Modern.az

Komitə sədri Hicran Hüseynovanın atası haqqında sərəncam verildi

Komitə sədri Hicran Hüseynovanın atası haqqında sərəncam verildi

Ölkə

6 Avqust 2013, 23:37

 /file/articles/2013-cü ilin dekabr ayında Azərbaycanın tanınmış ictimai xadimi Kamran Əsəd oğlu Hüseynovun anadan olmasının 100 illiyi tamam olur. Bunu nəzərə alan prezident İlham Əliyev Kamran Hüseynovun 100 illik yubileyinin keçirilməsi üçün sərəncam verib.
Sərəncama görə, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ticarət və Sənaye Palatasının təkliflərini nəzərə almaqla Kamran Əsəd oğlu Hüseynovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

Modern.az-ın məlumatına görə, Kamran Hüseynov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovun atasıdır.

Kamran Əsəd bəy oğlu 15 dekabr 1913-cü iidə Zəngəzur qəzasının Çərəli kəndində anadan olub. O, əmək fəaliyyətinə gənc yaşlarından başlayıb, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışıb. 1938-1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940-1941-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil alıb. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirib.

Kamran Hüseynov 1941-1944-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərib, 1944-1945-ci illərdə Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, 1945-1947-ci illərdə indiki Binəqədi Rayon Partiya Komitəsinin birinci katibi işləyib. 1949-1952- ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov 1952- 1953-cü illərdə Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1953-1958-ci illərdə isə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışıb.

Kamran Hüseynov 1958-1961-ci illərdə respublika Həmkarlar İttifaqları Şurasının sədri olub, 1961-1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləyib. Kamran Hüseynov 1968-1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub. O, 1980-1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri işləyib.

Kamran Hüseynov Azərbaycanın ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyət göstərən şəxsiyyətlərdəndir. Onun dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində gördüyü işlər böyük bir dövrü əhatə edir. O, sıravi fəhləlikdən başlamış strateji əhəmiyyətli mühüm dövlət obyektlərinin tikilib istismara verilməsinə qədər çalışdığı bütün sahələrdə yüksək peşəkarlıq, fədakarlıq və yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirib. Azərbaycanda yeni yaşayış məntəqələrinin salınmasında, onların sənaye mərkəzlərinə çevrilərək inkişaf etməsində Kamran Hüseynovun xidmətləri təqdirəlayiqdir.
Kamran Hüseynov uzun illər Azərbaycan Respublikası Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin deputatı kimi səmərəli fəaliyyət göstərib.

Kamran Hüseynov müstəqil Azərbaycan Respublikasının ali mükafatı - «Şöhrət» ordeni ilə təltif edilib.

Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Kamran Hüseynov 2006-cı il aprelin 20-də 93 yaşında vəfat edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı