İkinci Dünya müharibəsi illərində misilsiz qəhrəmanlıqlar göstərən şəxslər sırasında yüzlərlə azərbaycanlının da adı var. Onlardan bir çoxu göstərdikləri şücaətə görə müxtəlif titul və mükafatlara layiq görülüb, bəziləri isə ən yüksək ad – Sovet İttifaqı Qəhrəmanı adı alıb.
Hazırda müharibə iştirakçılarının böyük qismi dünyasını dəyişib. Amma həmin qanlı-qadalı günlərin iştirakçılarından bəziləri hələ də həyatdadırlar. Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Elman Babayevin Modern.az-a verdiyi məlumata görə, bu ilin may ayına olan statistikaya əsasən, 2 201 nəfər Böyük Vətən müharibəsi iştirakçısı qalıb.
DSMF sözçüsünün dediyinə görə, Böyük Vətən müharibəsində həlak olan və ya sonralar vəfat edən döyüşçülərin dul arvadlarının, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmə işçilərinin, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərin, habelə Leninqrad mühasirəsinin iştirakçıların sayı isə 23 007 nəfər təşkil edir.
Gültəkin ƏLƏSGƏR