Modern.az

Azərbaycanda evdar qadın nə qədər qazanır? - ARAŞDIRMA

Azərbaycanda evdar qadın nə qədər qazanır? - ARAŞDIRMA

Ölkə

18 Sentyabr 2013, 11:28


Azərbaycan cəmiyyətində evdar qadınlara münasibət birmənalı deyil. Yanlış anlamayın. Söhbət ondan gedir ki, böyük əksəriyyət, elə bəlkə də bu yazını oxuyanların bir qismi evdar qadının ailə büdcəsinə xeyir vermədiyini düşünürlər. Amma...

Bir qədər düşünəndən və araşdırandan sonra məlum olur ki, əslində mənzərə tamam başqadır. Yəni bir evdar qadın ay ərzində həyat yoldaşının qazandığı qədər pul qazanır. Yaxud bir qədər az, bir qədər çox. Necə?

Təsəvvür edə ki, ay ərzində evdə yemək bişirmək üçün bir, paltar ütüləmək üçün başqa, digər işləri görmək üçün ayrı xadimənin xidmətlərindən yararlanırıq. Yaxud da bütün bu işləri görən birinə müraciət edirik. Onun bizdən tələb edəcəyi məbləği hesablayın.

Amma hesablamazdan öncə mütəxəssislərin fikrini öyrənək.

Məsələyə əvvəlcə sosioloji aspektdən yanaşırıq. Sosioloq Əhməd Qəşəmoğluna görə, hər bir ailə eyni zamanda cəmiyyətə baza hazırlayan məktəbdir. Ailə həm də onun hər bir üzvünün mənəvi zənginləşmə və istirahət yeridir:

“Ailəyə abstrakt və mücərrəd baxmaq lazım deyil. Hər bir ailə üzvünün ailənin formalaşmasında rolu və borcu var. Cəmiyyətin və ailənin vəziyyətindən asılı olaraq hər kəs öz öhdəsinə düşən təyinatı müəyyən səviyyədə yerinə yetirir”.

Bəs bizim cəmiyyət evdar qadının xidmətini niyə ciddi qəbul eləmir? Ekspertə görə, indiki dövrdə cəmiyyət sürətlə dəyişir və bu, mütləq nəzərə alınmalıdır:

“Nə vaxtsa sosial-iqtisadi vəziyyətdən asılı olaraq bunu nəzərə almamışıq. Amma evdar qadının xidmətləri istər-istəməz nəzərə alınmalıdır. Biz kiməsə deyə bilmərik ki, evdar qadına nəsə öyrədin”.

Ə.Qəşəmoğlunun fikrincə, belə məqamda dövlətin üzərinə müəyyən vəzifələr düşür:

“Burda dövlətin öz funksiyası olmalıdır. Dövlət baxmalıdır ki, hansısa ailə ona keyfiyyətli, əmək qabiliyyətli vətəndaş hazırlayır. Yaxud da əksinə. Təbi ki, bu vətəndaşların hazırlanmasında evdar qadınların rolu danılmazdır. İqtisadi şərait imkan verəndə biz evdar qadının vəziyyətini qanunvericiliklə nəzərə almalıyıq. Bu gün bizim qanunvericiliyimiz siz dediyiniz mənada hazır deyil. Əslində Azərbaycan ictimai fikrini də buna hazır hesab etmək olmaz. Azərbaycanda elə sistem yoxdur ki, yoxlayaq görək hansı evdar qadının fəaliyyəti hansı istiqamətdədir. Elə evdar qadın var ki, 3-5 savadlı, keyfiyyətli, ölkəni dünyada tanıdan övlad tərbiyə edir, eləsi də var ki, ölkəyə 3-5 narkoman “yetirib”. Amma bütün hallarda bu məsələnin qaldırılması doğrudur. İstənilə halda həm qanunvericiliyimizdə, həm də elmimizdə boşluq var. Qanunvericilikdən əvvəl boşluqları elmimizdə axtarmaq lazımdır”.

Sosioloqun qənaətinə görə, əvvəlcə araşdırma aparılmalıdır ki, qanunvericilik də elmi əsasla formalaşsın. Yəni dünyanın hansısa ölkəsindəki təcrübəni Azərbaycana tətbiq etmək doğru deyil:

”Bizdə bu barədə ciddi elmi tədqiqatlar getməlidir. Amma kimsə evdar qadının gördüyü işləri görsə, xeyli pul verməlisən. Fərdi qaydada xadimələr evlərdə 500-1000 manata işləyir. Amma burda ananın mənəvi borcu da var axı. Ana uşağını çimizdirməyə pul istəməyəcək ki. Ananın mənəvi borcu var ki, uşağını çimizdirsin. Xadimə ilə ananı müqayisə etmək olmaz. Biri başqası üçün pul qarşılığında işləyir, ana isə mənəvi borcunu yerinə yetirir. Bəlkə anan balasını çimizdirməkdən zövq alır. Amma bu işin ekvivalenti 500-1000 manat arasında dəyişir. Burda evdəki adamların sayı, xəstənin olub-olmamağı və sair böyük rol oynayır”.

Təbii ki, məsələnin iqtisadi tərəfləri də maraqlıdır. Doğrudanmı, bir evdar qadının ay ərzində gördüyü işlərə görə pul ödənilsə, 500-1000 manat xərcləmək lazımdır?

İqtisadçı Vüqar Bayramov deyir ki, bütün dünyada evdar qadınların əməyinin alternativ xərci hesablanır. Ekspertə görə, evdar qadın ailə büdcəsini müəyyən xərclərdən azad edir:

“Yemək, təmizlik, uşağa baxmaq evi müəyyən xərclərdən azad edir. Amma alternativ gəlirlə yanaşı alternativ xərc də var. Söhbət evdar qadının özünün xərclərindən gedir. Əgər hansısa bu tip təşkilatın, şirkətin xidmətlərindən, xadimələrdən istifadə olunarsa, xeyli pul ödəmək lazımdır. İndiki halda şirkətlər bütün istiqamətlər üzrə xadimələr təklif etmirlər. Təklif olunan xadimələr daha çox evin təmizliyinə, yeməyin hazırlanmasına cavabdeh olurlar. Bunun müqabilində şirkətə ödənilən məbləğ isə 300-500 manatdır. Amma ailə üzvlərinin sayından, evin böyüklüyündən asılı olaraq qiymətlər bəzən 500 manatı aşır. Ümumən götürsək, evdar qadının ailə büdcəsinə qazandırdığı potensial gəlir minimum 300 manatdır”.

İntiqam Valehoğlu

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı