
Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası (ACP) yerləşdiyi qərargahı tərk etməli olacaq. Partiyanın Nərimanov rayonunda icarəyə götürdüyü ofis satışa çıxarılıb.
Modern.az saytının məlumatına görə, ofisin sahibi Azər Əsgərov obyektin təcili satılması üçün birja portallarında elan verib. Vaxtilə 3 milyon dollar qiymət qoyulan ofis hazırda 800 min dollara satışa çıxarılıb.
ACP-dən də bu xəbəri təsdiq ediblər. Partiya sədrinin müşavini Ramiz Mirzəoğlu Modern.az-a açıqlamasında ofisin satışa çıxarıldığını bildirib.
“Biz ofisi icarəyə götürmüşdük. Ofisin sahibi onu satmaq istəyirsə, biz nə edə bilərik. Bu, onun mülküdür. Allah xeyir versin. Əlimizdən nə gəlir ki, mülk onun, özü bilər. Allah xeyirlisindən eləsin”.
Partiya rəsmisi qərargahdan nə zaman çıxacaqları barədə isə bunun ofisin satılıb-satılmamasından aslı olduğunu deyib:
“Biz hələki ofisdəyik, çıxmamışıq. Ofis satılarsa, yeni sahibindən asılı olacaq”-deyə R.Mirzəoğlu bildirib.
Qeyd edək ki, ACP artıq bir ildən çoxdur ki, iş adamı Azər Əsgərova məxsus paytaxtın Nərimanov rayonunda yerləşən ofisdə fəaliyyət göstərir. Yayılan məlumatlarda partiyanın aylıq 7 min dollar icarə haqqı ödədiyi bildirilir.
Media sözügedən ofisin sahibi Asər Əsgərovu fövqəladə hallar naziri Kəmaləddin Heydərov və onun müavini Orucəli Hacıyevə yaxın adam kimi qələmə verib.
Anar RÜSTƏMOV