
Ötən gün Mərkəzi Seçki Komissiyası Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin son 13 vəkilini də qeydiyyata aldı. Bundan öncə isə onun 37 vəkili komissiya tərəfindən təsdiq olunmuşdu. Artıq Cəmil Həsənlinin 50 nəfərlik vəkil siyahısı tam hazırdır. Siyahıda Rüstəm İbrahimbəyov, Eldar Namazov, Əli Kərimli, İsa Qəmbər, Sülhəddin Əkbər, Mirmahmud Mirəlioğlu yer alsa da, Lalə Şövkət və onun lideri olduğu Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxanın adı 50 nəfərlik heyətdə gözə dəymir.
Cəmil Həsənlini seçki marafonunda təmsil edəcək vəkillərin siyahısında Milli Şurada təmsil olunan AXCP-Müsavat birliyinin üzvləri üstünlük təşkil edir.
Doğrudur, Cəmil Həsənlinin namizədliyi Milli Şurada hər kəsin ürəyincə deyildi. İlk gündən Rüstəm İbrahimbəyovu dəstəkləyən liberallar da Milli Şuranın bu seçiminə qarşı mövqe sərgiləyirdilər.
Hətta bu yaxınlarda Lalə Şövkət Milli Şuradan çıxmaq istədiyini açıq-aşkar bəyan edərək “oyundan” kənarda qalmaq istədiyini göstərdi. Cəmil Həsənli ilə təkbətək görüşündən sonra Lalə xanım fikrindən döndü və Milli Şurada qaldığını, vahid namizədi dəstəklədiyini açıqladı.
Cəmil Həsənlinin son mitinqində Lalə Şövkətlə Milli Şura münasibətlərinin qırılma nöqtəsində olduğu özünü göstərdi. Milli Şuranın mitinqinə xala-xətrin qalmasın deyə, qatılan liberallar sanki müşahidəçiydilər.
Əvəz Temirxanın liderlərlə birgə tribunada olmaması da mətbuatın gözündən yayınmamışdı. İndi isə nə onun, nə də liderinin adı Cəmil Həsənlinin 50 nəfərlik siyahısında var. Görünən mənzərə həqiqətən də Lalə Şövkətin Milli Şurada olmadığını göstərdi.
ALP sədri Əvəz Temirxan təmsil etdiyi partiya ilə Milli Şura münasibətləri barədə Modern.az-a açıqlamasında öncə adının vəkillər siyahısında olmamağından danışıb. O, siyahıdan xəbərsiz olduğunu deyib.
Partiya sədri adının Cəmil Həsənlinin vəkilləri siyahısında olmadığını təəccüblə qarşılayaraq, məsələni dəqiqləşdirəcəyini deyib.
Ə.Temirxan hətta Cəmil Həsənlinin vəkillərinin qeydə alınması ilə bağlı məlumatsız olduğunu da gizlətməyib.
Təəccübünü saxlaya bilməyən Ə.Temirxan dəqiqləşmə aparacağını deyərək sonra bu barədə danışacağını vurğulayıb.
Anar RÜSTƏMOV