Modern.az

“Saakaşvili qorxur ki, Azərbaycan iqtidarı ondan hesab tələb edər” - ŞƏRH

“Saakaşvili qorxur ki, Azərbaycan iqtidarı ondan hesab tələb edər” - ŞƏRH

Ölkə

3 Avqust 2013, 13:42

Gürcüstan prezidenti Mixail Saakaşvilinin Milli Şura ilə bağlı səsləndirdiyi fikirlər gündəmin əsas müzakirə mövzusuna çevrilib. Müxalifət koalisiyasının Tiflis görüşünə münasibət bildirən gürcü prezident hiddətlənərək Milli Şuranı Rusiyaya işləməkdə ittiham edib.

"Biz demokratik ölkəyik və burada istənilən siyasi fəallığı göstərmək olar, lakin biz hamımız bilirik ki, insanların bu konkret qrupu, Rusiya tərəfindən Azərbaycan siyasətinə göndərilib və yalnız stabilliyi pozan bir andır",-deyə  Saakaşvilinin bəyanatı yeni siyasi qalmaqala səbəb oldu.

Saakaşvilinin Azərbaycan hakimiyyəti ilə yaxın dostluq münasibətlərində olması hər kəsə bəllidir. Şəxsi münasibətləri nəzərə alsaq “Mişa”nın belə bir bəyanat verməsi gözləniləndir, amma başqa bir ölkə rəhbərinin Azərbaycanın daxili siyasətinə qarışması, iqtidar təmsilçisi kimi müxalifəti tənqid etməsi etik baxımdan yolverilməzdir.

Geriyə baxsaq, Azərbaycan müxalifətinin Saakaşviliyə qarşı müsbət mövqedə olduğunun şahidi olarıq. Bir sözlə, əvəllər “Mişa” iqtidarlı-müxalifətli hər kəsin dostuna çevrilmişdi.

Hətta iqtidarın yürütdüyü siyasəti bəyənməyən müxalifət liderləri dəfələrlə hakimiyyətə Saakaşvilini nümunə gətirib, onun kimi demokrat olmağı tövsiyə edirdi.

Maraqlıdır, Saakaşvili Milli Şuranı Rusiyaya işləməkdə suçlamaqda məqsədi nə idi? Gürcüstan prezideninin gözlənilməz bəyanatının arxasında hansı siyasi maraqlar dayanır?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-ın suallarını şərh edib.  Politoloqun fikrincə, Saakaşvili belə bir addım atmaqla Azərbaycan hakimiyyətinin rəğbətini qazanmaq niyyətindədir. E.Şahinoğlunun fikrincə, Saakaşvilinin Azərbaycanın daxili işlərinə qarşımağa heç bir haqqı yoxdur:

“Saakaşvilinin belə bir fikirlər səsləndirməsi doğru deyil. Onun Azərbaycanın daxili işlərinə qarışmaya haqqı və səlahiyyəti yoxdur. Saakaşvilinin Azərbaycan siyasətinə qarşıması yalnız addımdır. Amma Saakaşvilini də anlayıram, o sanki vahimə içindədir. Saakaşvilinin əsas dəstəyi Azərbaycan hakimiyyətidir. Azərbaycan hakimiyyətinin dəstəyi olmasaydı, Saakaşvili, eləcə də Gürcüstan çoxdan çökərdi. Müxalifətin Tiflisdə toplanması onda bir narahatlıq yaratdı ki, Azərbaycan rəhbərliyi ondan hesab tələb edə bilər. Ona görə, Saakaşvili qabaqdangəlmişlik edərək belə bir açıqlama verdi”.

Politoloq hesab edir ki, prezidentlik posunu əldən verən Mixail Saakaşvili baş nazir olmaq üçün Azərbaycanın dəstəyinə güvənir.

“Doğrudur, müxalifət Saakaşvilini nümunə kimi göstərirdi. Hadisələrin inkişafı elə bir həddə gəlib çatıb ki, kimin hansı açıqlamanı verəcəyi bilinmir. Saakaşvili prezident olmayacağını bilir. O çalışır ki, heç olmasa özünə tərəfdar toplayaraq parlament seçkilərinə nəsə edə bilsin. Ola bilsin ki, Saakaşvilinin əsas hədəfi gələcəkdə baş nazir olmaqdır. Bu baxımdan Saakaşvili Azərbaycan hakimiyyətindən özünə dəstək almağa çalışır”-deyə politoloq şərh edib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı