Modern.az

Strasburq müşahidələri

Strasburq müşahidələri

Ölkə

4 Oktyabr 2013, 14:50

Hər səhər olduğu kimi, sübh namazından dərhal sonra hoteldən şəhərin öncədən müəyyənləşdirdiyim nöqtəsinə qaçışa başladım. Necə olsa, artıq Bakıda həsrət qaldığımız təmiz hava deyilən neməti ciyərlərimizə çəkmə fürsətini qaçırmamaq üçün hər dəfə bu vərdişi pozmamağa çalışıram.

Ənənəvi marşrutun beton qurğularla bağlı olduğunu gördüm. Bəlli oldu ki, iki günlük beynəlxalq avtoralli yarışı keçirildiyindən, şəhər kənarı geniş yol tamamilə bağlanıb. Başqa marşrut seçərək qaçışa davam etdim və beynimdə nədənsə doğma Bakımızı xatırlayaraq o fikir dolaşdı ki, heç şübhəsiz, bütün günü yollar tıxac olacaq. Artıq günortaya qədərki müşahidələrim budur ki, şəhərdə heç yerdə tıxaca rast gəlmədim. İndi nəyi düşünürəm: Bakıda bundan sonra 50 körpü və 150 keçid də salıb izafi pullar xərcləsəniz də, tıxac problemi əvvəlki kimi qalacaq. Bu, hər zaman bəhanə olaraq söylənildiyi kimi, maşının çoxluğu, adam sıxlığı ilə bağlı məsələ deyil. Sırf mədəniyyət məsələsidir.

Təbii ki, Strasburq Bakıdan qat-qat kiçik şəhərdir, ancaq buraya yağış Bakıdan çox yağır, ən güclü leysanda belə heç vaxt yeraltı maşın tunelinin içinə su dolmur, küçələrin kanalizasiya xətti olduğuna görə sular da dərhal axıb gedir. Burada ağacı səliqə ilə budayırlar, bizdə isə sadəcə baltalayırlar, qol-qanadını sındırırlar. Burada küçəni maşınlar süpürür, bizdə amansız küləyin qabağına bir süpürgəçi ordusunu düzürlər. Burada da arabir təmizlikçilərə rast gəlirsən, ancaq bizdəki kimi tanınmamaq üçün heç biri ağzına yaşmaq bağlamır, yəni peşəsindən utanan insana burada rastlaşmazsan. Burada maşın dayanacaqları istədiyin qədər, şəhərə girən kimi maşını saxlayıb velosipedlə iş yerinə gedə bilirsən. Bizdə şəhərdə kostyum-şalvarda velosiped sürənə dəli kimi baxırlar. Qadınların velosiped sürməsinə isə yad planetdən gəlmiş bir insan hərəkəti kimi baxıb heyrətlənirlər. Halbuki həm sağlamlıq, həm də şəhərdə tıxacların azalması baxımından xeyli faydalı nəqliyyatdır.

Əlbəttə, Bakı ənənəvi Şərq şəhəri kimi insanın rifahı üçün deyil, böyük bir maliyyə bazarı kimi nəzərdə tutulduğundan, burada velosiped bir yana, adamın yürüməsi üçün səki saxlanmadığını düşünürsək, bu işlərin hələ uzaq xəyal olduğu görüşündə hamımız birləşərik. Bu şəhərdə, necə deyərlər, mən - qosqoca millət vəkili ancaq tramvaydan və avtobusdan istifadə edirəm, heç bir diskomfort yaşamıram. Burada Bakıdakı kimi avtobusdan düşəndən, metrodan çıxandan sonra kostyumunu təzədən ütüləməyə ehtiyac qalmır. Məncə, ictimai nəqliyyat deyilən zad anladığım qədər şəhər mədəniyyətinin ən birinci göstəricisi sayıla bilər. Burada bütün futbol meydançalarından, idman sahələrindən pulsuz istifadə edə bilərsən.

Heç şübhəsiz, bəyənmədiyim üzücü davranışlar da var. Lisey şagirdlərinin, qadınların addımbaşı siqaret tüstülətməyini acı bir təəssüratla müşahidə edirsən. Etiraf edim ki, buradakı dilənçilər daha abırlı sayıla bilir. Zorla yaxandan yapışıb pul istəmirlər. Xeylisi də dilənçiliyin mədəni formasını seçirlər: meydanda hansısa şou göstərib öz insafına bu zəhmətlərini qiymətləndirməyini istəyirlər. Şənbə və bazar günləri mağazalar bağlı olur. Bazar günləri ərzağı əsasən türk və ya ərəb mühacirlərin işlətdiyi mağazadan ala bilərsən. Axı istirahət deyilən bir nemət biz türklərin alnına yazılmayıb. Məntiq budur ki, mağazanın sahibi bazar günü öz mağazasını ancaq özü açıb işlədə bilər, işçini işə cəlb etmək qadağandır. Çünki işçinin istirahət haqqına müdaxilə etmək olmaz. Bunu bizdə zavallı işçilərdən kimsə duymamış ola.

Vardığım nəticəni qısaca özətləyim: burada hər şeyi düşünüb, bir fincan qəhvə içib sonra edirlər. Bizdə isə nəyisə edib, sonra bir çaynik çay içir və düşünürük...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı