Modern.az

Asfalt çəkənlərin müdafiəsinə iki acı lətifə, bir şanlı dəstək

Asfalt çəkənlərin müdafiəsinə iki acı lətifə, bir şanlı dəstək

Ölkə

29 İyul 2013, 00:54

/file/articles/Yol mədəniyyət deməkdir.  Bakıda yolla bağlı aparılan infrastruktur layihələri məni də sevindirir. Amma tez-tez asfalt örtüyünün dəyişdirilməsi sərnişin nəqliyyatından çox istifadə edən biri kimi məni də yorur. Amma digərləri  kimi nə danışıram, nə də deyinirəm. Yox, ona görə yox ki, iqtidara özümü yaxın sayıram, Qabilin oğluyam. Yaxud da ki, kimdənsə qorxuram. Əsla. Sadəcə mən asfalt çəkənləri başa düşürəm, anlayıram. Təkcə onları yox... Qaz çəkənləri də başa düşürəm. İşıq çəkənləri də... su çəkənləri də... Onların təcrübəsinin dünya miqyasında yayılmasını  çox istəyərdim.  Amma bu yazıda qəhrəmanlarım yol çəkənlərdir.

Küçədən keçənlər isə söyürlər. “Qazırlar basdırırlar. İki ay keçir yonurlar. Təzədən qır basırlar”. Belə danışmayın, camaat. Allaha acıq gedər. Mən danışım. Siz də mən başa düşdüklərimi anlayın. Hər dəfə asfalt çəkənlərin yanından keçəndə çöhrənizə gülüş qonsun. Ağzınız, diliniz dualı-alqışlı olsun. Əsəbləriniz də beləcə pozulmasın.

 ACI  LƏTİFƏ - 1 

AzTV-də işləyirdim.  Qərbi Azərbaycandan qaçqın düşmüş, şirkətdə sürücü işləyən biri başladı erməniləri tərifləməyə:  “Ermənilər azərbaycanlılardan yaxşıdır”. Bu əlbəttə ki, mənə pis təsir elədi. Torpağı əlindən alınan, evi yandırılan, təhqirlərə məruz qalan bir insandan bu sözləri eşitmək mənə çox ağır idi. Amma sözlərindən nəsə ironiya hiss edirdim.  Demə sürücü işləyən işçimiz yolların kələ-kötürlüyündən bezarmış. Köhnə-külə “RAF”ı da nə qədər təmir etdirmək olarmış? Başladı dediyini izah etməyə:
- Mahir, Ermənistanda nə mazut vardı, nə də neft. Amma kəndimizə  uzanan yollar belə şüşə kimi idi. Burda hər şey var, amma yollarımız bərbad gündə. Bu gün çəkirlər, sabah dağılır.
- İndi sözündən belə çıxır ki, ermənilər Yol Fondundan bir qəpik də yemirlər? Dağıtmırlar?
-  Mahir yeyirlər e...  Amma ağılla.
- O necə olur?
- Ermənilər yolu bütün standartlara uyğun çəkirlər. Necə lazımdır. Qayda-qanunla. Qəpiyini də əl dəymirlər. Elə edirlər ki, 25 il heç nə olmur. Sonrakı 25 ildə yolun təmirinə ayrılan təmir xərclərini bütövlükdə qoyurlar ciblərinə. Bizimkilər isə yolu çəkəndə də “yeyirlər”, sonrakı illərdəki təmir pullarını da.

ACI  LƏTİFƏ – 2 

AzTV-də işləyirdim. Bir məhlənin sakinlərindən şikayət məktubu daxil olmuşdu. “Zibil daşınmır, kanalizasiya xətləri sıradan çıxıb və s.”
Gedib çəkdik. Haya “JEK” müdiri də gəldi. Başladı tutarlı dəlillər gətirməyə:  “Yük maşını çatmır. Fəhlə qüvvəsi yoxdur. Benzin yoxdur” və sairə, ilaxır. Sonda da cibindən 20 şirvan çıxarıb başladı cibimə dürtməyə. Ki “materialı efirə verməyin, başçı görsə dərimə saman təpər, işdən qovar, balalarım ac qalar”.  Tutarlı arqumentlər idi. Bir tərəfdə mənzil-istismar sahəsinin müdirinin taleyi, o tərəfdə də zibil, kanalizasiya  üfunətində boğulan sakinlər.  Operatora baxdım. Gözləri işıldayırdı. 20 şirvan idi onu sevindirən.  Aya 5 şirvan maaş alırdı. Ona çatan payla evə gedəndə bazara  dönəcəkdi. Uşaqlarına snikersdən, marsdan alacaqdı. Qucaqdolu bazarlıq edəcəkdi.  Hələ özümü demirəm. Dörd tərəfin dördü də sifətimə baxırdı. Şikayətçi sakinlər, MİS müdiri və operator. Dördüncüsü isə  daxili Mən idim.

Nəsə ortaq məxrəc tapmalıydım. Tapdım. Pulu cibimdən çıxarıb rəisə verdim. Dedim ki, “get bu pula maşın tut, fəhlə tut, camaatın problemini həll elə. Əgər axşam saat 6-yacan sakinlər zəng eləsələr ki, hər şey qaydasındadır... material efirə getməyəcək. Zəng etməsələr...”

Bir də gördüm ki, kimsə  ətəyimi dartır. Operator idi.  Üzünə baxdım. Danışmağına lüzum yox idi. Sanki deyirdi: “Başıxarab, sən yemədin. Pulu qaytardın. Zibili day niyə yığışdırtdırırsan? Sabah bəs nə yeyəcəyik?”

 BİR  ŞANLI DƏSTƏK 

Asfalt çəkənlər də bizim kimi adamlardır. Yemək üçün ağızları, maşın, ev, villa görmək üçün gözləri, Fransız ətirlərini, şərab və konyaklarını,  gözəl təamları, gülləri, çiçəkləri iyləmək üçün burunları, şərəflərinə deyilən  gözəl sağlıqları eşitmək üçün qulaqları, dəbli paltarlar, ayaqqabılar geyinmək üçün bədənləri, ayaqları var. Onlar da gözəl, dəbdəbəli yaşamaq istəyirlər. Neyləsinlər ki, çörəkləri asfaltdan, betondan çıxır. O da göz qabağındadır. Əhalinin gözü qabağında.

Bir anlıq təsəvvür edin. Asfaltı keyfiyyətli çəksələr bütün bunlara nail ola bilərlərmi? 5-6 aydan sonra o yolun təmirə ehtiyacı olmasa evə çörək apara biləcəklərmi? Nə yeyəcəklər? Nə içəcəklər? Bir də ki, ay camaat, gəlin əyri oturub düz danışaq. Lap tutaq ki, asfalt çəkənlər hər şeyi düz edirlər. Mən indi də buna əminəm, inanıram. Lap özümə inanan kimi.  (İnanan daşa dönsün)

Gündə televizorda yüz reklam görürsünüz. Görən kimi də qaçıb telefonunuzu, televizorunuzu, paltaryuyanınızı, mebelinizi, pal-paltarınızı, evinizin təmirini dəyişirsiniz. Dəyişməyin də... Niyə pul xərcləyirsiniz?  Niyə şadlıq evlərində stulun birinə 50 manat ödəyib, yığdığınızı ora verib şad-xürrəm evə qayıdırsınız ? Palatka qurun da... Niyə 10 ildən sonra instituta girəcək uşağınızın  müəllimlərinə  birinci sinifdən ətəklə pul tökürsünüz? Əyri burunlarınızı yondurub, balaca dodaqlarınızı şişirdirsiniz? Başınıza tük əkdirirsiniz?  Ta oğlan cavabı gələnəcən UZİ-yə, aborta  bir ətək pul xərcləyirsiniz? Çünki  dəblə ayaqlaşırsınız. Çünki dəblə ayaqlaşmaq istəyirsiniz.

 Elə bilirsiniz ki, Siz istəyirsiniz, asfalt çəkənlər, körpü salanlar istəmir? Əlbəttə ki, istəyir.

Asfaltın yeni texnologiyası, dəbləri  meydana gəlir. O saat onu gətirib bizim üçün tətbiq edirlər. Yeni dizaynlı dayanacaqlar meydana gələr-gəlməz... köhnəsini söküb onu quraşdırırlar. İşıq dirəkləri, qranit səkilər də öz yerində. Bizə xoş olsun deyə körpülərin altında, günəş şüası düşməyən yerlərdə min zəhmət-əzab hesabına yaşıllıqlar da salırlar. Avtobusların çirki, əyər-əksiyi, damından başlanan korroziyası  bilinməsin deyə üzərinə reklam-nakleykalar da vururlar. İçərisinə göz dəyməsin deyə oturacaqların qartmağını belə təmizləmirlər.  Avropa standartlarına uyğun avtobuslar gətirirlər, amma içində nədənsə kondinsioner olmur.Olmamalıdır da... İnanmırsınız? İnternet əsridir. İnternetə girin, özünüz də əmin olacaqsınız ki, avtobus yeganə nəqliyyat növüdür ki, ona kondisioner quraşdırılmır. Bu Avropa standartıdır. Azərbaycanda Bizə, Sizə tətbiq olunan Avropa standartı.

Hörmətli oxucu! Yazımı diqqətlə oxu.  Mən başa düşdüklərimi  sən də anla. Hər dəfə asfalt çəkənlərin yanından keçəndə çöhrənizə gülüş qonsun. Diliniz, ağzınız dualı-alqışlı olsun. Əsəbləriniz də beləcə pozulmasın. Xorla deyin:

 “Ay asfalt çəkənlər, illərlə yolumuzu bağlayıb bizə əziyyət verənlər! Bizə toz-torpaq udduranlar!  Allah xeyir versin. Allah ruzunuzu başınızdan töksün. Bizim küçədə qır basmağınız - Esmira Çərkəzqızı demişkən -  “Axırıncı yox, axarıncı olsun”. Allah bərəkət versin.  Qazandıqlarınızı şadlığa, xeyrə, restoranlarda eyş-işrətə xərcləyəsiniz. Yüz yeyəniniz olsun,  bir  deyəniniz olmasın. Biz də baxaq, xalqımızın milyoner oğullarıyla fəxr edək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı