Modern.az

Bu İslamdan qorxulur...

Bu İslamdan qorxulur...

Ölkə

2 Oktyabr 2013, 12:18

İran ağzı ilə İslamı təqdim etməyə çalışan insanlarda qəribə bir yeniliyi müşahidə etdim. XX əsrin əvvəllərində yəqin ki, Sabirin məşhur dialoq şeirini xatırlayırsınız. O zaman bütün Sasani-Zərdüşt-Səfəvi inanc arealında iki dinçinin dilindən dini cəhaləti qamçılayan aydınları susdurmaq üçün dərhal bu ittiham səsləndirilirdi: "Dini, imanı itirib, yoldan azıbdır, Babıdır!"

XXI əsrin əvvəllərində isə bu zehniyyətin təmsilçilərinin dəyişməyən düşüncələrini daha çox sosial şəbəkələrdəki şərhlərdə sezirsən. Hansı cəhalət elementlərinin üzərinə gedirsənsə, yaxud da İranın Azərbaycan əleyhinə bəzi siyasi addımlarını tənqid edirsənsə, adama dərhal Vəhhabilik, Nurçuluq kimi dəxli olmayan yarlıqları yapışdırmağa çalışırlar. Bizlər hansı adlarla tanınması və ya özünü tanıtmasına baxmayaraq, heç birinin fərqinə varmadan monoteist doktrini - yəni Yaradanın vahidliyini və İmanın təməlində Ağlın ən əsas komponent olduğunu dəyişməz bir dəyər olaraq görən hər kəsi İslam sistemi içində qəbul etməyi zəruri sayırıq. Bu baxımdan da hər zaman Azərbaycan şiəliyi ilə İran şiəliyini fərqləndirməyin tərəfdarı olmuşam. Azərbaycan şiəliyi başqa inanclı insanlara nifrət aşılamayan, modern dəyərlərə qarşı aqressiv olmayan, ideoloji uydurmalara fanatikcəsinə bağlı olmayan xarakterə sahib. Üstəlik, Azərbaycan şiələri erməni təcavüzünü, işğalını yaşamış, ona qarşı düşmən münasibətdə olduğu halda, İran şiəliyinin təmsilçisi kimi tanınan bir rejimin Azərbaycana qarşı erməniləri hər cür dəstəklədiyi də fakt olaraq ortada.

Bu gün İran ağzı ilə danışanların ona görə səsləri ucadan çıxmır ki, sonuncu biabırçı faktı, ermənilərlə qardaşlıq faktını ört-basdır edə bilmirlər. Əlbəttə, Azərbaycandakı şiəlikdə də cəhalət elementləri mövcuddur, ancaq düşünək ki, bu elementlər hansı məzhəb və ya təriqətdə, camaat strukturlarında müşahidə olunmur? Türkiyədə Əhli-Sünnə arasında o qədər şeyxin corabını iyləməyi, təriqət liderinin ağzından çıxan zeytun dənəsini qapıb yeməyi əqidə məsələsinə çevirən dinçilər var ki... Yaxud Ərəbistan yarımadasının ən sərt qaydalar tərəfdarı kimi görünən dinçi zənginlərin iyrəncliyə varan əyləncə həyatlarını, hər halda, tez-tez müşahidə edirik. Bizlər eyni qaydada özlərini monoteizmə daha bağlı hesab edənlərin Suriyada qondarma cihad çağırışlarını, "Allahu Əkbər" deyibən insan başı kəsmələrini də eyni prinsipiallıqla tənqid edirik. Yəni nə ki, İslam adı ilə insanları qorxudur, Qorxu dini imajı yaradır, bizlər onun qarşısındayıq. Nə ki, İslam adı ilə gözəl əxlaqa, xoşgörüyə, insan haqlarına sayğıya səsləyir, biz bu İslamın təbliğatçılarıyıq. Bu baxımdan biz Azərbaycana sadiq, öz ölkəsinin maraqları üçün çalışan hansı təriqət və ya məzhəbə aid olmasına baxmayaraq, bütün vətəndaşlarımıza sayğılı yanaşmağa borclu olduğumuzu unutmamalıyıq. "İxtilafa düşdüyünüz məsələləri Allaha həvalə edin" ayəsi bu mövzunun qapadılması üçün ən uyğun vasitə də sayıla bilər.

İndi İranda ötən həftə İslam adına qəbul olunan qanundan danışarkən də bu tutuquşuların ənənəvi qışqırıqlarını eşidəcəyik. Ancaq İslam adına rəzalət kimi gördüyümüz bir addımın Azərbaycanın da düşüncə həyatına təsir edə biləcəyini nəzərə alıb münasibət bildirməyi vacib sayıram. Deməli, İran parlamenti 40 il əvvəl qəbul edilmiş qanunu dəyişdirib və “Uşaq haqlarının qorunması” haqqında qanun qəbul edib. Qanun bir kişiyə övladlığa götürdüyü qızla evlənə bilmə icazəsi verir. Əlbəttə, yekun qərar Qanunlara Nəzarət Şurasında verilsə də, bu faktın özü İran cəmiyyətində xeyli müzakirələrə yol açıb. Məlumdur ki, qüvvədə olan İran qanunvericiliyinə görə, qızlar 13, oğlanlar isə 15 yaşlarında evlənə bilərlər. İranda övladlığa götürmə barədə qanunlarda övladlığa götürülən oğlan və ya qızın öz ata və ya analarına məhrəm olub-olmadığı göstərilməyib. İndi isə yeni qanuna görə, övladlığa götürülən uşağa bioloji övlad kimi atalığından və ya analığından miras qalmır. Həmçinin qeyd edilib ki, övladlığa götürülən övlad ata-anasına məhrəm deyil. Bu isə öz növbəsində kişilərin övladlığa götürdükləri qız uşaqları ilə evlənməsi ilə bağlı qadağanı aradan qaldırır. Çünki dinə görə, evlənmək haram olanlar yalnız məhrəm kateqoriyasına düşən şəxslərdir. 
Bu məsələ haqlı olaraq müxtəlif insan haqları ilə məşğul olan çevrələrdə rahatsızlıq yaradıb və buna öz etirazlarını bildiriblər. Bu yanaşmalardan sadəcə birini nümunə üçün xatırladıram. Türkiyənin “Milliyyet” qəzetinin yazdığına görə, “İran üçün Ədalət” insan haqları qrupunun üzvü Şadi Sədr bildirib: “İran mədəniyyətində, adətlərində və ənənələrində atanın övladlığa götürdüyü qızı ilə evlənməsi kimi bir şey yoxdur. İranda zina və pedofiliya da başqa ölkələrlə müqayisədə nə az, nə də çox deyil. Amma bu qanun uşaqbazlığı, pedofiliyanı leqallaşdırır. Halbuki hər hansı ata yetkinlik yaşına çatmamış qızı ilə evlənirsə, onunla cinsi əlaqəyə girirsə, bu təcavüz, pedofiliyadır”.

Elə buradan məsələyə giriş daha doğru olar. Əslində bu qanun İranda İslam dəyərlərinin necə dəyərsizləşdirildiyini göstərən açıq bir nümunədir. Yoxsa açıq fahişəlik əvəzinə gizli muta nikahının, yəni siğənin bərqərar olması, İranın pedofiliyanın bəlkə də ən çox yayıldığı bir ölkə kimi qəbul olunması bir faktdır və bu, məhz İran Sasani-Zərdüşt mədəniyyətinin İslamın içinə yerləşdirilmiş naqis ənənələridir. XX əsrin əvvəllərində Azərbaycanın tanınmış ensiklopedik bilik sahibi aydınlarından olan Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" əsərində ilk dəfə Biruniyə istinadən rast gəldiyim, sonradan Əbu Reyhan Biruninin öz əsərlərinin də tərcüməsində tanış olduğum bir olay xüsusilə diqqətimi cəlb etmişdi. Oğulun öz anası ilə qadın cinsinə aid kimsə olmadığı şərtlərdə evlənmə icazəsi Qədim İranın rəsmi dini sayılan Məcusi dininin şərtlərindən biri sayılırdı. Yuxarıda söhbət mövzusu olan qanunda yəqin ki, bir az sonra bu müddəa da öz əksini tapacaq və bu cəmiyyətin qaranlıq həyatında gündəlik baş verənlər addım-addım qanunvericiliyə İslam adına köçürüləcək. Nədən atalıq öz qızlığı ilə evlənə bilər, analıq da öz oğulluğu ilə evlənə bilməsin? İndi bu İslamdan avropalı deyil də, bir müasir gəncimiz, İslamı qəbul etmək istəyən hansısa bir insan qorxmasın, nə etsin?

Diqqət edin, Azərbaycanda hansı namuslu ata övladlığa götürdüyü qızı ilə 13 yaşın tamamında evlənməyi özünə rəva bilər? Burada söhbət bioloji bağlılığın olub-olmamasından getmir, İslam bütövlükdə insanın təmiz niyyətləri üzərində varlığını sürdürən bir dindir. Sən bir yetimi öz doğma övladından ayırmadan, övlad kimi himayə etmə niyyəti ilə götürürsən, sonra da 13 yaşına çatanda niyyətini dəyişib onu yatağına salırsan.

İranın mövcud qanunvericiliyinə görə, 13 yaşına çatmamış uşaq yalnız məhkəmənin qərarı və hakimin icazəsi ilə evləndirilə bilər. Ögey övladla evlənmək isə qəti qadağan idi.

Dinşünas ekspertlər də yeni qanun layihəsinin İslama qarşı olduğunu deyirlər. İrandakı Uşaq Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Şiva Dövlətabadi bu qanun layihəsinin qəbul olunması ilə zinanın qanuniləşdirildiyini bildirib.

Ona görə biz bu dünyagörüşü tənqid edirik ki, Azərbaycanda ayrı-ayrı müctəhidlərə təqlid etməyi ilə fəxr duyan yüzlərlə beyni zəhərlənmiş, əqidəsi korlanmış həmvətənlərimiz var. İran təkcə narkotik bəlası ilə insanlarımızı məhv etmə siyasəti yürütmür, eyni zamanda Karl Marksı haqlı çıxaracaq səviyyədə dini də bir tiryək kimi insanların beyninə doldurmağa davam edir. Sonuncu qanun da bizim üçün İrandan gələn qondarma İslamın az-çox qoruyub-saxladığımız ailə və əxlaq dəyərlərinə necə mənfi təsir göstərə biləcəyinə bir işarədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı