“Erkən nikahlar Azərbaycanın ən böyük problemlərindən biridir. Amma son illər onların sayı nəzərə çarpacaq dərəcədə azalıb”. Bu sözləri Modern.az-a açıqlamasında Ailə, Qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsi informasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Sevinc Həsənova deyib. O, qeyd edib ki, erkən nikahların yaranma səbəblərindən biri də qızların təhsil almamasıdır.
“Bəzi bölgələr var ki, orada 18 yaşdan sonra qızı evdə qalmış hesab edirlər. Ona görə həmin bölgələrdə qızı 18 yaşdan tez ərə vermək istəyirlər. Bəzi yerlər var ki, qızın təhsil almasından çox onun ailə qurmasını istəyirlər və bu yolla onları təhsildən yayındırıb erkən yaşda ərə verirlər. Lakin 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edildikdən sonra ölkədə vəziyyət müsbət istiqamətdə dəyişdi. 2011-ci ildə 5138 erkən nikah qeydə alınmışdısa, 2012-ci ildə bu rəqəm 295 olub”.
S. Həsənova bildirib ki, dəyişikliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan maarifləndirmə işlərinin nəticəsi kimi qeyd etmək olar. “2013-cü ilin 6 ayı üçün bu haqda tam statistik məlumat əldə olmadığı üçün bunu açıqlaya bilməyəcəyik. Amma qeyd etdiyim kimi bu istiqamətdə əhəmiyyətli dərəcədə azalma olub. Erkən nikahlara girmə faktları hər zaman olduğu kimi cənub bölgəsində qeydə alınır”.
Baş məsləhətçi qızların evdə qalması ilə bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, bu əsasən qızların evlənməkdən çox karyeralarını fikirləşmələri ilə bağlıdır. “Amma məhz qızların evdə qalmasında bu faktın olmasını deyə bilmərəm. Çünki komitə tərəfindən bununla bağlı araşdırmalar aparılmır. Amma əvvəllər Azərbaycanın bölgələrindən kişilər xaricdə işləməyə getdikləri üçün orada ancaq qadınlar qalırdı. Bu gün bu problem də artıq öz həllini tapır. Belə ki, bölgələrdə iş yerlərinin açılması bu sayda da əhəmiyyətli dərəcədə azalmaların olmasına gətirib çıxardıb”.
Aytən ƏLİYEVA