“Rusiya Türkiyənin həmsədr olmasına mane olacaq”

Qonşu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun son zamanlar Azərbaycana iki dəfə səfər etməsi diqqətdən yayına bilməz. Səfərlərin əslində Azərbaycanın Türkiyə üçün önəmli olduğundan xəbər verir desək, yanılmarıq. Türkiyə xarici siyasət idarəsinin rəhbərinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini haqlı olaraq hədəfə alması da Qarabağ münaqişəsinin həllində bu ölkənin Azərbaycanın xeyrinə işlər görəcəyi biləcəyi fikrini səsləndirməyə əsas verir. Bununla yanaşı Türkiyə prezidenti Abdulla Gülün də yaxın zamanlarda ölkəmizə səfəri gözlənilir və bu da müəyyən bir mesajların göstəricisidir.
Türkiyə rəhbərliyinin Azərbaycana intensiv səfərlər etməsi isə hər iki dövlətin bölgədə siyasi aktivliyinin artırması ehtimalını da səsləndirmək üçün tutarlı dəlil ola bilər. Türkiyə üçün ölkəmizin vacib faktor olması isə qonşu dövlətin Qarabağ probleminin həlli istiqamətindəki səylərini də artırmaq üçün stimul verir. Onsuz da ATƏT-in Minsk Qrupunun Qarabağ konfliktinin tənzimlənməsi üçün üzərinə götürdüyü vasitəçilik missiyasının əsl mahiyyətində regiona turist gəzintisini xatırladan səfərlərdən və həmsədrlərin verdikləri ziddiyyətli bəyanatlardan başqa heç bir şey dayanmır. Belə olan təqdirdə Türkiyənin Qarabağın Azərbaycana geri qaytarılması üçün səylərini artırması həm bu ölkənin dövlət maraqlarına uyğundur, həm də Azərbaycan üçün yeni format axtarışları işini müəyyən mənada asanlaşdırır.
Türkiyənin Qarabağla bağlı qəti mövqeyi danışıqlar prosesində irəliləyişin əldə olunması üçün də potensial amildir. Bu barədə danışan ADP sədri Sərdar Cəlaloğlu da bunu inkar etmir. O, Türkiyənin danışıqlar prosesində kənarda qalmasını məqsədə uyğun hesab etmədiyini bildirərək deyib ki, regionda cərəyan edən proseslərin Türkiyəsiz müdaxilə etmək mümkün deyil. Türkiyə barədə ortaya qoyduğumuz faktlar dalana dirənən “danışıqlar prosesi”nə nə kimi töhfəsini verə bilər?
“Türkiyənin Qarabağ probleminin həlli üçün imkanları çoxdur”
Bu barədə Modern.az-ın suallarını şərh edən Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov Türkiyə rəsmilərinin Azərbaycana səfərlərini heç də təsadüf hesab etmir. Bu baxımdan Türkiyənin Azərbaycanla bağlı siyasətinin intensivləşməsinə toxunan politoloq bunu bir sıra amillərlə əlaqələndirib.
“Bu, ilk növbədə Türkiyənin özünün daxili problemləri ilə bağlıdır. Türkiyədə daxili sabitlikdə müəyyən problemlər yaşanır. Bu nöqteyi-nəzərdən problemlərin artması fonunda Türkiyənin daxili təhlükəsizliyi üçün təhdidlərin yaranması dosta, müttəfiqə ehtiyacı zəruri edir. Çünki ölkədə daxili sabitliyin pozulması onun beynəlxalq mövqelərinə də təsir edir. Belə bir situasiyada Türkiyənin Azərbaycanla daha sıx təmaslarda olması və bizim ölkəyə səfərlərin gerçəkləşməsi Azərbaycanın bu dövlət üçün lazımlılıq əmsalının artması ilə bağlıdır. Azərbaycan isə hər zaman Türkiyənin yanında olub. İndiki vəziyyətdə isə Türkiyənin Azərbaycana olan ehtiyacı bir az da artır”-deyə E. Nəsirov bildirib.
ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranın Dağlıq Qarabağ münaqişəsinin həllinin mürəkkəb bir məsələ olmasını etiraf etməsi də bu beynəlxalq təşkilatın konfliktin çözümündəki fəaliyyətsizliyinin daha bir bariz nümunəsi sayıla bilər. Vasitəçilik öhdəsindən gələ bilməyən ATƏT-in Minsk Qrupuna bundan sonra bel bağlamaq da ağlabatan görünmür. O zaman çıxış yolu nədir?
Analitik alternativ variantların vacibliyindən söz açaraq qeyd edib ki, prosesə müəyyən stimul və impulslar vermək olduqca əhəmiyyətlidir.
“Türkiyənin bunu reallaşdırmaq üçün ciddi imkan və potensialı var”-deyən siyasi şərhçi hesab edir ki, Türkiyənin regionda güclü dövlət olaraq münaqişənin nizamlanması sahəsindəki fəal iştirakı müsbət yeniliklər gətirə bilər.
“Azərbaycan və Türkiyənin qarşılıqlı maraq dairəsində olması fonunda hər iki ölkənin indiki məqamda əməkdaşlıq etməsi məntiqidir. Türkiyə rəsmilərinin Azərbaycana artan səfərlərini də elə bu kontekstdən qiymətləndirmək düzgün olardı”-deyə politoloq vurğulayıb.
“Rusiya Türkiyəyə həmsədr olmağa imkan verməyəcək”
Rusiyanın Qarabağ münaqişəsinə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi heç bir müsbət dinamika verə bilmədiyini vurğulayan siyasi təhlilçi qeyd edib ki, bu durumda Türkiyə amili qabardılmalıdır. Bölgədə marağı olan iki böyük dövlətin Qarabağ məsələsində fikir ayrılığı olsa da, politoloq Rusiya və Türkiyənin qarşı-qarşıya gələ biləcəyini düşünmür.
“Türkiyə ilə Rusiyanın çox ciddi iqtisadi əlaqələri var. İki dövlətin razılaşmasına görə ticarət dövriyyəsi 100 milyarda dollara çatacaq. Hazırda isə ticarət dövriyyəsi 40 milyard dollara çatır. Türkiyə ilə Rusiyanın münasibətlərinin yaxşı olması münaqişənin həlli imkanlarını artıra bilər. Lakin Rusiya Türkiyənin həmsədr olmasına çalışacaq ki, imkan verməsin. Çünki Türkiyə həmsədr olarsa, Rusiyanın münaqişə ilə bağlı təsir imkanlarını zəiflətmiş olar. Rusiya münaqişənin həlli ilə bağlı çox ciddi məsələlərə imza atmalıdır. Bu olmayacağı təqdirdə isə Türkiyənin tənzimləmə prosesinə cəlb olunması real görünür. Bunun qarşısını da almaq mümkün olmayacaq. Artıq ATƏT özü etiraf edəcək ki, indiki format heç bir nəticə vermir. Nə vaxta qədər gözləmək lazımdır? Bu suallar nə qədər çox aktuallaşsa, Türkiyənin nizamlanma prosesinə cəlb olunması məsələsi gündəmə gələcək”.
Aqşin KƏRİMOV