Modern.az

Milli Şura Tiflisdə BƏYANAT verdi - Putinə və ABŞ Konqresinə müraciət ediləcək

Milli Şura Tiflisdə BƏYANAT verdi - Putinə və ABŞ Konqresinə müraciət ediləcək

Ölkə

31 İyul 2013, 07:42


Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm Ibrahimbəyov iyulun 30-da Tiflisdə qurumun üzvləri ilə görüşüb. Tiflisdə keçirilən görüşdə iştirak edən Milli Şura üzvləri Zəfər Quliyev, Eldar Namazov, Isa Qəmbər, Sülhəddin Əkbər, Eldar Əliyev, Vidadi Mirkamal, Mehman Əliyev, Gültəkin Hacıbəyli, Nurəddin Mustafayev, Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Əvəz Temirxan, Köçəri Nağıbəyli və Bəybala Əbil olub.

Tiflisdəki Vere Palace hotelində keçirilən görüşdə müxtəlif məsələlər müzakirə olunub. O cümlədən çıxışlarda belə fikir səslənib ki, Milli Şuranın vahid namizədi ilə bağlı ictimai rəydə yaranan suallara son qoymağın zamanıdır və buna görə Rüstəm İbrahimbəyovla İsa Qəmbər ikilikdə görüşsün.

Modern.az “Azadlıq”a istinadən bildirir ki, təxminən 6 saat davam edən qapalı müzakirələrdən sonra jurnalistlər üçün brifinq keçirilib. Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov məlumat verib ki, toplantıda Azərbaycandakı seçkiqabağı mühiti, qurumun qarşısında duran vəzifələri, seçkilərə hazırlıq məsələsini və vahid namizəd Rüstəm İbrahimbəyova yaradılan süni problemləri müzakirə ediblər.

Müzakirələrdə Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtinası ilə bağlı prosesin sürətləndirilməsi üçün vacib olan addımlara diqqət yetirilib. Qərara alınıb ki, Rüstəm İbrahimbəyovun Azərbaycana dönüşü ilə bağlı siyasi, hüquqi və texiniki-təşkilatı sahədə hazırlıq işləri, eyni zamanda  ictimai və beynəlxalq rəyin hazırlanması istiqamətində aparılan iş tamamlanmalıdır. Toplantı iştirakçıları İbrahimbəyovun  Rusiya vətəndaşlığından imtina üçün həmin ölkənin qanunvericilik tələblərinə əsasən prosesdə şəxsən iştirak etməli olduğunu nəzərə alaraq, onun 31 iyul 2013-cü il tarixdə Bakıya dönüşünü məqsədəuyğun saymayıblar. Razılığa gəlinib ki, onun Bakıya dönüşü Milli Şuranın qərarı ilə olsun.

Müşavirədə həmçinin, Rüstəm İbrahimbəyovun Mərkəzi Seçki Komissiyasında qeydə alınması üçün zəruri olan addımlar barədə fikir mübadiləsi aparılıb.

Milli Şuranın əsasnaməsinə uyğun olaraq, qurumun komissiya sədrlərinin və partiya təmsilçilərinin, icra aparatının və seçki qərargahı rəhbərlərinin iştirakı ilə Məşvərət Şurasının yaradılması sədrə tövsiyyə olunub.

Müşavirə zamanı Milli Şuranın adından müəyyən müraciətlərin hazırlanması da məqsədəuyğun bilinib. Müraciətlərdən biri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığına xitam verilməsi ilə bağlı prosedurun sürətləndirilməsi üçün bu ölkənin prezidenti Vladimr Putinə olmalıdır.
Başqa bir müraciət isə Avropa Birliyinə ünvanlanmalıdır. Milli Şura Avropa Birliyini noyabrda Azərbaycanla bu qurum arasında strateji tərəfdaşlıq haqqında müqavilənin imzalanması ərəfəsində rəsmi Bakının prezident seçkilərinin demokratikliyinə təminat verməsi üçün səy göstərməyə çağırmalıdır.
Nəhayət, Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsinə, Milli Şuranın vahid namizədinin seçkidə sərbəst iştirakına təminat yaradılması üçün ABŞ Konqresinə və Dövlət Departamentinə müraciət olunmalıdır.

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov da brifinq keçirərək jurnalistlərin suallarına cavab verib.

“Vətəndaşlıqla bağlı sənədlərim hələlik qaydasında olmadığı  üçün mən avqustun 1-də Moskvaya dönməliyəm. Milli Şura nə zaman mənim Bakıya gəlməyim haqqında qərar qəbul etsə, Azərbaycana onda gələcəm”, - deyə o, bildirib.

İbrahimbəyov qeyd edib ki, Rusiya vətəndaşlığından imtinası məsələsinə yaxın zamanlarda baxılacaq: “İndi vəziyyət elədir ki, mən Bakıya getsəm, durum heç də bizim xeyrimizə olmayacaq. Ona görə də biz bu məsələni işlər bizim xeyrimizə olana qədər yubadırıq. Milli Şuradakı dostlarım mənim indiki halda Bakıya gəlişimi qətiyyən istəmir. Ona görə də mən uyğun vaxta qədər gözləyəcəyəm”.

Toplantını nədən məhz Tiflisdə keçirməyə qərar verdiklərinə dair suala Milli Şura sədri belə cavab verib: "Gürcüstan kinematoqrafları ilə film çəkməyi planlaşdırırdıq. Yəni onsuz da mən Tiflisə gələcəkdim. Ancaq ən önəmlisi Azərbaycanın ilk Milli Şurası burada toplanaraq önəmli qərarlar veriblər. Yəni Tiflis bizim sevdiyimiz şəhərlər sırasında ona görə var ki, buradan Azərbaycanın inqilabi hərəkatı başlayıb. Yəni bu, bir ənənədir. Ona görə də Milli Şuranın 100 ildən sonra yenidən Tiflisdə toplaşması olduqca əsaslıdır”.

Bu məsələnin rəsmi Tiflislə Bakı arasında hər hansı  problem yaradacağı isə Rüstəm İbrahimbəyova görə, az ehtimal olunandı: “Biz burada seçki haqqında danışırıq. Gürcüstanda isə seçki Azərbaycandakından fərqli olaraq heç də qorxulu bir məsələ deyil. Heç bir qanunsuz məsələdən danışmadığımıza görə, problemin olacagını da düşünmürəm”.

“Seçkilərdə şansınızı necə qiymətləndirirsiniz” sualına cavabında R. İbrahimbəyov deyib ki, xalq bu seçkidə mütləq dəyişiklik istəyir, ona görə də şansı böyükdür.

Tiflis toplantısının bəyanatı

Daha sonra Milli Şuranın toplantı adından qəbul edilmiş bəyanat təqdim olunub. Bəyanatda deyilir:

“2013-cü il Azərbaycan xalqının dinc yolla azad seçkilər keçirməsi və demokratiyaya qovuşması üçün axırıncı şansdır. Biz bu şansı itirməmək  üçün daxildə bütün demokratik qüvvələrinin birliyinə - Milli Şuranın yaradılmasına və qarşıdan gələn prezident seçkilərində vahid namizədlə istirak etmək qərarı vermiş, azad və ədalətli seçkilərin keçirilməsinə dəstək vermələri üçün ABŞ, AB və beynəlxalq təşkilatlara müraciətlər etmişik. İyulun əvvəlində Bakıya gələn ABŞ konqresmenləri prezident İ.Əliyevin qarşısında MŞ-nin vahid namizədinin seçkilərində iştirak etməsinə mane olmamaq məsələsini qaldırıblar və onlar belə bir maneçiliyin olmayacağı vədini alıblar.

16 iyul 2013-cu ildə ABŞ Konqresinin Helsinki komissiyasında Azərbaycanda insan haqlarının vəziyyəti məsələsi müzakirə olunanda isə ABŞ dövlət təşkilatlarınin nümayəndələri və ekspertlər seçkilərin legitim olması üçün Azərbaycan hakimiyyətinin R.İbrahimbəyova seçkilərdə iştirak etməsi üçün şəraitin yaradılmasını əsas məsələ kimi qeyd ediblər.

Seçkidə güclü rəqibinin iştirakından qorxuya düşən hakimiyyət seçkiləri asan saxtalaşdırmaq üçün birincisi, ATƏT və Avropa Parlamentini müşahidə üçün seçkilərə dəvət etməyib.

İkincisi, R.İbrahimbəyovun əleyhinə qondarma “cinayət’’ işi formalaşdırır. Bu məqsədlə onunla birgə kino sənətində çalışanları intensiv şəkildə istintaqa çağırırlar, onları korrupsiya və rüşvətdə günahlandırmağa çalışır və bunların R.İbrahimbəyov tərəfindən təşkil olunduğunu bəyan etmək istəyirlər. Əlbəttə, Azərbaycanda bu qondarma cinayət işinə inanan bir nəfər də tapılmaz. Ancaq, hakimiyyət R. İbrahimbəyovu Bakıya gələrkən qondarma cinayət işindən istifadə edib həbs etmək və seçkilərə buraxmamaq istəyir”.

Bəyanatda qeyd olunur ki, Milli Şura ABŞ Konqresi və höküməti, BMT, AŞ, ATƏT, AP kimi nüfuzlu beynəlxalq və regional təşkilatların Azərbaycan hökumətindən verdiyi sözə əməl etməyi qətiyyətlə tələb edəcəyinə ümidlidir.

Sənəddə qeyd olunur ki, bəyanat 30 iyul 2013-cü ildə Tiflis şəhərində qəbul olunub. Hakimiyyətin R.İbrahimbəyovu həbs etməsinə şərait yaratmamaq üçün iclas Bakıda deyil, Tiflisdə keçirilib.


 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı