Modern.az

“Zərdabın ən ucqar kəndində 24 saat işıq var” deyən deputata cavab: “Bizim kənddən başqa”

“Zərdabın ən ucqar kəndində 24 saat işıq var” deyən deputata cavab: “Bizim kənddən başqa”

Ölkə

30 İyul 2013, 09:54



Modern.az
“Rayonlardakı vəziyyət: Deputat və jurnalist danışır” layihəsini davam etdirir. Bu dəfə diqqətdə Zərdab rayonudur. Bölgə haqqında 92 saylı Zərdab-Ucar seçki dairəsindən seçilmiş deputat Jalə Əliyeva və zərdablı jurnalist, “Aznews.az” saytının əməkdaşı Bahar Rüstəmli danışır.



Deputat Jalə Əliyeva deyib ki, problem olmasa, inkişaf da olmaz. “Zərdab haqqında az-çox məlumatı olan hər bir insan birmənalı şəkildə deyə bilər ki, bölgə son illərdə əvvəlki illərlə müqayisə olmayacaq dərəcədə dəyişib. Millət vəkili kimi deyil, bunu sadə vətəndaş kimi deyirəm. Rayona son dövrlərdə çox böyük dövlət qayğısı var. Son il yarım ərzində rayonla bağlı prezident tərəfindən 6 sərəncam verilib. Düşünürəm ki, bu prosesləri qiymətləndirmək lazımdır. Hər bir inkişafda mütləq bir çatışmazlıq var. Ona görə də birinci növbədə yaxşı tərəfləri qeyd etmədən problemli tərəfə keçmək istəmirəm. Rayonda inanılmaz abadlıq işləri görülür. Hər gün yeni bir tikinti, yeni bir idarə insanların xidmətinə verilir. Əgər millət vəkilliyinə namizədliyimi verdiyim zamanlarda bir dənə də olsa, təmirli, yeni standartlara cavab verən məktəb yox idisə, bu gün artıq yeni məktəbi olmayan bir neçə kəndimiz qalıb. İndi rayona gedəndə görürsən ki, həqiqətən yağışdan çıxmış göbələk kimi hər dəqiqə tikililərin də sayı artır. Bundan başqa, daşqın zamanı rayona iqtisadi yöndən çox ziyan dəymişdi. Bunun qarşısını almaq üçün çox qısa müddətdə işlər görüldü. İndi rayonun girişində 35 hektar sahədə zərər çəkmiş insanlar üçün evlər tikilib və onların istifadəsinə verilib. İnsanlar da bu dövlət işlərindən olduqca razıdırlar.

Bunu deyim ki, problem olmasa, inkişaf da olmaz. Ölkəmizlə bağlı olan problemlər bu gün Zərdab rayonunda da mövcuddur. Bu problemlər də aradan qaldırılır. Zərdabın ən ucqar kəndində 24 saat işıq var. Bəlkə də bununla bağlı ox öyünməyə dəyməz. Yanacaq istehsal edən ölkədə yaşayırıq. Niyə də olmasın? Ancaq 10 il əvvəl belə bir imkan yox idi. Zərdab əhli bəlkə son 200 ildə nəinki içməli suya, hətta əkin sahələrini suvarmağa su tapmırdı. Ötən il ölkədə ilk dəfə olaraq Zərdaba 75 km uzunluğunda içməli su xətti çəkildi. Zərdab mərkəzi bu içəli su ilə təmin olunub. Suyun kəndlərimizə daha qısa müddətdə çatdırılmasına çalışırıq. 8 il bundan öncə insanlarla görüşəndə bir söz qeyd edirdim. Yol. Hər kəs yol istəyirdi. İndi Zərdabı İmişliyə, Ağcabədiyə bağlayan yollarda yüksək səviyyədə yol çəkilib. Bundan sonra kəndin içində də yollar abadlaşdırılacaq.

Bir az da mənəvi problemlərdən danışmaq istəyirəm. Bəzi yerli-yersiz insanların adını qaraldan, şərəf və ləyaqəti ilə oynayan, heç bir əsası olmayan mövzular mətbuata çıxarılır. Bununla bağlı açıq mövqeyimi bildirmişəm”.



Jurnalist Bahar Rüstəmli deyir ki, Zərdab rayonunun sosial problemlərindən nə qədər danışsaq, bitən deyil. Bunu görmək üçün sadəcə orada olmaq, əhali ilə görüşmək lazımdır.

“Rayonun ən başlıca problemi su, qaz, və yoldur. 21-ci əsr olsa da Zərdabda insanlar qaz üzünə həsrətdir. Bir iki kənddə və rayon mərkəzində qaz olması ilə iş bitməz. Bütünlüklə kəndlər qazlaşdırılmalıdır. İnsanlar qışda odun ümidinə qalırlar ki, onu da vaxtında ala bilmirlər. Bundan başqa, elə doğulduğum Alıbəyli kəndində icra nümayəndəsinin evinə kimi qaz xətti çəkilib. Sual olur ki, niyə kənd icra nümayəndəsinin və bələdiyyə sədrinin evinə kimi? Belə çıxır ki, dövlətin qazı ancaq məmurlar üçündür? Babalı deyənlərin boynuna. Amma məndə olan məlumata görə, icra başçısı Lütfəli Babayev bu günlərdə keçirdiyi iclasda deyib ki, “mən Alıbəyli kəndinə qaz çəkməyəcəyəm. Çünki Zərdabın problemlərindən daim yazan Bahar Rüstəmli həmin kənddəndir”.

Kürün qırağında yerləşən rayon toz-duman içindədir. Bütün yolları qazıb tökürlər. Hər dəfə seçki gələndə yolları buldozerlər pis vəziyyətə qoyur. Necə gəldi asfalt basılır. Təki görüntü olsun, görüntü olsun ki, Zərdabda abadlıq işləri gedir. İnsanlar təbii ki, bu vəziyyətə hiddətlənir.

Zərdabda su problem olaraq qalır. Ucqar kəndlər susuzluqdan yanır. Ekologiya Nazirliyinin qurduğu su təmizləyici qurğuların heç biri işləmir. Açılışlarında bir stəkan suyu başına çəkib rayona bir daha gəlməyən nazir sonradan heç bununla maraqlanıbmı?

Zərdabda guya rayon xəstəxanası fəaliyyət göstərir. Amma sakinləri axtaranda, ya Göyçayda, ya da Mingəçevirdə taparsınız. Niyə? Çünki nə peşəkar həkim, nə də müasir diaqnostika avadanlığı var. Buna görə də doğuş zamanı uşaq ölümü halları Zərdabda çoxdur.

Və nəhayət, Zərdab milli mətbuatın banisi Həsən bəyin vətənidir. Sonuncu dəfə rayonda olanda Həsən bəyin evinə yolum düşdü. Ancaq mənə dedilər ki, içəri girmək olmaz. Səbəbini soruşduqda isə bildirdilər ki, icra başçısı belə qayda qoyub. Bu, təkcə mənə, Həsən bəy Zərdabi davamçısına olan münasibət deyil. Zərdab məmurları ümumiyyətlə bölgənin problemlərini qabardan jurnalistləri sevmirlər. Rayondan seçildiyini deyən deputat isə bölgəylə daim maraqlandığını desə də, Zərdaba rəsmi tədbirlərdə gedir”.

 

Ulduz İBRAHİMOVA

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı