
Prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısı əvvəlki hakimiyyət komandasının hələlik saxlanılmasını qərara alıb. Amma bu, müvəqqətidir və tezliklə, prezidentin Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı sərəncamı olacaq. Yeni kabinetdə kimlər olacaq, nazir vəzifəsinə namizədlər sırasında “köhnələr”lə yanaşı yenilər də varmı?
“Şübhəsiz ki, ölkə başçısının xalqa sədaqət andını içməsi və millətin gələcəyi ilə bağlı çox böyük proqram nitqini təqdim etməsi hər birimizdə böyük inam yaradır və cənab İlham Əliyevə səs verən 3 milyondan artıq insan sübuta yetirir ki, o, milli liderdir, təkcə bir partiyanı, bir höküməti deyil, daha geniş xalqı təmsil edir. Özü-özlüyündə bu, daha iddialı proqramların gerçəkləşdirilməsi üçün çevik komandanın formalaşmasını, yeni dövrün çağırışlarına hər kəsin uyğunlaşmasını da özündə ehtiva edir”.
Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili Zahid Oruc istefaya göndərilmiş hökumət üzvlərindən kimin komandada yenidən təmsil olunub-olunmayacağı məsələsini şərh edərkən deyib. O, qeyd edib ki, hansı nazirin istefaya göndərilməsi və ya kiminsə vəzifədə qalması üzərində fikirlərin cəmlənməsi etik olmazdı. Buna baxmayaraq ümumi konturları söykəmək mümkündür.
“Dövlət başçısının çıxışındakı siyasi mənzərə onu deməyə əsas verir ki, ölkə rəhbərinə olan böyük etibar islahatlar proqramını davam etdirəcəyinə inamlıdır. Həmçinin bu mənada həm idarəetmə sistemində, həm icra orqanlarında, o cümlədən hökumətin fəaliyyətində bir sıra məqamlara yəqin ki, yenidən baxılacaq. Ən önəmli məsələ sosial sferada, məmur-vətəndaş münasibətlərinin daha keyfiyyətli əsaslarda quruculuğu üçün addımların sürətlənməsidir. Çıxışda bununla bağlı həm məmurların fəaliyyəti, onların ədəb-ərkanı, vətəndaş qarşısında hesabatlılığı, şəffaflıqla bağlı məsələlər qoyuldu. Eyni zamanda cəmiyyətdən də dəstək istənildi. Müxtəlif neqativliklərə qarşı mübarizə həm də ictimaiyyətin köməyi ilə baş verə bilər. Əks halda, hər hansı bir problemli şəxslərə qarşı addımlar atılanda dərhal onların çevrəsində çətir qurulur, hüquq müdafiə sistemləri meydana çıxarılır, ajiotaj yaradılır, ondan anti-iqtidar təbliğatı təşkil olunur və ən son halda korrupsioner məmur müxalif sistemə, müxalif cinaha transfer edilir. Orada da sanki onun reabilitasiyası baş verir, “təmizlənmədən” sonra həmin şəxslər siyasi hərəkatçılara çevrilirlər”.
Z. Orucun sözlərinə görə, bunun baş verməməsi üçün çox böyük addımların da istənilməsi tamamilə təqdirəlayiqdir. “Mənim üçün daha önəmli olan vəzifəli şəxsin fəal şəkildə dövlət idarəetmə sisteminin çalışması, hökumətin hər bir sıra nəfərinin cənab prezident tərəfindən qoyulmuş vəzifələri və göstərilmiş etibarı sona qədər dərk etməsi və həyata keçirməsidir. İndi nazirlərin bütün bölgələrdə insanlarla görüşləri baş verir, bunun daimi iş rejiminə çevrilməsi vacibdir. Bu, insanların böyük məsafələri qət edib, dövlət binalarının qarşısında vaxtlarını, aylarını itirməsinin qarşısının alınması deməkdir. Bu, İlham Əliyevin xarakterinə, daşıdığı ən yüksək ali keyfiyyətlərə, liderlik bacarığına adekvat komandanı, hökumət strukturlarını qurmağa və ölkənin daha da güclənməsinə, qüdrətlənməsinə kömək göstərəcək. Bu mənada təyinatı alacaq hər bir şəxsin üzərinə böyük məsuliyyət düşdüyünü də xüsusi vurğulamağa dəyər”.
Aytən ƏLİYEVA