
Bu il xeyli sayda abituriyent tələbə adını qazandı. Amma ödənişli ixtisaslar seçərək universitetlərə daxil olan tələbələrdən bəziləri son anda ali məktəbə getməkdən imtina etdilər.
2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin 3.4 faizinin təyin olunmuş vaxtadək qeydiyyatdan keçmədiyini (29 avqust 2013-cü il saat 17:00-dək) nəzərə alan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qeydiyyatın son müddətinin 4 sentyabr 2013-cü il saat 17:00-dək uzadılması barədə qərar qəbul etmişdi. Amma bəzi gənclər vaxtın uzadılmasına əhəmiyyət verməyib tələbə adı daşımaq istəmədilər.
Modern.az saytı universitetlər arasında sorğu apararaq bu dərs ilində tələbə adından imtina edənlərin sayını araşdırmağa çalışıb.
Ölkənin aparıcı universiteti olan Bakı Dövlət Universitetində belə hal olmadığını söylədilər. Universitet rektorunun maliyyə-sosial məsələlər üzrə müşaviri Məzahir Sultanov bildirdi ki, universitetin ödənişli fakültələrinə qəbul 99%-dir. “Əvvəl ödənişlə bağlı bəzi anlaşılmazlıqlar oldu. İmkansız tələbələr bizə bununla bağlı müraciət etdilər. Sonradan hər iki tərəf bir-birini anlayışla qarşıladı. Məsələ öz həllini tapdı. Odur ki, ödənişli əsaslarla təhsil almaq istəyənlər universitetdə qeydiyyatdan imtina etməyiblər”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mansur İbrahimovun sözlərinə görə, əvvəlcədən ödənişli əsasla ixtisas seçən tələbələrin sonradan universitetdə qeydiyyatdan imtina etməsi faktı qeydə alınmayıb.
Azərbaycan Dövlət Neft Akademiyasından da bildirdilər ki, universitetin ödənişli əsaslarla olan ixtisasını seçib sonradan təhsil almaqdan imtina edənlər olmayıb.
Azərbaycan Tibb Universitetində isə təhsil almaqdan imtina edənlər var. Universitetin tədris hissə müdiri Nəsimi Qasımov bildirdi ki, təkcə ödənişli əsaslı ixtisaslara yox, həm də ödənişsiz ixtisaslara qəbul olan gənclərdən bəziləri universitetdə qeydiyyatdan imtina ediblər. “Tibb Universitetinə qəbul olan ən azı 8 nəfər burada oxumaqdan imtina edib. Onlardan bir neçəsi ilə əlaqə saxlayanda məlum olub ki, həmin tələbələr xarici universitetlərə qəbul olduqlarından ATU-da təhsildən imtina ediblər. Tibb Universitetində 36 dövlət hesablı, 4 ödənişli yer boş qalıb. Ödənişli əsaslarla təhsil seçib, sonra qeydiyyatdan imtina edən tələbələrin bu addımını izah etmək çətindir”.
Dövlət Universitetləri ilə yanaşı, özəl ali məktəblərə qəbul olub, təhsildən imtina edən tələbələr az deyil.
Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev bildirdi ki, çox az tələbə ödənişli təhsil almaqdan imtina edib. Rektor ödənişli ali təhsildən imtina edənlərin maddi imkansızlıq səbəbindən olmadığını söylədi.
“Bunun səbəbi imkansızlıqla bağlı deyil. Əgər belə bir şey olsa idi, universitet tərəfindən həmin tələbələrə köməklik göstərərdik. Sadəcə elə tələbələr olub ki, universitetə daxil olublar, amma özləri görünməyib. Yəni universitetdə qeydiyyatdan keçməyiblər. Amma bu, maddi imkan səbəbindən baş verməyib”.
Xaricdə oxumaq istəyənlər və yaxşı iş tapanlar Qafqaz Universitetində oxumaqdan imtina edirlər. Bu barədə universitetin magistratura və doktorantura şöbəsinin işçisi Müşfiq Orucov məlumat verib. Onun sözlərinə görə, Qafqaz Universitetinə daxil olan tələbələr sonradan xarici universitetlərdə təhsil almağa yollanırlar. Bu səbəbdən Qafqaz Universitetindən ayrılırlar. Amma elə tələbələr də olur ki, yaxşı iş tapdıqlarından universiteti tərk edirlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə bildirdi ki, bu il ali məktəbə qəbul imtahanlarının nəticələri əsasında aparılmış ilkin yerləşdirmə zamanı tələbə adını qazanmış 33798 abituriyentin 32701-i qeydiyyatdan keçib. Bu isə ilk yerləşdirmədə ali məktəbə daxil olan abituriyentlərin 96,75 faizini təşkil edib. Ali məktəblərin vakant qalan yerlərinə aparılan əlavə yerləşdirmə nəticəsində tələbə adını qazanan 938 abituriyentin 732-si qeydiyyatdan keçib. Bu isə həmin abituriyentlərin 78 faizini təşkil edib.
Bu il tam orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olan 8243 abituriyentin 7248-i qeydiyyatdan keçib. Bu, həmin abituriyentlərin 87,93 faizini təşkil edib.
Gültəkin ƏLƏSGƏR