin burada məskunlaşan ilk səfiriyəm. Akkreditasiya olunmuş ilk diplomatam. Onu deyim ki, burda fəaliyyət göstərmək, burda olmaqdan olduqca məmnunam. Mən həqiqətən şərəf hissi duyuram ki, ölkəmi Azərbaycanda təmsil edirəm. Bura gəlməzdən öncə Azərbaycan haqqında məlumatlanmışdım. Biləndə ki, mən bura səfir təyin olunuram çox sevindim. Ancaq mən bura gələndən sonra işlərimi gözlədiyimdən də asan davam etdirdim.

- Azərbaycan və Fələstinin mədəniyyətləri arasında nə kimi fərqliliklər var?

- Kənardan baxsaq, elə də böyük bir fərq görmərik. Çünki hər iki dövlətin adət-ənənələri oxşardır. Ümumi çərçivəyə baxış eynidir. Bizim düşüncəmizdə eynidir, mətbəx də eynidir, biz bir- birimizə çox bənzəyirik, həm də zahiri görünüş baxımından.
Mən ilk dəfə Bakıya gələndə özümü doğmalıq hiss etdim. Heç fərq görmədim ki, başqa bir ölkədəyəm. İki dövlət arasındakı yeganə fərqimiz dil ola bilər. Dildə belə, çoxlu sayda sinonimlərimiz var. Məhz buna görə də demək olar ki, biz çox oxşarıq. Sadəcə biz bu fərqləri təsnifatlarda görə bilərik. Çox xırda detallarda görə bilərik.
Ümumiyyətlə, biz hər zaman səfirlik olaraq Azərbaycanla Fələstin arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz tərəfimizə təlimatlar və müəyyən göstərişlər göndəririk. Çünki Fələstin-Azərbaycan əlaqələri ötən illərə nisbətdə hazırda daha yüksək səviyyədədir. Bildirmək istərdim ki, siyasi sahədə hər iki dövlətin mövqeyi oxşardır və üst-üstə düşür. Bu mövqedə oxşarlıq bizi çox sevindirir. Azərbaycan həmişə Fələstini beynəlxalq qurumlarda, o cümlədən BMT-də müdafiə edib.


İradə CƏLİL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı