Modern.az

Buraxılış imtahanlarında “2” almış 128 məzun ali məktəblərə daxil olub

Buraxılış imtahanlarında “2” almış 128 məzun ali məktəblərə daxil olub

Ölkə

26 Avqust 2013, 18:06


Təhsil Nazirliyi 2012-2013-cü dərs ilinin və təhsilalanların yekun dövlət attestasiyasının nəticələrinin təhlilini davam etdirir. Nazirlikdən Modern.az saytına verilən məlumata görə, ötən tədris ilində ilk dəfə olaraq orta məktəblərin bütün 11-ci sinif şagirdlərinə buraxılış imtahanının qiymətindən asılı olmayaraq, yekun dövlət attestasiyasının nəticələrinə görə attestatın verilməsi qərara alınıb.
Bu il buraxılış imtahanlarında “2” qiyməti almış 128 məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək ali məktəblərə qəbul olub. Onların arasında I ixtisas qrupu üzrə 350, II ixtisas qrupu üzrə 301, III ixtisas qrupu üzrə 559, IV ixtisas qrupu üzrə 330 bal toplamış abituriyentlər də var.

”Bu bir daha nümayiş etdirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş müvafiq qərar hər bir məzun üçün ali məktəblərə qəbul prosesində bərabər imkanlarının yaradılması baxımından düzgün qərar olub. Ali məktəblərlə yanaşı, həmin şəxslərin orta ixtisas və ilk peşə-ixtisas təhsil müəssisələrinə qəbul şanslarının olduğunu da nəzərə alsaq, bununla da həmin gənclərin sosial həyata aktiv şəkildə qoşulmaq imkanları xeyli artmış olur”.

Təhsil Nazirliyi, həmçinin ötən dərs ilində qızıl və gümüş medallarla təltif olunmuş şəxslərin qəbul imtahanlarında göstərdiyi nəticələrinin də təhlilini aparıb.

Belə ki, 248 medalçıdan
3 nəfəri (1%) 700 bal
145 nəfəri (58%) 600-699 bal
49 nəfəri (20%) 500-599 bal
22 nəfəri (9%) 400-499 bal
12 nəfəri (5%) 200-399 bal
1 nəfəri 140 bal toplayıb.

16 nəfər (6,5%) isə xarici ölkələrin (ABŞ, Türkiyə və Niderland) nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülüb.

Beləliklə, bu il medallara layiq görülmüş məzunların mütləq əksəriyyəti öz bilik səviyyəsini təsdiqləyiblər.

”Növbəti illərdə məktəb proqramı ilə qəbul imtahanlarının məzmun və metodologiyalarının uyğunlaşdırılması istiqamətində aparılan işlərin yekunlaşması ilə təhsilalanların biliklərinin qiymətləndirilməsi prosesində keyfiyyətin yüksək səviyyəyə çatdırılmasının şahidi olacağıq. Təhsil Nazirliyi bu sahədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərdiyini nəzərə çatdırır və təhsilin keyfiyyətinin artırılmasına nail olacağına əminliyini ifadə edir. 
Aktuallığına görə qızıl və gümüş medalçılarla bağlı məsələlərin kütləvi informasiya vasitələrinin diqqətində saxlanılması Təhsil Nazirliyi tərəfindən təbii qarşılanır. Eyni zamanda, bu mövzunu işıqlandırarkən yüksək nəticə göstərmiş abituriyentlərin uğurlarına da diqqət yetirilməsinin zəruriliyini yaddan çıxarmamağı tövsiyə edirik”-deyə nazirlik bildirib.

Modern.az. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı