
Prezidentliyə namizədlərin sayca dördüncü debatı artıq geridə qalıb. İctimai Televiziyanın canlı efirində yayımlanan debatda prezidentliyə namizədlər və onları təsmil edən nümayəndələrin çıxışına birmənalı münasibət yoxdur. 10 namizədin həftədə 3-dəfə üz-üzə gəldiyi müzakirələrdə nədənsə bütün diqqətlər Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və iqtidar nümayəndəsinin polemikasına yönəlir.
Debatların ilk həftəsi prezidentlik iddiasında olan namzədlərin sağlam siyasi mübarizə ilə yadda qalmadı. Qarşılıqlı ittihamlar, bir-birlərinin ünvanına səsləndirilən təhqiramiz ifadələr və Cəmil Həsənlinin üzərinə atılan su butulkası ötən həftənin siyasi fonunu təşkil etdi.
Namizədlər seçkilərə sayılı günlər qaldığı bir anda fürsətdən istifadə edib seçicilərin diqqətini cəlb edəcək mesajlar vermək əvəzinə, bir-birlərini təhqir edir, şəxsi ambisiyalarını əks etdirən çıxışlar nümayiş etdirir, ailə-övlad məsələlərindən danışırlar.
Bu baxımdan hansı namizədin çıxışını uğurlu hesab etmək olar? Kim 6 dəqiqəlik efir vaxtından səmərəli istifadə edib öz təşviqatını düzgün apara bilir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu debatdakı çıxışları Modern.az-a şərh edərkən namizədlərinin düzgün mövqedən çıxış etmədiklərini deyib.
E.Şahinoğlu oğlu hesab edir ki, digərlərilə yanaşı, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin də çıxışları bir o qədər uğurlu alınmır.
“Namizədlər debatlarda daha çox seçiki platformalarını təqdim etməlidirlər. Əgər bu şəxslər prezident olmaq istəyirlərsə, seçiciləri onlara səs verməyə əmin etməlidirlər, görəcəkləri işlər barədə, islahatlar barədə platformalarını açıqlamalıdırlar. Qalmaqallar da təbii haldır. Rəqibi zəiflətmək üçün müxtəlif kompramatlardan istifadə olunmalıdır”.
Politoloqun fikrincə, namizədlərin çıxışları onların missiyalarından irəli gəlir.
“Əksər namizədlərin əsas hədəfi Milli Şuranın namizədi Cəmil Həsənlidir. Demək olar ki, bütün debatlarda ona suallar ünvanlanır. Hesab edirəm ki, namizədlərin hər birinin öz missiyası var. Ümid Partiyasının sədri İqbal Ağazadə seçkidən sonra əsas müxalifət olmaq adına iddialıdır.
Zahid Oruc millət vəkili olaraq hakimiyyətin daxili və xarici siyasətini dəstəkləyir.
Cəmil müəllim birbaşa prezidentlə yarışmaq istəyir. O digər namizədlərdən fərqli olaraq əsas rəqib kimi hazırki prezidenti hədəfə alıb. Cəmil Həsənlinin çıxışlarının uğurlu və yaxud uğursuz alınması təkcə ondan asılı deyil. Bu komanda işi olmalıdır. Debatlara çıxmazdan öncə Cəmil Həsənlinin siyasi texnoloqları onun üçün arqumentlərə söykənən çıxışlar hazırlamalıdır”-deyə E.Şahinoğlu şərh edib.
Anar RÜSTƏMOV