Modern.az

Gəncədə yeni dərs ilində köhnə qanunsuzluq – kitablar pulla satılır

Gəncədə yeni dərs ilində köhnə qanunsuzluq – kitablar pulla satılır

Ölkə

16 Sentyabr 2013, 13:13


Yeni dərs ilinin başlayar-başlamaz məktəblərdə qanunsuz pul yığımı haqda siqnallar gəlməyə başlayıb. Təhsil Nazirliyi məktəblərdə hər hansı bir məqsəd üçün müəllim və şagirdlərdən pul yığılmasının qəti qadağan olunduğunu dəfələrlə bəyan etsə də, görünür bu xəbərdarlıqlara hələ də məhəl qoyan yoxdur. Buna dair “sonuncu fakt” Gəncədə qeydə alınıb. Belə ki, dərs günü başlamamışdan bir həftə öncə Gəncədəki 24 saylı tam orta məktəbin şagirdlərinə kitablar pulla paylanılıb. Modern.az-ın Gəncə müxbirinin verdiyi məlumata görə, ibtidai siniflərə pulsuz verilməli olan kitablar 5 manata, yuxarı sinif şagirdlərinə isə 2 manata satılıb.

Dərs ili başlamamış kitabların pulla şagirdlərə paylanılması valideynlərin narazılığına səbəb olsa da, əlacsız qalan adamlar kitabları almağa məcbur olublar. Vəsaitlərin pulsuz verilməli olduğunu və pulun nə səbəbə yığıldığını soruşanlara isə qısaca olaraq “yığılmalıdır” cavabı verilib.  

“Hansı valideyn ki, pul verməkdən imtina edib həmin şagirdə köhnə, cırıq kitablar verilib. Halbuki paylanılan kitabların hamısının 2013-cü ilin kitabları olduğu qeyd olunub. Yeni kitablarla bərabər, köhnə kitabların da nəşr tarixində 2013-cü il göstərilir. Necə olur ki, həmin kitablar işlənməmiş köhnəlib. Kitablara baxanda elə bilirsən ki, 5 ildir ki, işlədilib. Çox maraqlıdır, pul verməyən şagirdlər həmin kitablardan necə istifadə edəcəklər? Çünki elə kitablar var ki, onların bəzi vərəqləri yoxdur. Bu da şagirdlərə problemlər yaradacaq”.

Xatırladaq ki, orta məktəblərdə dərs vəsaitləri 2005-ci ildən pulsuz paylanılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı