
Modern.az saytı “Rayonlardakı vəziyyət: Deputat və jurnalist danışır” layihəsini davam etdirir. Bu dəfə seçilən bölgə Qax rayonudur. Bu bölgəmiz haqqında 112 saylı Qax seçki dairəsindən seçilmiş deputat Azər Kərimli və “Xəbərlər-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Kamal Əli danışır.
Deputat Azər Kərimli deyir ki, son illər Qaxda görülən işlər sadalamaqla qurtaran deyil: “Yalnız son bir ildə Qaxda 20 kilometrdən artıq kənd yoluna asfalt çəkilib. Qaxla İlisu arasında yol yenidən qurulur və burada elektrik dirəkləri quraşdırılır. Kürmük çayı üzərində uzunluğu 700 metr olan körpü istismara hazırdır. Qax şəhərinin əhalisinin içməli su ilə təmin olunması üçün prezidentin göstərişlərinə uyğun olaraq böyük su anbarı tikilib. Kəndlərdə 5-dən çox artezian quyusu istismara verilib. Qax rayonunda mühüm quruculuq işləri görülür. Yeni məktəblər, bağçalar tikilir. Son illər 12 məktəb, 1 bağça tikilib istifadəyə verilib. Xeyli sayda məktəb təmir olunub. Zəlzələdən ən çox zərər çəkmiş Güllük kəndində ambulatoriya məntəqəsi istifadəyə verilib. İnsanlar yeni mənzillərlə təmin olunublar. Rayonda Olimpiya Mərkəzi istifadəyə hazırdır. Qax rayonunda son 1 ildə görülən işlər bəlkə də 20 ildə görülən işlərdən çoxdur. Əlibəyli kəndində 4 kilometr uzunluğunda yol çəkilib. Kənd müasir standartlara uyğun vəziyyətdədir. Burada böyük xəstəxana da tikilib. Son illər Qaxda görülən işləri sadalamaqla qurtaran deyil. Təbii ki, bütün bunlara prezidentimizin regionlara göstərdiyi diqqət nəticəsində nail olunub”.
Deputat hesab edir ki, zaman keçdikcə insan daha yaxşı şərait istəyir: “Bu da təbiidir. Elə Azərbaycan prezidenti İlham Əliyevin də əsas hədəfində duran məsələ Azərbaycan vətəndaşının dünyanın ən yaxşı şəraitdə yaşamasının təmin edilməsidir. Qeyd etməliyəm ki, regionların sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı Dövlət Proqramları rayonlarımızı yaxşı mənada tanınmaz edib. Azərbaycana gələn əcnəbilər bizim regionlarda olan şərait və abadlığa həsəd aparırlar. Buna görə hər birimiz prezidentimizə borcluyuq. Qarşıdan gələn Prezident seçkilərində İlham Əliyevə alternativin olmamağı da bundan qaynaqlanır. Dövlət başçımız xalqa xidmət edir və bunu da insanlar yüksək dəyərləndirirlər”. İnsan yaşayırsa onun məişət problemlərinin olacağını istisna etməyən deputat bəzi valideynlərin ona daha çox övladları üçün müraciət etdiklərini də deyib: “Uşaqların bəziləri dövlət imtahanında ərizəni düzgün kodlaşdırmırlar. Bunun üçün məndən kömək istəyirlər. Bir də bizim rayonda qazlaşdırma məsələsinin sürətləndiriləsi ilə bağlı seçicilərdən çoxlu məktublar alıram. Qaxda qazlaşma 52 faiz təşkil edir ki, bunun da böyük hissəsi rayon mərkəzinin payına düşür. Əminik ki, bu məsələ də öz müsbət həllini tapacaq” .
Jurnalist Kamal Əli isə Qaxda olan problemləri sadalayıb. “Qaxda əsas problem işsizlikdir. Çünki orada iş yerləri üçün müəssisələr yoxdur və tikilməsi də gözlənilmir. Bunun nəticəsində insanlar kasıb dolanırlar. Qaxda sadəcə turizm sahəsi inkişaf edir ki, o da yay və qış aylarını əhatə edir. Təxminən 8-ə yaxın yüksək səviyyəli istirahət obyekti var. Sovet vaxtında və müstəqillik dövründə qaxlılar digər rayonlarda olduğu kimi, fındıqdan yaxşı qazanc əldə edirdilər. Ancaq son 3, bəlkə də 5 ildə Azərbaycanın oliqarxları bütün biznesi öz əllırində cəmləşdiriblər. Fındığı çox aşağı qiymətə alıb Türkiyəyə satırlar. Bu da insanların narazılığına səbəb olur. Turistləri Qaxa cəmləşdirmək üçün İçərişəhərə bənzəyən şəhərcik yaradıblar. Küçələri asfaltlayıblar. İndi kanalizasiya xətti də çəkilir. Bundan başqa Qaxda maldarlıq ildən-ilə azalır. Çünki sovet dövründə İlisuda kolxoz var idi. Orada 100 minlərlə qoyun saxlanılırdı. İnsanlar da orada işləyirdilər. Ancaq indi kiçik fermerlər var. İnsanların burada gəlirləri də xeyli az olur. Belə olduqda insanların öz işlərinə həvəsi günü-gündən azalır”.
Ulduz İBRAHİMOVA