Sosial şəbəkələrdə və ümumilikdə, media mühitində ifrat söz azadlığı müsbət yeniliklərlə bərabər bəzən xoşagəlməz çalarlar yaradır. Bu tendensiya seçki proseslərində daha qabarıq şəkildə özünü göstərir. Bu gün Azərbaycan mediasına, xüsusilə, internet saytlarına, sosial şəbəkələrə nəzər salanda bu söyüş, təhqir dueti daha kəskin formada özünü göstərir. Kiminsə təhriki və yaxud maliyyə dəstəyi ilə yazılmasından asılı olmayaraq belə təhqir elementləri normal hal deyil.
Mənfi tendensiyalar davranışda, məsuliyyətin bölüşməsində, cəmiyyətlə münasibətlərdə özünü göstərir. Bunun fəsadlarını isə hər zaman hiss edirik. Yaddaşlarımızı təzələmək məqsədilə bəzi hüququ məqamları xatırlatmaq istərdim.
Konstitusiyamızın 47-ci maddəsi hər kəsin fikir və söz azadlığını təsbit edir. 50-ci maddə isə hər kəsə istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı verir. Bu maddə həmçinin medianın azadlığına təminat verərək, kütləvi infomasiya vasitələrində dövlət senzurasını qadağan edir. Bu azadlıqlar insani və bəşəri prinsiplərə uyğun təsbit olunub.
Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnu tanıyır.
1.Hər kəsin öz şərəf və ləyaqətni müdafiə etmək hüququ vardır.
2. Şəxsiyyətlərin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyamızda fikir və söz azadlığına geniş yer verilsə də, hər şəxsin şərəf və ləyaqəti eyni səviyyədə qorunur.
Deməli, birinin ifrat azadlığı digər bir vətəndaşın hüququnu pozursa, bu artıq ciddi narazılıq yaradır. Bu gün bir çox hallarda media cəmiyyət münasibətlərinin yetərincə tənzimlənməməsi, sosial şəbəkələrdə, ümumilikdə, elektron mediada, tv-lərdə hüquqi məsuliyyətin oturuşmaması bu problemləri daha da dərinləşdirir.
Mövcud qanunlar jurnalistə hüquqlar, azadlıqlar verir, həmçinin onun məsuliyyətini müəyyənləşdirir. Bu o demək deyil ki, jurnalist həqiqəti yazmaqdan vaz keçməlidir və yaxud loyal mövqe tutmalıdır. Azad cəmiyyətin inkişafı, vətəndaşın rifahı, dövlətçiliyin möhkəmlənməsi naminə hər bir kəsin həqiqəti deməyə haqqı və konstitusion hüquqi var.
Seçki proseslərində müstəqil KİV-lərin fəaliyyəti hər zaman mühüm əhəmiyət kəsb edir. Medianın qatılmadığı seçki təbii ki, mümkünsüzdür. Məhz bu kampaniya dövründə KİV bütün proseslərin fövqündə duraraq bir çox hallarda istiqamətverici qüvvəyə çevrilir.
Media bəzən çətin etik dillemalar qarşısında qalır. Burada jurnalistin hər hansı partiyaya simpatiyası və yaxud maliyyə asılılığı onu obyektiv və qərəzsiz olmağa imkan vermir. Hər bir kəsin, o cümlədən jurnalistin də siyasi partiyaya, liderə rəğbət bəsləməsi normal haldır. Lakin bu simpatiya jurnalistikanın prinsiplərinə, mahiyyətinə zidd olmamalıdır.
Bir məsələni də qeyd etmək istərdim. ABŞ-ın nüfuzlu "Vaşinqton Post" qəzetinin Respublkaçılar, "Nyu-York Tayms" qəzetinin isə Demokratlar partiyasına simpatiyası əvvəllər güclü olub. Lakin bu rəğbət, yaxınlıq qəzetin peşəkar nüfuzuna heç vaxt xələl gətirmirdi.
Bir neçə il öncə ABŞ-da keçirilən dünyada ən bahalı, qalmaqallı Konqres seçkilərində adını çəkdiyimiz bu iki qəzet jurnalistikanın prinsiplərinə sadiq qalaraq obyektiv mövqe nümayiş etdirdilər. İstənilən ekstremal şəraitdə, seçki proseslərində medianın tərəfsiz, qərəzsiz informasiya daşıyıcısı kimi hadisələrin fövqündə durması cəmiyyət üçün çox önəmlidir. Jurnalistin kiməsə rəğbəti, hətta siyasi yönümü onun qərəzsiz, peşəkar fəaliyyətinə təsir etməməlidir.
Çox zaman jurnalistin peşəkarlığı, etik çərçivəyə uyğun davranışı, hadisələrə obyektiv, vicdanlı yanaşması yaranan gərginliyin səngiməsinə, insanların daha doğru infomasiya əldə etməsinə şərait yaradır. Digər tərəfdən istər, telekanallar, istərsə də internet portalları yalnız seçki donəmində deyil, hər zaman cəmiyyətin bütün təbəqələrinin mövqeyini nəzərə alaraq informasiya balansını qorumalıdırlar. Təbii ki, bu balansı qorumayan KİV-lər cəmiyyətdə gərginliyi daha da artırırlar.