
Azərbaycan dövləti uzun illərdir qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi layihələr gerçəkləşdirir. Bu layihələr həm Dövlət Neft Fondunun vəsaitləri, həm də uzun müddətdir ölkəmizlə əməkdaşlıq edən bir sıra beynəlxalq təşkilatların, xüsusilə də, Dünya Bankının ayırdığı maliyyə hesabına həyata keçirilməkdədir. 2001-2013-cü illərdə Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması üzrə həyata keçirilmiş tədbirlərə ümumilikdə 1 315,3 milyon manat vəsait ayrılıb. Ayrılmış ümumi vəsait hesabına Azərbaycanın müxtəlif bölgələrində enerji, qaz, su təchizatı və digər zəruri sosial və texniki infrastruktur sistemləri ilə təmin edilən yeni yaşayış qəsəbələri salınıb.
Uzun illərdir Qarabağ problemindən əziyyət çəkən Azərbaycan Respublikasında qaçqın və məcburi köçkünlərlə bağlı çətinliklərin aradan qaldırılmasında Dünya Bankının özünəməxsus rolu var. Dünya Bankının fəaliyyətinin şəffaflığı Azərbaycanla əməkdaşlığın uzunömürlü olmasına rəvac verib.
Rəsmi statistikaya görə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılan vəsait hesabına məcburi köçkünlər üçün 82 müasir qəsəbə salınıb, 33 min ailə və ya 159 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Ümumilikdə 1993-2013-cü illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4,3 milyard manat vəsait sərf olunub. Bu vəsaitin 2 milyard manatı dövlət büdcəsinin, 1,5 milyard manatı Dövlət Neft Fondunun və 800 milyon manatı isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankının payına düşür.
Azərbaycan Respublikası Dünya Bankı ilə 1992-ci ilin sentyabr ayından əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq hər il yüksələn xətlə inkişaf etməkdədir. Dünya Bankı Azərbaycanda təhsil sahəsindən səhiyyə sahəsinə, kənd təsərrüfatı sahəsindən tarixi-mədəni abidələrin qorunmasına qədər bir çox müxtəlif, rəngarəng və əhəmiyyətli layihələrə imza atmış və bu işlər hazırda da davam etməktədir. Bu sırada qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, infrastrukturun yaxşılaşdırılması, bu kateqoriyadan olan insanlar üçün yeni iş yerlərinin açılması ilə bağlı layihələri xüsusi vurğulamaq lazımdır.
Ümumiyyətlə, Dünya Bankı Azərbaycanın əmədaşlıq etdiyi beynəlxalq maliyyə təşkilatlarının ən əhəmiyyətlisidir. Azərbaycanın beynəlxalq təşkilatlardan aldığı maliyyə yardımlarının böyük bir hissəsi Dünya Bankının payına düşür. Müstəqillik əldə etdikdən sonra ölkəmizin üzləşdiyi bir sıra problemin aradan qaldırılmasına məhz Dünya Bankı yardım göstərib.
Dünya Bankının Azərbaycanda həyata keçirdiyi və ya həyata keçirməyi planlaşdırdığı layihələrin sferası müxtəlif olsa da, hamısının keçid dövrü problemlərinin həll olunması istiqamətində müstəsna əhəmiyyəti var. Bu layihələrdən xüsusilə infrastrüktür layihələri mühüm əhəmiyyət kəsb edir. Dünya Bankının öz kreditlərini Azərbaycana uzun müddətli və simvolik faizlə verməsi müharibə şəraitində olan və keçid dövrü problemlərindən əziyyət çəkən Azərbaycan üçün çıxış yollarından biri olub. Bu baxımdan Azərbaycan hökumətinin Dünya Bankı ilə əməkdaşlığı respublikanın sosial-iqtisadi inkişafına müsbət təkan verib.
Qeyd etdiyimiz kimi Dünya Bankı ilə əməkdaşlığın əsas istiqamətlərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün kimi yaşayan azərbaycanlıların sosial həyat şəraitinin yaxşılaşdırılması üçün reallaşdırılan birgə layihələrdir. Dünya Bankı Azərbaycanı qaçqın və məcburi köçkünlərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ən çox iş görən dövlətlərdən biri hesab etdiyinə görə, bu əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə nümayiş etdirib. Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığına dair bir sıra uğurlu layihələri qeyd etmək olar. Məsələn, 2011-ci ilin noyabrında Bakıda «Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi» layihəsi üzrə imzalanan saziş çərçivəsində 78 milyon 400 min dollar ayrılıb. Vəsaitin 50 milyon dolları Dünya Bankı, 28.4 milyon dolları isə Azərbaycan hökumətinə aiddir. Həmin vəsait müxtəlif istiqamətə, o cümlədən qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ictimai binaların təmirinə yönəldilib.
Azərbaycan dövləti məcburi köçkünlərin sosial müdafiəsini gücləndirilməsi, eləcə də onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə uzunmüddətli, kompleks vəzifələr müəyyənləşdirib. Bu istiqamətdə görülən işlərə Dünya Bankı tərəfindən də yardımlar edilir. Dünya Bankı və Azərbaycan hökuməti arasında bağlanan Kredit Sazişi üzrə 100-lərlə müxtəlif növ icma mikrolayihəsi gerçəkləşdirilib, həmin mikrolayihələrdən 10 minlərlə insan faydalanıb ki, bunların da yarısı məcburi köçkünlərdir.
Digər layihəyə əsasən Dünya Bankı və Azərbaycan hökumətinin maliyyə vəsaiti hesabına ölkənin müxtəlif rayon və şəhərlərində məcburi köçkünlərə mikrokreditlər verilib. Bu mikrokreditlərdən 100-lərlə məcburi köçkün istifadə edib. Azərbaycanın qaçqın və məcburi köçkünlərin rifahının yaxşılaşdırılması üçün ilə Dünya Bankı ilə imzaladığı təkcə 4 layihənin ümumi məbləği 125 milyon dollar təşkil edib ki, bu da tərəflərin bir-birinə yüksək etimadından xəbər verir. Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış "Məcburi köçkünlərin iqtisadi inkişafına yardım Layihəsi"nin ilk tranşı 10 milyon dollar təşkil edib.
Təkcə 2012-ci ildə Dünya Bankının vəsaiti hesabına həyata keçirilən mikrolayihələrdən 250 min nəfər faydalanıb.
Təsadüfi deyil ki, 2012-ci ildə Dünya Bankının mərkəzi ofisində qurumun bütün dünya üzrə həyata keçirdiyi 10 minlərlə layihələrin vaxtında, keyfiyyətli və şəffaf icra meyarına görə ölkəmizdə məcburi köçkünlərlə bağlı həyata keçirilən layihə maliyyə ilinin üç ən təqdirəlayiq layihəsindən biri seçilib.
Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı 20 illik uğurlu əməkdaşlıq yeni layihələr və perspektivlər vəd edir. İşğal altındakı ərazilərimiz azad ediləndən sonra genişmiqyaslı bərpa işləri tələb olunacaq. Bu zaman şübhəsiz ki, təcrübəli beynəlxalq qurumların, o cümlədən Dünya Bankının köməyinə ehtiyac yaranacaq.
Ramil Hüseynov