Modern.az

İlham Əsgərovdan İlham Namiq Kamala: “Bir var şit-şit söhbətlər edəsən...” - MÜSAHİBƏ

İlham Əsgərovdan İlham Namiq Kamala: “Bir var şit-şit söhbətlər edəsən...” - MÜSAHİBƏ

Ölkə

21 Oktyabr 2013, 09:54

Tanınmış aktyor və bədii qiraət ustası, xalq artisti İlham Əsgərov Modern.az saytının suallarını cavablandırıb.

– Bir müddət öncə səhhətinizdə problem yaranmışdı. İndi özünüzü necə hiss edirsiniz?

– Şükür, yaxşıyam. Teatrdan bir müddətlik icazə almışam, istirahət edirəm. Həkim deyib. Amma arada tamaşa oynayıram.

– Sizə konkret hansı diaqnoz qoyulmuşdu?

– İnsult keçirdim.

– Bu əsəblə bağlı idi?

– Əsəb də var idi, iş gərginliyi də.

– Amma iş gərginliyi hər kəsdə olur. Bəlkə başqa səbəb sizi əsəbiləşdirib.

– Yox, yox.

– Yəqin ki, Yeni ildən sonra işə çıxacaqsınız.

– İşə çıxıram. Sadəcə arabir istirahət etməyə çalışıram. Ağır işlərə, tədbirlərə razılıq vermirəm.

– Film, serial təklifləri varmı?

– Təkliflər olur. İş prinsiplərinə, ssenarilərə baxıram. Ciddi mövzu olan biri-iki filmə söz vermişəm. 37-ci ilə aid bir filmə çəkildim. Filmin şərti adı “Qanun naminə”dir. Bir-iki natura çəkilişlərimiz qalıb.

– Filmdəki rolunuzun adı nədir?

– Rolum istefada olan polkovnikdir. Mövzu 37-71-ci illərə aid xatiratlardır.

– Ağır günlərinizdə kimlər gəldi, kimlər zəng vurdu sizə?

– Tanıyan-bilən hamısı gəldi, zəng vurdu. Tanımadığım, bilmədiyim insanlardan da nəvaziş gördüm. Hələ bu günə qədər də əlaqə saxlayırlar. Moskvadan, İrandan, Türkiyədən dostlar zəng vurdular. İndi də tamaşaçılar məhəbbətlərini elə bildirirlər ki, özüm utanıram.

– Nazirlikdən gələn olmuşdu?

– Həm gəldilər, həm də kömək də olundu.

– Bildiyimə görə heç vaxt mətbuata ailəniz haqda danışmamısınız.

– Bəli, elədir. Bir qızım var. Bu il Bakı Dövlət Universitetinə qəbul olub. Amma yaxın qohumlarımla çox əlaqəliyəm, onların da problemləri ilə məşğul oluram. Özüm yadımdan çıxmışam. Bacımın, qardaşımın uşaqlarını da özümünkü sayıram.

– Toylara gedirsiniz?

– Dost, tanış sənət adamı dəvət edir, getməmək olmur. Çünki arzusu var. Bu, sənət adamının, bədii qiraətçinin işdir, yoldan keçənin işi deyil axı.

– Amma bir dəfə həmkarınız, xalq artisti İlham Namiq Kamal demişdi ki, aktyor tamada kimi toya getməz...

– Bəs məclisi kim aparmalıdır? Dəvət olunmuş yerlərdir, məcburi getmirik ki. Kimsə məni dəvət edirsə, necə rədd edə bilərəm? Gərək gedib məclisi şərəfləndirəsən. Bir var şit-şit söhbətlər edəsən, bir də var Nizamidən, Füzulidən, Nəsimidən, Aşıq Ələsgərdən, Bəxtiyar Vahabzadədən, Səməd Vurğundan misralar eşitdirəsən və eşidənlər də xoşhal ola ki, ay nə yaxşı şeir dedi. Məclisdə nə deməyindən çox şey asılıdır. Toy elin adətidir, mədəni abidəmizdir. Gərək orda xoş sözlər danışasan. Hamımızın arzusu toy görməkdir. Sənətkara sataşmağa nə var ki!? Bəs bu toya kim getsin? Milli Məclisin də aparıcısı var, ölkəmizin də. Hər işin öz aparıcısı var. Görürsən ki, bir aktyor məclisdədir, dəvət edirsən, çıxıb iki kəlmə danışmaq istəmir. Qardaş, səhnədə danışa bilmirsən, heç olmasa burda danış da.

– Bir yarızarafat sual vermək istəyirəm. Çoxlarına elə gəlir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı diktor sizsiniz. Səsiniz çox oxşayır...

– O diktoru tanıyıram. Mən deyiləm. Olsam da, fəxr edərəm. Amma bilirəm ki, səsimi xoşlayırlar. Belə sözlər eşidəndə bir az da ciddiləşirəm, məsuliyyətli oluram. Bu, bir elmdir, əyləncə deyil.

– Səsdən söz düşmüşkən, sizcə səsinizi daha çox tanıyırlar, yoxsa simanızı?

– Hər ikisini. Amma son vaxtlar hiss edirəm ki, səsimi daha çox tanıyırlar. Ellə adam var ki, deyir, o gün yaxşı bir film yazmışdın. Onda başa düşürəm ki, səsimi yaxşı tanıyırlar. Səsim daha çox “Bulaq” verilişindən tanınır.

– Maraqlıdır, yerli telekanallara baxırsınız?

– Telekanallarda imkan vermirlər sözünü deyəsən. Gedirsən çəkilişə, verilişə baxanda görürsən ki, dediyin bütün şeirləri yarımçıq veriblər. Şair yazıq qulaq asır, deyir sözlərimi niyə yarımçıq dedin? Deyirəm, mənlik deyil, orda kəsiblər. Savadsızlar işləyir orda. Bir dənə təmiz yerimiz teatrdır. Teatrı da az qalıb korlasınlar. Filmləri, telekanalları görürəm də nə vəziyyətdədir. Dərdimiz böyükdür. Ona görə də ən kasıbın da məclisinə uça-uça gedirəm. Çünki bilirəm ki, məni ürəkdən istəyirlər.

– Xeyli sayda şeirlər bilirsiniz. Yaddaşınız necədir? Bir şeiri neçə müddətə öyrənirsiniz?

– Əzbərləməyə meyl etmirəm. Elə şeir var ki, bir il ərzində öyrənə bilmirəm. Elə mövzu var ki, əbədi yadında qalır. Bəzən də bir şeiri ha can atıram əzbərləyim, alınmır. İndi soruşsan, iki şeir yadıma düşər ancaq. Hər şeirin öz deyilmə yeri var. Şeiri gərək canına hopdurasan. Hərdən istəyirəm beynim kompüter olsun, ən gözəl şeirləri yaddaşımda saxlayım.

İntiqam Valehoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı