Modern.az

İsa Qəmbərin oğlu: “Siyasətdə olmaq istəmirəm, proseslərdən geri çəkiləcəm” - MÜSAHİBƏ

İsa Qəmbərin oğlu: “Siyasətdə olmaq istəmirəm, proseslərdən geri çəkiləcəm” - MÜSAHİBƏ

Ölkə

5 Sentyabr 2013, 09:42

Turqut Qəmbər: “Universitetdə əksəriyyət bilmirdi ki, mən İsa Qəmbərin oğluyam”

Modern.az saytında “Siyasətçi övladları” layihəsinin budəfəki qonağı Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbərdir.

- Turqut bəy, siyasətçi İsa Qəmbərin oğlu olmaq sizin üçün necə hissdir?

- Mənim şəxsimdə siyasətçi övladı olmaq bir az fərqlidir. Bu çox böyük bir məsuliyyət qoyur adamın üzərinə. Digər tərəfdən isə mən Azərbaycana müstəqillik gətirmiş, uzun müddət demokratiya uğrunda mübarizə aparan bir şəxsin övladı olmağımla fəxr edirəm. Təbii ki, indiki şəraitdə tanınmış insanın övladı olmaq adama əlavə məsuliyyət verir.

- Bəs məsuliyyətdən başqa, İsa Qəmbərin oğlu olmaq sizə nə verib?

- Nəsə vermək məsələsinə gəlincə, məncə hər bir valideyn bazanı qoyur və övlad da o bazadan istifadə edərək harasa gedib çıxır. Bizim ailədə həmişə azad mühit olub. Ona görə də atam da, anam da bizim üçün baza qoyublar. Bunun nəticəsində yaxşı təhsil almışam. Dünyagörüşüm elə də pis deyil. Valideynlərimin köməyi nəticəsində müəyyən şeylərə nail olmuşam.

- Məktəb illərində siyasətçi oğlu olmağınıza qarşı münasibət necə idi?

- Bu, məktəb illərində bir o qədər hiss olunmurdu. Müəllimlərim də fərqli münasibət göstərmirdi. Elə müəllimlərim vardı ki, dərsarası tənəffüsdə dediyiniz məsələlər barədə söhbət edirdilər. Orta məktəbdən fərqli olaraq, universitetdə bu, daha çox hiss olunmağa başladı. Bəzi müəllimlər vardı ki, atamın siyasi mövqeyinə görə mənə müsbət yanaşırdılar, bəziləri isə mənfi fikirlər söyləyirdilər. Amma, heç vaxt müəllimlərimlə, tələbə yoldaşlarımla siyasi mübahisələrimiz düşməyib. Baxmayaraq ki, mən universitetə daxil olan il siyasi baxımdan çox aktiv il idi. Parlament seçkiləri keçirilirdi. Əvvəllər əksəriyyət bilmirdi ki, mən İsa Qəmbərin oğluyam.

- Əksəriyyət biləndən sonra nə baş verdi?

- Açıq şəkildə kimsə mənə qarşı qəzəb nümayiş etdirməyib. Qrup yoldaşlarım arasında elələri olmuşdu ki, sadəcə məndən kənar gəzməyə çalışırdı, müəyyən səbəblərə görə. Təbii ki, mən də həmin səbəbləri anlayırdım. Üstəlik mənimlə dostluğu kəsənlər olurdu. Hansı ailədən gəldiyimi bilsələr də, sonda münasibəti özümə görə qururdular. Çünki valideyn məsələsi bir yerə qədərdir. Tutalım, səni birinci gün tanıyırlar, bilirlər hansı ailədən gəlmisən. Sonradan isə adamın özünə görə münasibət formalaşır.

- Ətrafınızdakı dostlarınız sizi qane edirmi?

- Mənim müxalif olmayan, siyasətə maraq göstərməyən dostlarım da var. Açıq şəkildə iqtidarı dəstəkləyən kəslər mənim dostluğumda yoxdu. Düşünürəm ki, bu şəraitdə açıq şəkildə iqtidarı dəstəkləmək, ya hansısa maraqdan irəli gəlməlidir, ya da hansısa bilgisizliyin olmalıdır. Bir sözlə, elə dostların olması mənim maraqlarıma ziddir. Dostlar arasında müəyyən ortaq nöqtələr, ortaq dəyərlər olmalıdır ki, müəyyən məsələləri onunla bölmək mümkün olsun.

- “Nida”çı dostlarınız arasında həbs olunanlar da var. Sizcə, onların həbs olunması doğrudurmu?

- Təbii ki, həm “Nida”çıların, həm də siyasi məhbusların həbsdə olması anormaldır. Çünki insanlar azad şəkildə etiraz səslərini ucaltdıqlarına görə, fikirlərini ifadə etdiklərinə görə həbs olunmamalıdırlar. Təəssüf ki, bizim cəmiyyətdə hakimiyyət başqa cür idarə olunur. Azad fikirli, mübariz insanları həbs etməklə məşğuldur. “Nida”çılar arasında çox yaxın dostlarım var. Dostlarımla görüşə bilməməyim məni çox üzür. Onların yalnız vəkillər və səhv etmirəmsə, ən yaxınları ilə görüşmək imkanı var. “Nida”çı dostlarım bu yola girəndə bilirdilər ki, belə hadisə onların başına gələ bilər. Buna baxmayaraq, onlar bu yoldan dönmədilər. Bu da onların böyüklüyüdür.

- Bəzən “Nida”çı gənclər hakimiyyətin əleyhinə şüarlar səsləndirirlər...

- “Nida” Azərbaycanda demokratiya istəyən təşkilatdır. Əgər hakimiyyət hesab edirsə ki, demokratiya ona qarşı çıxmaqdır, bu belədir. Bizim məqsədimiz demokratiyadır. Bacarırlarsa demokratiyanı özləri gətirsinlər. Ümumiyyətlə, burda maraqlar toqquşur.

- Birbaşa müxalifət düşərgəsinin içindəsiniz. Müxalifətdən iqtidarı necə görürsünüz?

- Əvvəla, müxalifətçi oğlu olmaq nədənsə irəli gəlmir. Fərd olaraq artıq bu cür məsələlərə müstəqil yanaşıram. İqtidarın hər hansı müsbət tərəfini görmürəm. Hətta, iqtidar hər hansı bir yaxşı nəsə etmək istəyəndə, bunun arxasında hansı niyyətin durduğunu çox yaxşı bilirəm. Seçki ərəfəsində cüzi olsa da əmək haqlarının qaldırılması məqsədli bir işdir. Bu, inzibati resursdan istifadə ertməklə daha çox səs toplamaq üçün bir vasitədir.

- Azərbaycan cəmiyyətini necə dəyərləndirirsiniz?

- İstənilən cəmiyyət müəyyən andan sonra sistemin verdiyi tərəfə yönəlməyə başlayır. Son vaxtlar, bizim cəmiyyəti çox tənqid edirlər. Rüşvət bizim qanımızdadır, “gənclər təhsil almaq, oxumaq istəmirlər” kimi fikirlər səsləndirirlər. Gənc olaraq bunun səbəbi mənim üçün çox aydındır. Ona görə də insanlar məcbur olub rüşvət verib, rüşvət alırlar. Bunların hamısı sistemə görədir. Yaxın qonşumuz Gürcüstana nəzər salaq. Gürcüstan höküməti rüşvətxorluqda bizdən də öndə idi. Sadəcə, siyasi iradə nəticəsində rüşvət aradan qaldırıldı. Şimali və Cənubi Koreyanı götürək. Eyni toplum, eyni millət, eyni xalqdırlar. Müəyyən vaxtdan sonra ölkə iki yerə parçalandı. Cənubi koreyalılar Asiyanın ən proqressiv toplularından biridir. Şimali koreyalıların vəziyyətini isə hamımız çox gözəl bilirik. Cəmiyyətlərin inkişafı məsələsini ilk növbədə siyasi sistemdən asılı olan bir vəziyyət kimi görürəm. Azərbaycan cəmiyyətinin, Azərbaycan insanının ciddi potensialını görürəm. Azərbaycan toplumu, müsəlman toplumları arasında ən proqressiv toplumdur. Hər şeyə dəyər verirlər, kifayət qədər müasirdirlər, yeniliklərə açıqdırlar. Demokratiyaya tam hazırdırlar.

- Azərbaycan gəncliyinin içində vətənpərlik ruhunu necə dəyərləndirirsiniz?

- Bütün çətinliklərə baxmayaraq Azərbaycan xalqı millətinin təəssübünü çəkən insandır.

- Yemək məsələsində kapriziniz varmı?

- Evdə olanda evdə yeyirəm. Dostlarla bir yerdə nahar etdiyimiz vaxtlar da olur. Ümumiyyətlə, yemək məsələsində kaprizli deyiləm.

- Bəs geyimləriniz necə?

- Geyimdə rahat üsluba üstünlük verirəm. Çox nadir hallarda klassik formada geyinirəm. Düşünürəm ki, klassik, rəsmi geyim ancaq müəyyən mərasim və tədbirlərdə keçərlidir. Gündəlik isə adi dünya gəncliyinin geyindiyi geyimləri geyinirəm.

- İsa Qəmbərlə bugünkü siyasi məsələləri müzakirə edirsiniz?

- Təbii ki, müzakirələrimiz olur. Bütün siyasi yenilikləri, baş verən hadisələr ətrafında fikir mübadiləsi aparırıq.

- Fikirləriniz üst-üstə düşür həmişə?

- Bəzən hə, bəzən yox. Bu da təbiidir. Müzakirələrdə bütün fikirlərin üst-üstə düşməyi mümkün də deyil.

- İsa Qəmbərin ətrafında siyasətçilər çoxdur. Sizin evinizə onlardan ən çox kim gəlib?

- Bizim evdə Pənah Hüseyn, Arif Hacılı, Hikmət Hacızadə, Vurğun Əyyub olublar.

- Bəs Əli Kərimli necə?

- Əli Kərimli ilə atam arasında yaş fərqindən əlavə o, atam ilə həm də eyni nəslin nümayəndəsi sayılmır. Adını çəkdiyim o şəxslər atamla yaş və siyasətə gəlmək baxımından eyni nəsli bölüşürlər. Ona görə də siz dediyiniz münasibətlər olmayıb.

- Hafiz Hacıyev həmişə İsa Qəmbər haqqında kəskin fikirlər söyləyir. İsa Qəmbər haqqında səslənən ittihamlara bir oğul olaraq sizin münasibətiniz necə olur?

- Fikir demək başqa, boş-boş danışmaq başqa. Bu məsələyə fikir bildirmək istəmirəm. Hər şey aydındır məncə.

- Heç əsəbiləşmirsiz?

- Məqsədyönlü şəkildə qeyri-səmimi, fürsətcil tənqid və ya təhqiri ayıra biləcək ağıla malikəm. Səmimi tənqidlərə təbii ki, oxuyub dəyər verməyə çalışıram. Bu baxımdan reaksiyam fərqli olur. Qeyri-səmimilərə isə reaksiya verməməyə çalışıram.

- Siz İsa Qəmbərin etdiklərini edə bilərsiniz nə vaxtsa?

- Mənim siyasi iddialarım yoxdur. Mən siyasətdə olmaq istəmirəm. Bizim məqsədimiz Azərbaycana demokratiya gətirməkdir. Ona görə də biz siyasətçi yox, fəalıq. Ölkəyə demokratiya gələndən sonra proseslərdən geri çəkiləcəm. Çünki mən bunu bir missiya və vətətəndaş borcu kimi qiymətləndirirəm, nəinki gələcək karyeram kimi.

- Bir az da yeni yaranmış Milli Şuradan danışaq. İsa Qəmbərin oğlu olaraq bu qurumu necə dəyərləndirirsiz?

- Mən Milli Şura ideyasına müsbət yanaşıram. Həm müxalif partiyaların, həm ziyalıların, həm də gənclərin bir ittifaqda toplanması çox müsbət hadisədir. Eyni zamanda bu təşkilatdan vahid namizədin olması da yaxşı bir haldır. Düzdür, zaman-zaman Milli Şurada müəyyən səbəblərə görə böhran yaşandı. Amma bu böhrandan çıxmaq mümkün oldu. Cəmil Həsənlinin vahid namizəd seçilməsi isə məqsədəuyğun oldu. Çünki o toplum arasında vicdanı, savadı, biliyi ilə seçilən insandır. Ona görə düşünürəm ki, Cəmil bəylə uğur qazanmaq ehtimalları böyükdür.

- Milli Şuranı xarici qüvvələrin proyekti adlandıranlar da az deyil.

- Hamı çox gözəl başa düşür ki, Azərbaycanda xalq ayağa qalxmasa, heç nə mümkün deyil. Biz xaricdən heç nə ummuruq. Xaricdən isə öz prinsiplərinə sadiq qalmağı istəyirik.

- Bir vaxt Sizin evinizə polis nəzarəti var idi...

- Bizim ev daim nəzarət altındadır. Birbaşa polis basqını olmayıb. Bu ilin əvvəlində məhkəmə icraçıları mənim fəaliyyətimin nəticəsi olaraq evimizə gəlmişdilər. Amma basqı, nəzarət həmişə olunur, amma birbaşa basqı yox.

- Məncə ən çox qorxan ananız olar. Bu baxımdan atanız və sizin siyasi fəaliyyətinizlə bağlı nəsə irad bildirirmi?

- Anam çox mərd qadındır. O da bizimlə bərabər bu yolu gedir. O, bütün çətinliklərə mərdliklə sinə gərir. Amma başa düşürəm ki, bu elə də asan deyil anam üçün. Təbii ki, repressiyalar və təzyiqlər ona da xoş deyil. Anam hazırda Bakı Dövlət Universitetində işləyir.

- Müəllim yoldaşları arasında ananıza etiraz edənlər olub?

- Bunu anamdan soruşsanız daha yaxşı olar. (Gülür).

- Dostlarınızla görüşəndə hansı məkanlara üstünlük verirsiniz?

- Konkret məkan seçmirik. Şəhərin çox yerində görüşüb söhbətləşirik.

- Siyasətdən kənar, yoxsa?...

- Həm siyasi prosesləri, həm də digər məsələləri müzakirə edirik. Mənim dostlarımın hamısı savadlı və kifayət qədər dünyagörüşə malik şəxslərdir.

- Onların atanız haqda düşüncələri nədən ibarətdir?

- Biz keçmişdə və indi olanları açıq və rahat şəkildə müzakirə edə bilirik. Düşünürəm ki, siyasi proseslərdən baş çıxarmağa kifayət qədər hazırlıyıq.

- Dediniz ki, demokratiya məsələsi həll olunduqdan sonra siyasi proseslərin kənarında qalacaqsınız. Bəs o zaman nə işlə məşğul olmağı düşünürsünüz?

- Baxarıq. Özüm BDU-nun beynəlxalq münasibətlər fakültəsini bitirmişəm. Daha sonra da Böyük Britaniyanın Esteks universitetində insan hüquqları üzrə magistr dərəcəsi almışam. Buna görə də məhz insan hüquqları sahəsində işləyərdim. Xırda məsələləri həll etdikdən sonra xaricdə də yaşamaq fikrim var. Azərbaycanda da xırda işlər görmək olar. Azərbaycan imkanlar ölkəsidir. Normal sistem yaransa, insanların da biznes bazarı olacaq. Birdəfəlik ölkəni tərk edib getməyi isə düşünmürəm. Sadəcə həyatdır. Müxtəlif variantları yoxlamaq lazımdır. Bir müddət xaricdə də işləmək olar. Bu barədə həmin anda qərar vermək düzgün olar.

- Qardaşınız İlkinin toyunda Flora Kərimova, əsasən də Nazpəri Dostəliyevanın iştirakı birmənalı qarşılanmadı. Nazpəri xanım toydan sonra zəng edirdimi?

- Yox. Nazpəri xanımın məntiqli, aydın və tutarlı açıqlamalarını mətbuatdan izləyirdim. Utancverici məsələdir ki,  artıq məişət və toy məsələlərinə də qarışmağa başlayıblar.

- Bəs niyə görə daha çox Nazpəri xanımın adı hallandı?

- Flora xanımın onsuz da müxalif bir obrazı var. Ona görə də onun iştirakı ajiotaj doğurmadı. Nazpəri xanımın İsa Qəmbərin oğlunun toyunda iştirakına hakimiyyətin qeyri-adekvat reaksiyası olmasaydı, cəmiyyətdə rezonans da olmayacaqdı. Günah hakimiyyətdədir ki, belə sadə məsələlərə uşaq kimi yanaşır.

- Nəzəri cəhətdən hesab etsək ki, Milli Şuranın vahid namizədi Cəmil Həsənli prezident seçilsə, müxalifətin də əsas hissəsi hakimiyyətə gələcək. İqtidarın aradan qaldıra bilmədiyi problemləri sizcə Cəmil Həsənli və onun komandası həll edəcək?

- Məncə alınacaq. Çünki həm siyasi iradə, həm bacarıq həm də vicdan var.

- Bəzən belə fikirlər də səsləndirirlər ki, müxalifət qəzetlərindəki yazılar daha etibarlı mənbələrə söykənir. Müxalifətə hakimiyyətin daxilindən dəstəklə bağlı da düşünənlər var.

- Müxalifətə hakimiyyətin dəstəyi ilə əlaqədar məlumatım yoxdur. İqtidar müxalifətə qarşıdır. Müxalifət qəzetlərində hər hansı bir məlumatın getməsi iqtidarla müxalifətin əlaqəsinin olmasına dəlalət etmir. Balaca ölkədə yaşayırıq. Çoxu biri-birinin qohumudur.

- 20 ildən çoxdur İsa Qəmbər müxalifətdədir. Müxalifət isə hakimiyyətə gələ bilmir,bunu necə şərh edərdiniz?

- Artıq məsələ bir missiya kimi həyat amalına çevrilib. İnsanlar buna şəxsi ambisiya kimi baxmır. Bu mübarizəni illər keçməsinə baxmayaraq, davam etdirirlər. Mənim ən çox fərəh duyduğum və qarşısında baş əydiyim insanlar regionlarda müxalifətçilik edənlərdir. Onlar 20 ildir mübarizə aparırlar. Sevindirici hal odur ki, bu nəsil dəyişməsi prosesi bitmir. Yeni müstəvidə, yeni tələblərlə  yeni nəsil mübarizəni davam etdirir. Buna görə Azərbaycanın gələcəyi barədə çox rahatam. Bilirəm ki, bu proses geri dönməz bir xarakter alır. Gec, ya tez, istədiyimizə nail ola biləcəyik.

- Bəzən müxalifətin daxilində intriqalara da rast gəlmək mümkündür.

- Bəzən mətbuat maraqlı olsun deyə, nələrisə şişirdir. Müxalifət daxilində mübahisələrin olması son dərəcə normaldır. Rəqabət daha güclü olmağa aparır. Bu cür halları faciəyə çevirməyin tərəfdarı deyiləm. Eyni hədəfə vuran və eyni məqsədlər daşıyan təşkilatlar arasında rəqabətin olması normaldır. Həm də xeyli dərəcədə müsbətdir.

- Ailəvi hara gedirsiniz istirahətə?

- Son illərdə bir-iki hansısa yerə getməyi çıxmaq şərti ilə, ailəvi istirahətə yollanmamışıq.

- Ailədə sizə və qardaşınıza hər hansı qadağalar qoyulub?

- Tam müstəqilliyi 16-17 yaşında almışam. Qadağaların olmasını xatırlamıram.

- İsa Qəmbər ailədə necə adamdır?

- Siyasətdə olduğu kimi, ailədə də diqqətli və təmkinlidir. Arada mübahisələrimiz olur. Amma özündən çıxdığını görməmişəm. Həmişə soyuqqanlılığını qorumağı bacarır.

- Azərbaycan siyasətində ən çox kimə dəyər verirsiniz? O şəxs ki atanızın da ondan xoşu gəlməsin...

- Siyasi liderlər barədə danışmaq istəmirəm. Azərbaycanda səmimi şəkildə mübarizə aparan bütün insanlara dəyər verirəm.

- Əbülfəz Elçibəyi bəs necə? Onu xatırlaya bilirsiniz?

- Xatırlayıram. Bir neçə dəfə canlı görmüşəm. Bizim evdə də olub. Çox qısa söhbətlərimiz olub çünki onda balaca idim. Elçibəy mənim üçün dəyərlidir. Azərbaycanın az da olsa demokratik şəraitdə yaşamasında müstəsna xidmətləri olub. İndiyə qədər müxtəlif insanlardan Elçibəy haqqında ancaq xoş sözlər eşitmişəm.

- Ondan öyrənə biləcəyiniz nəsə var?

- Elçibəydən hər bir insanın  öyrənə biləcəyi nəsə var. Elçibəydən hamının öyrənməyə ehtiyacı var. Sadəcə onu siyasətçi kimi görmək də düz deyil. Həm də o bir lider olub.


Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı