
Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.
Modern.az saytı “Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubikasında oxuculara milli filmlərimizdə əsas rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir.
Azərbaycan kino sənətinin bəzəyi olan “Əhməd hardadır?” filminə baxmayan çox az adam olar. Düz 50 il öncə görkəmli sənətkar Adil İsgəndərovun quruluş verdiyi “Əhməd hardadır?” filmi dəfələrlə efirdə göstərilsə də, inanmıram ki, tamaşaçı heç vaxt köhnəlməyə bu ekran əsərindən bezsin.
Filmdəki Ceyran obrazı yadınızdadır? Şirin kişinin, Nərgiz xalanın qızı, Əhmədin bacısı Ceyran, həm də şofer Əhmədin sevgilisi...
Bəli, Ceyranı oynayan aktrisa azərbaycanlı deyil. Bu, gürcü aktrisası Nona Paçuaşvilidir. Ancaq “Əhməd hardadır?” filmi Nonanın həyatında çox pis bir silinməz iz qoyur, onu dəhşətli faciə yaşadır. Bu barədə bir qədər sonra.
Nona Paçuaşvili 1943-cü il oktyabın 2-də anadan olub. Tbilisi Teatr İnstitutunu bitirən Nonanın Azərbaycan filminə çəkilməsi belə baş verib:
Rejissor Adil İsgəndərov Tbilisiyə, dostu və institut yoldaşı Dodo Aleksidzenin yanına gəlimişdi. Ona Ceyran rolu üçün aktrisa axtardığını, tələbələrə baxmaq istədiyini söyləyir. Üçüncü kurs tələbələrinin etüdlərinə baxır. Nonanı görən kimi “tapdım” deyir.
Nona Paçuaşvili bu barədə belə deyir:
“Rejissor Adil İsgəndərov Tbilisiyə gələndə mən Teatr İnstitutunun 3-cü kursunda oxuyurdum. O, Ceyran roluna qız axtarırdı. Seçimini mənim üzərimdə saxlaması özüm üçün də sirr olaraq qalır. Azərbaycanlı qızlardan fərqli olaraq sarışın saçlarım və çilli üzüm var idi.
Sonralar mənə danışırdılar ki, Adil İsgəndərov məni görən kimi sakitləşərək “onun gözləri Ceyranın gözləri kimidir. O bu rolu oynayacaq” deyib.
“Əhməd Haradadır?” filmi üçün məxsusi olaraq saçımı rənglədilər. Milli Azərbaycan paltarını geyindirdilər və əlavə olaraq rəqs etməyə öyrətdilər. Bu rejissorla çalışmaq əsl xoşbəxtlik idi. Ümumiyyətlə, bütün çəkiliş qrupu mehriban və şən idi. Fikirləşirəm ki, Adil İsgəndərovun məni seçməsində teatr aktrisası olmağım öz rolunu oynayıb. Axı o çox gözəl teatr rejissoru idi”.
Qeyd etdiyimiz kimi, “Əhməd hardadır?” filmi Nonanın çəkildiyi ilk və son film olur. Buna səbəb gürcü aktrisanın çəkilişlər zamanı aktrisanın yaşadığı faciədir.
Filmdə “Şofer Əhməd rolunu” oynamış Elxan Qasımov: “O vaxt Nona Paçuaşvili təzə ərə getmişdi. Ona demişdilər ki, filmə əlaqədar hamilə olmasın. O da söz vermişdi. Nonanın əri Tamazi Bakıya ilk çəkilişə gəldi. “İnturist”də qalırdılar. Gecə Nonanın ərini maqnitofondan “tok” vurdu. O, Gürcüstanda bir nazirin oğlu idi. Çox da yaraşıqlı oğlandı Tamazi. Çəkilişlər dayandı, yas mərasimi oldu. Çəkilişlər bərpa olunanda gördük ki, Nona hamilədir. Amma buna görə ona heç kim heç nə deyə bilmədi”.
Nona Paçuaşvili isə o faciəni belə xatırlayır: “Məni bu rola dəvət edəndə həyat yoldaşım Tamazi ilə yeni evlənmişdik. Həm zahirən, həm də daxilən çox gözəl insan idi. Mən institutun 3-cü, o isə 5-ci kursunda oxuyurdu. Filmin çəkilişləri vaxtı Tamazi məni görmək üçün Bakıya gəldi. Mehmanxanada səs valları ilə işləyən o vaxtı mikrofonun düyməsini basanda qəfildən onu elektrik cərəyanı vurdu. Yoldaşım gözümün qarşısında canını tapşırdı. Onda mən hamiləliyimin dördüncü ayını yaşayırdım. Çəkilişlərdən imtina eləmək istəyirdim, çünki çox ağlayırdım. Amma elə o vəziyyətdə də işimi davam etdirdim. Sonra oğlum dünyaya gəldi, adını elə atasının şərəfinə Tamazi qoydum”.
Nona xanımın sözlərinə görə, ərinin ölümü ona o qədər pis təsir edib ki, “Əhməd hardadır?”dan sonra bir daha kinoya çəkilməyəcəyinə söz verir və belə də olur. Amma sənətini teatrda davab etdirir.
Gürcü teatrına bir-birindən fərqli rollar bəxş edən Nona Paçuaşvili 1981-ci ildə Gürcüstan SSR-in xalq atristi adına layiq görülüb.
“Bütün ömrü boyu məşhur Rustaveli teatrının səhnəsində oynamışam. Tanınmış rejissor Robert Sturua ilə birgə çalışmışam. Biz onunla bütün dünyanı gəzmişik. Tbilsinin bir neçə kiçik teatrlarında tamaşalarda oynayıram. Bundan əlavə “Evrika” telekanalında müasir dövrün tanınmış aktroylarına həsr olunan müəllif verilişi aparırdım”-deyə 70 yaşlı aktrisa bildirib.

A.Qorxmaz