
Yəqin ki, çoxlarınız istər Bakı şəhərində, istərsə də bölgələrə gedərkən yolboyu reklam lövhələrinə rast gəlmisiniz. Amma həmin lövhələrdə Qarabağa aid hansısa məlumata nadir hallarda rast gəlinir. Bakıda isə bu, ümumiyyətlə yoxdur. Modern.az dəfələrlə Milli Məclisdə qaldırılmış məsələ ilə bağlı qarabağlı deputatların mövqeyini öyrənib
122 saylı Xankəndi seçki dairəsindən millət vəkili seçilmiş Flora Qasımova: “Bu məsələ Milli Məclisdə dəfələrlə qaldırılıb. Bəyəm əlaqədar təşkilatlar eşitmirlər bunu? Bunu nə məqsədlə eləmirlər, bilmirəm. Bəlkə reklamlara pul verirlər, Qarabağla bağlı məlumatlardan pul qazanmırlar, ona görə etmirlər. Həmkarlarım Məlahət İbrahimqızı, Qənirə Paşayeva bu məsələni bir neçə dəfə qaldırıblar. Pul istəyirlər? Pul lazımdır, desinlər verək də”.
Xanım deputatın sözügedən məsələ ilə bağlı təklifi də var: “Məsələn, Qubadlının işğal tarixidir. Qubadlının görkəmli bir yeri, tarixi abidəsinin şəkli yerləşdirilsin, altında rayonun sahəsi, işğal tarixi verilsin və işğal altında olduğu qeyd olunsun. Əgər pula görə eləmirlərsə, başa düşsünlər ki, bu, milli qeyrət məsələsidir”.
119 saylı Ağdam kənd seçki dairəsinin deputatı Bəxtiyar Sadıqov: “Bu məsələni yenidən qaldırmaq çox doğrudur. Qarabağ sağalmaz yaramızdır və bu barədə vaxtaşırı informasiya vermək zərurəti var. Hər dəfə bu mövzuda məsələlər müzakirə olunandan, mətbuat vasitəsilə gündəmə gətiriləndən sonra az-çox müəyyən nəticələr də olur. Artıq yeni çəkilmiş yollarda Qarabağ istiqamətində hərəkət edəndə tablolarda işğal altında olan rayonların da adlarını görürük. Bu, biz insanların yaddaşını təzələyir, məcburi köçkünləri nisgilli düşüncələrə sövq edir. Müharibədən sonra doğulmuş insanlar üçün isə yeni informasiya olur. Gənc bilir ki, filan rayona bu yola gedirlər. Amma təəssüf ki, Bakı şəhərində belə şeylər yoxdur. 22 il ərzində həll edə bilmədiyimiz yeganə problemimiz Qarabağ münaqişəsidir. Dövlət bununla bağlı nə lazımdırsa, edir. Cənab İlham Əliyevin elə bir çıxışı, elə bir söhbəti yoxdur ki, bu mövzuya toxunmasın. Amma Bakı şəhərində bəzi qurumlar, xüsusən də reklam işi ilə məşğul olanlar elə bil ki, Qarabağ haqqında düşünmürlər, bu mövzudan xəbərləri yoxdur. Elə məsələ var ki, o pulla ölçülməli deyil. Bu məsələdə xeyir güdmək lazım deyil, pul xərcləməliyik”.
Millət vəkili hesab edir ki, bələdiyyələr, Bakı şəhər İcra Hakimiyyəti belə məsələlərdə təşəbbüs göstərməlidir: “Dövlət məmuru dövlət başçısının işinə baxıb nümunə götürməlidir. Nəqliyyat Nazirliyi yolboyu belə şitləri qoyub. Qoy belə bir xəritə də çəkib vursunlar. Məsələn, gələn turistlər görsünlər ki, Ağdam ruhlar şəhəridir, oranı ermənilər xaraba qoyublar. Bizim sahibkarlardan bu işə qoşulmaq istəyirlərsə, onları vətənpərvərliyə səsləyirəm. Bu məsələ daim diqqətdə saxlanılmalıdır, xaricdən gələn turistlərin diqqətinə çatdırılmalıdır”.
124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputat Elman Məmmədov bildirib ki, xalqda, millətdə mübarizlik ruhu tərbiyə etmək lazımdı: “Amma təəssüf hissi ilə qeyd etməliyəm ki, hansı telekanalı açırsan “məşhurlar”a daha çox yer verilir. Nə qədər çalıb-oynamaq olar. Bu millətin başını belə şeylərlə yormayaq. Vətənpərvərlik mövzusunda olan verilişlərin sayını çoxaltmaq lazımdı. Bakının hansısa bir küçəsində müharibəni əks elətdirən bir reklama rast gəlmək mümkün deyil. Hər bir Azərbaycan gənci düşünməlidir ki, onun torpağı işğal altındadır. Və ilk məqsədi də bu torpaqları düşmən tapdağından azad etmək olmalıdır”.
İntiqam Valehoğlu