
İyulda üç məktəbli, iki əsgər özünü öldürüb
“Modern.az” saytı rəsmi məlumatlara istinadən iyul ayında ölkədə baş verən intiharlarla bağlı araşdırma aparıb. Məlum olub ki, ötən ay Azərbaycanda 30 intihar qeydə alınıb. Özlərini müxtəlif vasitələrlə həyatdan məhrum edənlərin 22 nəfəri kişidir. Ötən ay Milli Ordunun 2 əsgəri , 1 polis özlərini güllələyiblər, 1 nəfər təcridxanada intihar edib. İyul ayında 5 qadın özünü öldürüb. İyulda 3 məktəbli və yeniyetmə intihar edib, 1 nəfərin cəhdi isə uğursuz nəticələnib. Ötən ayda intihar yolu ilə canına qəsdləri baş tutmayanların sayı 22 nəfər olub. Onların 12-si qadın, 9-u kişi, 1-i məktəblidir.
Nişanlı qız özünü asdı, yeniyetmə oğlan damarlarını doğradı
İntihar edən məktəbli və yeniyetmələrin üçü də qız olub. Abşeron rayonu, Məhəmmədi kəndində 16 yaşlı Püstəxanım Quluzadə özünü asıb. Orta məktəbin 9-cu sinif şagirdi olan P.Quluzadənin özünü öldürməsinin ilkin səbəbi açıqlanıb. Bildirilib ki, iki il əvvəl nişanlanan qız son bir ayda həyatdan bezdiyini deyirmiş. P.Quluzadənin iki ay sonra toyu olacaqdı. Yasamal rayonunda yaşayan 15 yaşlı Fatimə Musayeva yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Qəbələ rayonunda isə 17 yaşlı Gülnar Abdullayeva özünü asıb. Onun da intiharının səbəbi açıqlanmayıb.
Ucar rayonu, Qəzyan kənd sakini, 16 yaşlı Abbas Əhmədov hər iki qolunun damarlarını kəsib. Ailə üzvlərinin vaxtında həkimə çatdırması hesabına onun həyatını xilas etmək mümkün olub.
Keçmiş məhbus təcridxanada intihar etdi
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlanda yerləşən 3 saylı istintaq təcridxanasında saxlanılan, 33 yaşlı Elnur Aslanov sağ qolunun damarını kəsərək özünü öldürüb. Elnur Aslanov əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. O, oğurluq etdiyinə görə 3 saylı istintaq təcridxanasında saxlanılırdı.
Ayın ən dəhşətli və müəmmalı intiharları
Abşeron rayonunda dəhşətli hadisə baş verib. Xırdalan şəhər sakini, 56 yaşlı Şamil Məmmədov şəhər qəbiristanlığında özünü yandırıb. Ş. Kamilov xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. Araşdırma zamanı məlum olub ki, Ş.Məmmədovu özünü öldürməyə vadar edən səbəb cavan oğlunun faciəvi ölümünə dözə bilməməsidir. O, bir il əvvəl oğlunu “Şamaxinka” yaxınlğında maşın vuraraq öldürəndən sonra sarsıntı keçirib. O vaxtdan evini-eşiyini satan ata Bakının müxtəlif yerlərində kirayə yaşayıb.
O, iyulun 8-də, oğlunun dəfn olunduğu qəbiristanlığa gəlib. Övladının məzarı başında “Ay oğul” deyərək fəryad qoparıb. Xeyli ağlayandan sonra üzərinə benzin tökərək od vurub. Hüquq mühafizə orqanı əməkdaşları hadisə yerinə gələrkən Ş.Məmmədov tamamilə yansa da, danışmağa özündə güc tapıb. Məzardan bir neçə metr kənarda çapalayan Ş.Məmmədov bunları deyib: “Bura övladımın qəbridir. Oğlumsuz yaşamağı bacarmadım”.
Nərimanov rayon mühafizə polisinin Əli adlı əməkdaşı öz xidməti silahından başına atəş açaraq intihar edib. Mərhumun qonşularının verdiyi məlumata görə, hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyi ehtimal olunur. Belə ki, hadisə baş verən gün anasının məzarını ziyarət edən polis əməkdaşı orada qaynatası və həyat yoldaşı ilə mübahisə ediblər. Bundan sonra polis evinə qayıdıb və gecə saatlarında canına qəsd edib.
Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən bağ evlərindən birində yaşayan, 62 yaşlı Aybəniz Əliyeva özünü asıb. İkinci qrup əlil olan qadının özünə qəsd etməsinin səbəbləri məlum deyil.
10 gün əvvəl evlənən oğlanın dəhşətli addımı
Yasamal rayonunda 30 yaşlı Zülfü Rəhimov özünü asıb. Verilən digər məlumata görə, intihar edən Z.Rəhimov 10 gün əvvəl ailə həyatı qurubmuş.
Ordunun iki əsgəri özünü güllələyib
Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsinin əsgəri, 19 yaşlı Nəcəf Əliyev tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. N. Əliyev Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılmışdı.
Azərbaycan ordusunun Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsinin əsgəri, 19 yaşlı Elşad İsmayılov tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. O, Goranboy rayonundan hərbi xidmətə çağırılmışdı.
Məktəb direktoru özünü kitabxanada asdı
Qubada intihar hadisəsi baş verib. Rayonun Muçu kənd sakini Əliağa Eyvazov bu gün səhər özünü asıb.
AzNews.az-a rayondan verilən məlumata görə, Ə.Eyvazov kənd məktəbinin direktorudur. O məktəbin kitabxanasında özünü asıb. İntiharın səbəbi hələlik məlum deyil.
Quba rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Polis baş leytenantı Anar Cəfərov AzNews.az-a açıqlamasında bildirib ki, məktəb direktoru son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkirmiş: “Prokurorluğun müstəntiqi ilə də danışdım. Mərhumun üzərində hər hansı xəsarət, ya da zorakılıq əlaməti yoxdur. Eyvazov intihar edib. İntiharla bağlı ilkin ehtimalımız isə onun son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkməsidir. Bu səbəbdən o özünü asıb”.
Əliağa Eyvazov kənddə sakit, tərbiyəli, əxlaqlı, mədəni insan kimi tanınıb. Dünən intihar edən Quba rayon Muçu kənd məktəbinin direktoru Əliağa Eyvazovla bağlı AzNews.az yeni məlumatlar əldə edib.
Muçu kənd icra nümayəndəsi Rafiq Tayibov Aznews.az-a həmkəndlisini müsbət xarakterizə edərək, deyib ki, Ə.Eyvazov 1972-ci ildə Muçu kəndində doğulub. O, ali məktəbi bitirəndən sonra kəndə qayıdıb və burada indi rəhbərlik etdiyi məktəbin əsasını qoyub. Məhz gənc riyaziyyat müəlliminin səyi ilə kənd məktəbi fəaliyyətə başlayıb. Elə o vaxtdan, 1998-ci ildən da məktəbin direktoru olan Ə.Eyvazovu kənddə sakit, tərbiyəli, əxlaqlı, mədəni insan kimi tanıyırlar.
Kənd icra nümayəndəsi bu intiharı hər hansı formada əsaslandıra bilmədiklərini deyib: “Polis və Prokurorluq orqanlarının əməkdaşları burdadır. Hamı ilə danışdılar. Qızı, yoldaşı, iş yoldaşları və onu tanıyan hər kəsin ifadəsini aldılar. Heç kəs onunla bağlı pis bir şey demədi. Ailəsində də hər hansı problem olmayıb. Oğlu lap kiçikdir. 5-6-cı sinifdə oxuyur. Qızı 8-ci sinif şagirdidir. Münaqişəli ailə də deyillər.
Yoldaşı da dedi ki, evdə hər hansı mübahisələri olmayıb. İş yoldaşları da hər hansı problem olmadığını dedilər. Bilirsiniz, müəllimlər də məzuniyyətdədirlər. İşlə bağlı hər hansı hadisədən narahat olması ehtimalı da yoxdur. Kənddə hamı bu xəbərdən sarsılıb. Heç kəsin ağlına da gəlmir ki, o, niyə belə edə bilərdi”. İcra nümayəndəsi məktəb direktorunun əsəbi olması ilə bağlı polisin dediklərinə də münasibət bildirib: “Onun əsəbi olduğunu kim deyə bilər ki? Hər zaman sakit insan olub. Heç vaxt narahatlıq hiss etməmişəm”.
Modern.az