Modern.az

Facebook-dan xəbəri olan və olmayan prezidentliyə namizədlər - ARAŞDIRMA

Facebook-dan xəbəri olan və olmayan prezidentliyə namizədlər - ARAŞDIRMA

Ölkə

14 Sentyabr 2013, 14:04

Gələn həftənin ilk iş günündən etibarən Azərbaycanda prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyalarına rəsmən start veriləcək. Qanunvericiliyin tələbinə müvafiq olaraq namizədlər sentyabrın 16-dan ödənişli və ödənişsiz əsaslarla kütləvi informasiya vasitələrində öz piar kampaniyalarını təşkil edə, seçicilərlə görüşlər keçirib seçki platformalarını açıqlaya biləcəklər. Namizədlər üçün düzgün PR kampaniyasının təşkili əsas məsələlərdən biridir.

İndi dünya praktikasında seçki marafonuna qoşulan namizədlərin tanıtımı təkcə KİV-lərdə deyil, eləcə də sosial şəbəklər vasitəsilə aparılır. Xüsusən də milyonlara istifadəçisi olan Facebook və Twitter sosial şəbəkələri bu işdə böyük əhəmiyyətə malikdir. Avropa ölkələrində, eləcə də Amerikanın özündə prezidentliyə namizədlər Facebook və Twitter səhifələrində PR kampaniyalarını qurur, tərəfdarlarına lazımı mesajlarını çatdıraraq internetin imkanlarından lazımınca yararlanmağa çalışırlar.

Azərbaycanda vəziyyət necədir? Gələn həftədən təşviqata start verəcək prezidentliyə namizədlərdən kimlərin Facebook səhifəsi var? Onların arasında müasir dövrün tələbləri ilə ayaqlaşan və internetin imkanlarından xəbəri olmayan namizədlər kimlərdir?

Modern.az saytı kiçin araşdırma apararaq, namizədlərin Facebook və Twitter səhifələrinin olub-olmadığı ilə maraqlanıb.

Yeni Azərbaycan Partiyasından (YAP) prezidentliyə namizəd İlham Əliyev sosial şəbəkələrdən aktiv istifadə edir. Ölkə başçısının Facebook və eləcə də Twitter sosial şəbəkələrində rəsmi hesabları mövcuddur. Prezidentin səhifələri demək olar ki, gün ərzində bir neçə dəfə yenilənir. Ölkə başçısının görüşləri, səfərləri barədə ən son xəbərlər onun Facebbok səhifəsin yerləşdirilir. Prezidentliyə namizədin Facebook-dakı rəsmi səhifəsi 229 min istifadəçi tərəfindən bəyənilib.

Yeri gəlmişkən, Twitter-in Azərbaycan seqmentində ən çox izlənilən prezident İlham Əliyevin hesabıdır. Azərbaycandakı sosial şəbəkə istifadəçiləri İlham Əliyevin “tvit”lərini həvəslə izləyirlər. Və bəzən bu “tvit”ləri əks-səda da yaradır. Baxmayaraq ki, Azərbaycanda Twitter-in populyarlığı digər sosial şəbəkələrdən aşağıdır.

Milli Şuranın prezidentliyə vahid namizədi, professor Cəmil Həsənli Facebook-dan şəxsən istifadə etmir. Doğrudur, onun adına Facebook-da bir neçə səhifə fəaliyyət göstərir, amma bunlar Cəmil müəllimin özü deyil, ona simpatiya bəsləyən kəsim tərəfindən yaradılıb. Bir sözlə, professorun sosial şəbəkələrdə aktivliyi hiss olunmur. Onun adına olan Facebook səhifələri Milli Şuranın tərəfdarı olan gənclər tərəfindən idarə edilir.

Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş partiyanın sədri İqbal Ağazadə millət vəkilləri arasında Facebook-un imkanlarından yararlanan ən fəal istifadəçilərdəndir. İ.Ağazadə gündəlik olaraq Facebook-da paylaşımlar edir, statuslar yazır. Ümir Partiyasının prezidentliyə namizədi Twitter-də də özünə hesab açıb. İqbal Ağazadə son vaxtlar Youtube sosial şəbəkəsində də videomüraciətlər yayır, suallara cavab verir.   

Prezidentliyə digər namizəd, millət vəkili Zahid Oruc da deputat həmkarı İqbal Ağazadədən geri qalmayaraq, siyasi aktivliyini Facebook-da göstərməyə çalışır. Deputat gündəlik paylaşımlar edir, ara-sıra qələmə aldığı köşə yazılarını Facebbok səhifəsində yerləşdirərək internetin imkanların yararlanmağa çalışır.
Zahid Orucin da Twitter-də hesabı var.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin də adına Facebook səhifəsi mövcuddur. Amma prezidentliyə namizəd Facebook və digər sosial şəbəkələrdə bir o qədər də fəallığı ilə seçilmir. 

Ədalət Partiyasının prezidentliyə namizədi, deputat İlyas İsmayılov görünür seçki kampaniyasını ənənəvi üsullarla reallaşdıracaq. İlyas İsmayılovun adına bir Facebook səhifəsi açılsa da, deyəsən onu idarə etmək yaddan çıxıb. Yenilənməyən həmin səhifəni cəmi 350 nəfər bəyənib. Prezidentliyə namizədin özü Facebook-da demək olar ki, daxil olmur.

Bu baxımdan Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə də İlyas İsmayılovdan fərqlənmir. Bu prezidentliyə namizədin də nə Twitter, nə də Facebook səhifəsi mövcuddur.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin adına Facebook şəbəkəsində tərəfdarları tərəfindən hazırlanan səhifə möcvuddur. Amma onun özünün sosial şəbəkələrdə aktivliyi müşahidə olunmur.

Axtarışlarımız zamanı prezidentliyə digər namizəd, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun adında Facebook-da bir səhifəyə rast gəldik. Səhifəyə ADP sədrinin nə zaman daxil olduğunü çox güman ki, onun özü də xatırlamır.  

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi, deputat Qüdrət Həsənquliyev Facebook istifadəçilərindəndir. Deputatın bu sosial şəbəkədəki səhifəsində mətbuata verdiyi müsahibələr, seçicilərlə görüşləri haqda ara-sıra paylaşımlar edilir. Eyni zamanda onun tərəfdarları Facebook-da öz namizədlərinin təbliğatı ilə məşğuldurlar. Amma cənab Həsənquliyevin özünün sosial şəbəkədə aktivliyi müşahidə olunmur.

Anar RÜSTƏMOV

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı